Əmlak Məsələləri Dövlət Xidməti hərrac keçirib, nəticəni gizlədib – Füzulidəki yataqlar kimlərə verilib?

19:11 30-06-2021 396

Əmlak Məsələləri Dövlət Xidməti Füzuli və Goranboy rayonları ərazisində yerləşən qum-çınqıl yataqlarının istismara verilməsi ilə bağlı hərraca yekun vurub.

“AzPolitika.info” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Füzuli rayonu ərazisində yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə hərraca çıxarılıb və 25 ilə qədər müddətə istismara verilib. İstifadəyə verilən yataqların ümumi sahəsi 55 hektar, buradakı qım-çınqıl ehtiyatlarının həcmi isə 2 milyon kubmetrə yaxındır.

Fed.az-ın məlumatına görə, hərracda iki şirkət qalib gəlsə də, onların adları ictimaiyyətə açıqlanmayıb. Halbuki, bundan əvvəlki hərracda qalibin adı açıqlanmış və yatağı istismar edən şirkət ictimaiyyətə elan edilmişdi.

Bir müddət əvvəl tətbiq edilən yeni qaydalara əsasən, yataqların istifadəyə verilməsi ilə bağlı hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi həyata keçirir.

Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 12 və 22 iyulda keçiriləcək. 12 iyul tarixində keçiriləcək hərraca Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağı, 22 iyul tarixində keçiriləcək hərraca isə Qusar rayonunda yerləşən “Qənərçay” qum-çınqıl yatağı və Siyəzən rayonunda yerləşən “Dərəzarat” əhəngdaşı yatağı çıxarılacaq. Hərraclarda iştirak etmək üçün iddiaçılar elanlarda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında beh ödəməlidirlər. Hərraclarda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər.

Lakin yuxarıda qeyd etdiyimiz Füzulidəki yataqlarla bağlı məlumatların açıqlanmaması, yəni qalib şirkətlərin gizlin saxlanması müxtəlif suallara və şübhələrə yol açır. Və bir daha Azərbaycanda hərraclar, tenderlər, dövlət satınalmaları kimi sahələrdə hələ də şəffaflığın, obyektivliyin, rəqabətin təmin olunmadığına, “köhnə qaydalar”ın qüvvədə qaldığına işarə edir.