Bərdədə qəddar idarəçilik: Bir icra başçısı əsgərlərin, bağçaların ərzağını yeyirsə...- İTTİHAM

18:20 30-06-2021 360

Bərdə qədim Azərbaycan paytaxtıdır. Şəhər indi elə bir fironun əlində inildəyir ki, onun hökmdarlığı qətiyyən Bərdəyə yaraşmır. Ziyalılar, siyasi xadimlər, fədakar insanlar, vətən üçün canından keçən şəhid oğullar yetişdirmiş Bərdə indi bir tiranın, əzazil, qəddar adamın əlində qalıb. 

Ölkənin heç bir əyalətində bu cür sosial zülm, ətalət, məmur cinayətləri həddini, qırmızı xətləri aşmır. Əlbəttə, qudurğan məmurlar, vətəndaşın haqqını tapdalayan icra başçıları az deyil, onların çoxu ya dəyişib, ya həbsə göndərilib, cəzalanıblar. Amma Bərdənin padşahı Vidadi İsayev onların hamısından betərdir, hamısından daha zülmkardır. 

Onun etmədiyi hörmətsizlik, dağıdıcılıq, korrupsionerlik qalmayıb - şəhid ailəsini qapısından qovub, şəhid xanımının evinə polis göndərib hədə-qorxu gəlib, şəhid dəfnində etdiyi laqeydliyi, sayğısızlığına görə az qala boğasını üzsünlər, başqa bir şəhidin dəfninə gecikib və bütün el-obanı gözlətdirib, onlarla məcburi köçkünün, xəstəsi, ehtiyacı olan aztəminatlı ailələri əliboş qaytarıb, bu azmış kimi, təhqir edib, qaba danışıb, di gəl, Vidadi İsayev Bərdənin icra başçısı postunda hansısa güclərin himayəsi hesabına saxlanmaqdadır. 

Onun adı hallanan mənimsəmə ittihamlarına görə çoxdan qolları qandallanmalıydı. V.İsayev gah əsgər yardımını, gah bağçalara ayrılan ərzaqları qarət edib. Bir icra başçısı uşağın da, əsgərin də haqqını dədə malı kimi yeyirsə, onun dövlət qulluğunda olmağa mənəvi haqqı çatmır.

V.İsayev Bərdədə hörmətini, nüfuzunu o dərəcədə itirib ki, artıq ona ağız açan, müraciət edən sakinlər yoxdur. Onsuz da bilirlər ki, biveclik göstərəcək, problemi olan vətəndaşa yardım göstərməyəcək. Odur ki, əlini tam üzən Bərdə camaatı öz başını dolandırır, hüquqları pozulanlar isə Bakıya – Prezidentə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə yazırlar.

Elə sonunc hadisə - Bərdə bağçalarının ərzaqlarının icra başçısı tərəfindən mənimsənilməsi də əsas verir ki, hüquq-mühafizə orqanları bu məsələni araşdırsınlar. Çünki ortalıqda korrupsiya şübhəsi və ittihamı var. 

Son il yarımda rayondakı tədris müəssisələri və bağçalar aktiv fəaliyyət göstərməsələr də, Bərdədə böyük miqdarda vəsait silinib. Həmin ayrılan yardımların, ərzaqların V.İsayevə yaxın şəbəkənin əli ilə ayrı-ayrı ticarət subyektlərinə satıldığı iddiaları səslənir. 

Rayonda fəaliyyət göstərən 33 bağçadan 24-nün icra hakimiyyətinin hesabına təmir edildiyi deyilir. Amma bu rəqəmlər şişirdilib, vəsaitlər maxinasiyanın qurbanı olub.

Vidadi İsayevin Bərdədə vəhşi idarəçiliyinin bir nümunəsi vətəndaşın əmlakının ələ keçirilməsində özünü göstərir. Bir müddət əvvəl rayon sakini Elşən Mənsimli bildirmişdi ki, Gərənə kəndində yerləşən və atası Nəbi Abdullayevə məxsus “Kəpəz” kooperativinin mülkiyyətində olan 2 hektar torpaq və onun üzərində yerləşən kərpic zavodu, çörək sexi, anbar, 225 kvadratmetr mağaza, hasar və darvazanı uçurub, söküntü materiallarını da aparıblar. Həmin obyektlər “Tovuz hadisələri” zamanı sökülüb. 

Əvvəlcə içindəki obyektləri söküblər, sonda hasarı söküb aparıblar. Vidadi İsayev 2013-cü ildə onların məlumatı olmadan saxta yolla torpağı öz yaxın qohumu Eldarın adına özəlləşdirib. Onun qəbulunda olanda deyib ki, “düz eləmişəm, özəlləşdirmişəm”.

Ümumiyyətlə, icra başçısı Bərdəni orta əsr qaydaları ilə idarə edir. Nədənsə, prezidentə də bu məsələlər olduğu kimi məruzə olunmur.

Vidadi İsayev hətta piyadalar üçün nəzərdə tutulmuş səkiləri də “hərrac”a çıxarıb. Rayonda boş yer demək olar ki, qalmayıb. Yol kənarları, səkilər hamısı satılıb və bu satılmaqda davam edir. Vidadi İsayev 2011-ci ildən Bərdənin icra başçısıdır. 

Düz 10 ildir ki, Bərdəni talayır. Bir icra başçısı Vətən müharibəsindən korporativ maraqları üçün istifadə edirsə, əsgərlərə və ermənilərin atdığı raketlər nəticəsində evləri dağılmış sıravi vətəndaşlara ayrılan ərzaqları mənimsəyirsə, ona daha bir hədiyyə - həbsxana ola bilər. 

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov korrupsioner olsa belə, ən azından görüntü naminə şəhid valideynlərinin əlini öpürdü, “Can Laçın” şeirini deyirdi və bununla özü haqda müsbət imic formalaşdırmağa çalışırdı. Hərçənd rüşvətxorun ağına da, qarasına da lənət...

Ancaq Bərdənin “Alimpaşası” olan icra başçısı Vidadi İsayev görüntü və reytinq xatirinə heç yuxarıda sadalanan jestləri belə etməyib, əksinə, mətbuatda yayılan şikayətlərdən məlum olub ki, o, şəhid ailələrinə qarşı qaba, laqeyd münasibəti ilə seçilib.

Sadəcə, “qara maskalı”ların bir təftişi bəs edər ki, Vidadi İsayevin yol verdiyi özbaşınalıqların Alimpaşa Məmmədovdan da betər olduğu üzə çıxsın. 

Əgər Şəmkirin həbs edilən sabiq rəhbəri oğluna 3 milyonluq firmanı 40 manata satıbsa, V.İsayevin oğlu üçün nələr etdiyini Bərdəyə səfər etməklə görmək olar. 

Çox maraqlıdır ki, bu bölgədə əksər icra başçıları həbs olunublar - Yevlaxdan Qoca Səmədov, Ağstafadan Nizaməddin Quliyev, Gəncədən Elmar Vəliyev güllələnib, yeri gəlmişkən, Səmədovla Vəliyev V.İsayevlə qohumluq, yaxın əlaqələri var idi, o cümlədən həmin zonadan Şəmkirin aktyorluqda geri qalmayan başçısı Alimpaşa Məmmədov da tutuldu, ancaq Bərdə ilə bağlı susqunluq müşahidə olunur.

Adı çəkilən qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

Mənbə Anaxeber.info