Dövlət baba öz işini görürmüş

20:35 30-06-2021 396

Azərbaycanda güclü hakimiyyət qurulub, dövlət müstəqilliyinin təməl prinsipləri daha da möhkəmlənib, ordu quruculuğu sahəsində heç kəsin gözləmədiyi addımlar atılıb.

Sən demə, tənqidlər klassik və primitiv hədəflərə işləyirmiş - Ay nə bilim, ordu yoxdur, Qarabağdan bircə qarış torpaq azad etmək olmayacaq, Azərbaycan düzgün xarici siyasət aparmır və s. Dövlət isə öz işini görürmüş...

Bütün bunları anladıq, ancaq daha ciddi bir təhlükə ilə üz-üzəyik.

Kütləyə sahib çıxmalıyıq, “küt” sözündən olan heç bir nəsnə pərakəndiliyi sevmir. Gec-tez zorla kəsir, doğrayır.

Elə müxalifətin də ən böyük səhvi onda idi ki, Azərbaycan hakimiyyətini 28 ildir ciddiyə almırdı. Hər payızda hakimiyyətin gedəcəyi ilə bağlı qəribə ümidlər dombalırdı. 2020-ci ilin 27 sentyabrından sonra isə fərqli mənzərə, dəhşətli iradə ilə rastlaşdılar – bu dəfə qarşılarında monolit hakimiyyətin müharibədən və düşmənlə ağır döyüş-dən çıxmış cüssəsini gördülər.

Sosial şəbəkələrdə. Jan Klod Van Dammın oynadığı  mahnı var İlqar Dəniz adlı bir gənc oğlan oxuyur.

Mahnının Yutubda 2 milyon 800 minə yaxın baxışı var. Bu tip mahnılar bütün Bakını işğal edib, kütlə əsarət altındadır.

Anladıq, kütlənin zövqü korlanıb!

Van Dammın bu mahnıya oynaması biabırçılıq deyil, adam nə oynadığını bilmir, sadəcə ritmə oynayır. Məgər biz illərdir ingilisin, amerikanın, rusun sözlərini anlamadığımız mahnılarına oynamadıqmı?

Yeni bir video yayılıb. Suada nişanlısına (Van Daamın oğluna) Türkiyə türkçəsində danışmağı öyrədir. Bəs Azərbaycan dili? Hələ Van Dammın oğlunun “Qarabağ Azərbaycandır” deyə yazıb şəkil çəkdirdiyi bir varağın həsrətini necə çəkirdik, onu demirəm. Bu vaxta qədərki fəaliyyətiniz Van Dammın oğlunun əlindəki varağa da dəymədi?

Onsuz da universitetlərdə, ailələrdə uşaqlar, qadınlar bərbad günə düşüb, Türkiyə seriallarının təsiri altındadır hamı, hər kəs bu dildə danışır. Serialların gülünc və daş kuklalarına dönmüşük: vilkanı xırtdəyə kimi boğaza soxub tikəni uduruq, artıq evdə ayaqqabı ilə gəzirik, cavan qızlar şirkəti olan oğlanların axtarışındadır. Başqasını sevirsənsə, hər kəsə xəyanət etməyin bütün mümkün və bəraətverici yollarını məhz bu seriallardan əxz elədik. Əhsən!

Rus dilində danışmaq olub elitarlıq, müasirlik... Danışa bilməyənləri isə qoduq yerinə də qoyan yoxdur. Bura hansı ölkədir, a kişi! İt oğlunun qəbuluna girib “salam” verirsən, sənə “zdrastuvuye” deyir. Yüz dəfə də Azərbaycan dilində salamlaşıb onu bu dildə danışmağa vadar etsən, yenə də mümkün olmayacaq. Vay o günə ki, sən rus dilini bilməyəsən.

Anladıq, kütlənin dili korlanıb!

Narkomaniya, türk seriallarından gələn və Azərbaycan ailələrinin bütün əxlaqi dəyərlərini darmadağın edən mənfi təmayül... Dəhşətə bax, kütlənin bir qismi övladını rus bölməsinə oxumağa göndərir, bir qismi də Türkiyə türkçəsində danışır. Hansısa kəndin dızmadurux kəndindən gəlib Bakıda ali təhsil alan gənclərin danışığına qulaq verin, dinləyin, beş kəlmədən dördü belədir: Of ya, aşkım, neredesin, gəl dana...”.

Anladıq, kütlənin əxlaqı korlanıb!

İnanıram ki, Brus Li bizim ölkədə yaşasaydı, indi idman federasiyalarından birinin rəhbəri olmaqla yanaşı, biznesi də olardı, 5-10 aptekə sahiblənərdi, bina tikərdi, Nərimanov rayonundan deputat da seçilə bilərdi.

Musa peyğəmbər sağ olsaydı, bəlkə də indi YAP-ın icra katibinin müavini vəzifəsində işləyərdi.

Hələ İsa peyğəmbərin bu ölkədə Səhiyyə naziri ola biləcəyi perspektivindən danışmıram. Çətindir və vallah belədir...

Hələ də qanmaq istəmirik ki, Mirzə Cəlilin təsvir elədiyi bataqlıqdan da daha dərində çabalayırıq, biz qaçsaq da Mirzə Cəlilə çata bilmirik, yüz il qabaqdadır bizdən! Dilinizə, dinimizə, tariximizə sahib çıxaq, qoruyaq!

Cənablar, kütləyə sahib çıxın!

Təhlükəni siyasilərdən yox, ordan gözləmək lazımdır...

Sözügedən və çoxunuzun da eşitdiyiniz o, mahnının sözlərindən isə iki bənd paylaşıram. Ki, o boyda Van Dammı nəyə oynatdığımızı da anlayaq.

Rusun fitinə, amerikanın cazına oynayan xalq görün Van Damma nəyi oynadır...

Məni QAİ saxlayıb dünən,

Dedi naruşenni etmisən.

Naxadi cavab verdim mən:

Həyat özü naruşenniyadı,

Bu nə dvijeniyadı!?

Qabağa veribdir vətənim,

Paqonlar kəsiliblər qənim.

Çəkmək adətimdir mənim,

Bomba nastreniyadır,

Bu nə dvijeniyadır?

 Samir Feyruzov