Gəncə Dövlət Universiteti tərəfindən keçirilən müəmmalı tenderi: Tenderin qalibi olan şirkət eyni tarixdə, eyni ünvanda, eyni şəxs tərəfindən yaradılıb

15:49 30-06-2021 477

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Qalata-S” MMC şirkəti Gəncə Dövlət Universitetinin keçirdiyi və ümumi dəyəri  19 min 738 manat olan tender müsabiqəsinin (jurnal və bilet satacaq)qalibi olub.

Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Qalata-S” MMC 5 gün əvvəl Gəncə Dövlət Universitetinin keçirdiyi 53,6 min manatlıq tender müsabiqəsinin (mətbəə malları satacaq) də qalibi olub.

“Qalata-S” MMC son illər davamlı olaraq Gəncə Dövlət Universitetinin tenderlərində qalib olur.
Açıq internet resurslarda “Qalata-S” MMC barəsində heç bir məlumata rast gəlmək mümkün deyil.
Onu da qeyd edək ki, “Qalata-S” MMC ilə birgə Gəncə Dövlət Universitetinin tenderlərində  “Dünya-S” MMC adlı şirkət də qalib gəlir.

Adlarında bənzərlik (hər ikisinin sonuna “S” hərfi yazılıb) olan “Dünya-S” və “Qalata-S”  şirkətləri eyni tarixdə (22.01.2018), eyni ünvanda (Gəncə şəhəri, Ağa Sultanov, ev 99), eyni şəxs tərəfindən (Nəcəfov Şahəddin Qurban oğlu) yaradılıb və  eyni nizamnamə kapitalına (10 manat) malikdilər.  

Qeyd edək ki,  Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovdur.