Respublika Uşaq Sanatoriyası təcrübəsiz şirkətləri tenderin qalibi seçir?

15:51 30-06-2021 423

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Rasim İmanov küçəsi 37 ünvanında fəaliyyət göstərən Respublika Uşaq Sanatoriyasının tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Krıpton LTD” MMC olub. Tender müsabiqəsinin şərtlərinə əsasən “Krıpton LTD” MMC Respublika Uşaq Sanatoriyasına 74 min 159 manat 25 qəpik dəyərində 16 min 665 ton texniki su satacaq. Rəqəmlərdən də göründüyü kimi 1 kub metr texniki su üçün 4 manat 27 qəpik (1 ton su = 1,0416 kub metr) ödəniləcək.

Qeyd edək ki, bu qiymət “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (1 kub metr/0,70 manat) müqayisədə dəfələrlə çoxdur. Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Krıpton LTD” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur.

Rəsmi məlumatlarda “Krıpton LTD” MMC-nin tender müsabiqəsindən (elan 09.04.2021-ci ildə açıqlanıb) cəmi 2 ay əvvəl - 04.02.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə 10 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə, ev 80, m.16-da yerləşən şirkətin qanuni təmsilçisi Eyvazov Rəhman Abdulla oğludur.

Maraqlı məqamlardan biri odur ki, Respublika Uşaq Sanatoriyasının keçirdiyi tenderlərdə əksər hallarda yeni yaranan şirkətlər qalib gəlir.

Məsələn,  03.04.2021-ci il tarixində elan etdiyi 139,5 min manatlıq tender müsabiqəsinin (Dəftərxana və təsərrüfat malları) qalibi  07.01.2021-ci il tarixində dövlət qeydiyatına alınan “Clasline Co” MMC olub.

26.01.2021-ci il tarixində elan etdiyi 75 min manatlıq tender müsabiqəsinin (Texniki suyun alınması) qalibi 23.11.2020-ci il tarixində dövlət qeydiyatına alınan “Paradoks LTD” MMC olub.

26.01.2021-ci il tarixində elan etdiyi 140 min manatlıq tender müsabiqəsinin (Dəftərxana və təsərrüfat malları) qalibi 14.01.2021-ci il tarixində dövlət qeydiyatına alınan “Lig Star” MMC olub.

31.01.2020-ci il tarixində elan etdiyi 140 min manatlıq tender müsabiqəsinin (Dəftərxana və təsərrüfat malları) qalibi 13.01.2020-ci il tarixində dövlət qeydiyatına alınan “Deniz 093” MMC olub.

01.02.2020-ci il tarixində elan etdiyi 178,2 min manatlıq tender müsabiqəsinin (Suyun alınması) qalibi 07.01.2020-ci il tarixində dövlət qeydiyatına alınan “Dilək-1” MMC olub.

Onu da qeyd edək ki, nizamanamə kapitalları cəmi 5-10 manat olan bu MMC-lər barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. Açıqlanan məlumatlardan da göründüyü kimi, Respublika Uşaq Sanatoriyası son bir ildə 3 fərqli şirkətdən su, 3 fərqli şirkətdən isə dəftərxana və təsərrüfat malları alıb.

Adları qeyd olunan şirkətlərin daha sonra hansı tenderlərdə iştirak etdiyi, yaxud da hansısa fəaliyyətinin olduğu barədə məlumat yoxdur. Belə görünür ki, bu şirkətlərin qeydiyyata alınmasında əsas məqsəd  Respublika Uşaq Sanatoriyasının tender müsabiqəsində yalnız bir dəfə iştirak etmək və qalib gəlmək olub.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi bir-iki ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.


Mənbə Yeniavaz.com