"Xalqın qüsurlarını bağışladıqda peşman olma, onlara cəza verdikdə sevinmə"

20:42 30-06-2021 468

1364 il bundan qabaq xalq tərəfindən yekdilliklə ölkə başçısı seçilən həz.Əli bu vəzifənin nə qədər çətin və məsul iş olduğu barədə buyurub: "Bizim işimiz həqiqətən də çətindir, çətinləşdirilmişdir. Çox sərtdir, sərtləşdirilmişdir. Gizlənmişdir, pərdə arxasına alınmışdır. Ona Allaha yaxın mələk, yaxud göndərilmiş peyğəmbər, yaxud da nöqsan sifətlərdən münəzzəh olan  Allah tərəfindən qəlbi imanla sınanmış mömin şəxslər dözə bilər... Məni  itirməmiş soruşun. Çünki and olsun Allaha Quranda elə bir ayə yoxdur ki, nə üçün və kimin haqqında  nazil olduğunu, harada - düzənlikdə; ya dağda nazil olduğunu bilməyim. Həqiqətən də Rəbbin mənə anlayan bir ağıl, danışan bir dil ehsan edib".

 Hesab edirəm ki, hazırda ölkədə rüşvət, korrupsiya, proteksionizm və digər neqativlərə qarşı  aparılan mübarizədə həz.Əli üsul-idarəsindən də bəhrələnmək olar. Bu idarəetmə metodları xəlifə Əli dövründə olduğu kimi, bu gün də aktualdır. Həmin səbəbdən Həzrətin valilərə (yerli icra başçılarına) göndərdiyi məktubların bəzilərini oxuculara təqdim edirik.

"Ey Malik, Səni elə yerə göndərirəm ki, səndən əvvəl oraya ədalətlə hökm edən, zülmlə hökm sürən bir çoxları gəlib-getmişlər. Sən özündən  əvvəlki buyruq sahiblərinin etdiklərini necə görürsənsə, xalq da sənin tutduğun işləri sənin kimi görəcək. Sən onlar haqqında nə deyirsənsə, xalq da sənin haqqında o sözləri deyəcək. Xalqla mərhəmətlə rəftar etməyi özünə adət et. Onlar üçün yemək istəmələrini qənimət bilən yırtıcı heyvan olma. Onların ayağı sürüşə bilər, xəta edərlər; bilərəkdən, ya da səhvən əllərindən bəzi şeylər çıxa bilər. Öz əməllərini Allahın  bağışlamasını necə istəyirsənsə, sən də onları bağışla. Çünki sənin mövqeyin onlardan, səni bu işə təyin edənin mövqeyi səndən, Allah isə valini təyin edəndən üstündür.

Xalqın qüsurlarını bağışladıqda peşman olma, onlara cəza verdikdə sevinmə. Səni yoldan çıxara bilən qəzəbə qapılıb, cəza verdikdə sevinmə. Səni yoldan çıxara bilən qəzəbə qapılıb, cəza verməyə tələsmə. Mən onlara buyuruq verənəm, gərək əmrimə qulaq assınlar demə. Çünki bu, könülə məğrurluq verər, dini zəiflədər, neməti pozar. İnsanların eyiblərini görüb izləyən, onları açıb söyləyənlər sənə uzaq adamlar olsun. Onları özünə yaxınlaşdırma. Çünki insanlarda eyib ola bilər, vali isə bunları gizlətməyə ən çox haqqı olan adamdır.  Xalqa qarşı duyduğun kindən əl çək, hər günaha görə cəza verməyə çalışma. Xəsis adamla məşvərət etmə, səni üstünlükdən məhrum edər, ehsandan çəkindirər, sənə yoxsulluğu göstərər.  Qorxaqla danışma, işlərində zəifliyə salar, edəcəyin işdən səni çəkindirər. Həris adamla da danışma, zülmlə mal-dövlət yığmağı sənə gözəl şey kimi göstərər.

Vəzirlərin ən pisi səndən əvvəl adamlara vəzirlik edənlər, günahda onlarla ortaq olanlardır. Sonra, acı da olsa, sənə gerçəyi söyləyən, sənə az müsaidə edən adamları seç. Onların sözləri səni həqiqətə aparar, haqsızlıqdan saxlar. Heç vaxt yaxşılıq edənlərlə yamanlıq edəni eyni gözlə görmə. Çünki onları eyni tutmaq, yaxşılıq edəni yaxşılıqdan əl çəkməyə vadar edər; yamanlıq edəni isə pisliyə alışdırır. Bu ümmətin qabaqcıl adamlarının tutduğu yolu, xalqın alışdığı, bir-birilə yola getdiyi, işlərini sahmana saldığı şeyləri əksiltmə. Köhnə yolu-rizi salanlar əcrə, savaba nail olmuşlarsa, onu buraxıb xalqa zərər verən yeni adətlər, yeni yollar salmağa çalışma. İdarən altındakı şəhərlərin nizama düşməsi, xalqın tərəqqiyə çatması üçün daim alimlərlə görüş, ağıllı adamlarla məsləhətləşib hərəkət et.

Bil ki, xalq siniflərə ayrılıb. Siniflərin bir qismi digərinin nizama düşməsilə düzələr. Siniflərin hamısı bir-birindən asılıdır. Valilərin gözlərinə işıq verən ən üstünü - şəhərlərdə ədalətli bərpa etmək, xalq arasında sevginin üzə çıxmasına səbəb olmaqdır. Valilərin  tapşırıqlarının həqiqiliyi ondan bilinər ki, onların xidmət müddətinin sona çatmasını istəməsinlər, idarəsi onlara ağır gəlməsin, tez çıxıb getməsini arzu etməsinlər.

Sonra hər kəsin sınanmış, bilinmiş dərəcəsini tanı, birinin çəkdiyi zəhməti başqasının adına çıxma, onun yerinə başqasını öymə. Hər kəsə nöqsansız olaraq öz haqqını ver. Birisi böyük olsa da, tutduğu kiçik işi böyük görmə. Kiçik adamın tutduğu iş böyükdürsə, o işi kiçik hesab etmə. Xalqa hökm edə bilənləri idarən altında olan ən üstün adamlardan seç. Vergi və zəkat məmurlarına diqqət yetir. Onları sınayandan sonra təyin et. Onları şəxsi münasibətlərə və təsadüfə görə təyin etmə. Onları təmiz ailələrdən, iman sahiblərindən, təcrübə və həya sahibi olan adamlardan seç. Çünki onlar əxlaqca ən üstün, namusca ən doğru, ən qərəzsiz, ən tamahsız adamlardır. Sonra onlara bol ruzi ver. Çünki bununla onlar nəfslərinə qalib gəlməyə qüvvə tapar, insanların mallarına tamahsılanmazlar. Sonra onların işlərini təftiş et...

Vergi işini də araşdır, məmurlarının vəziyyətini səhmana sal. Çünki vergi işinin və vergi məmurlarının nizama düşməsi, başqalarının nizama düşməsini təmin edir. Şəraitdən asılı  olaraq vergi dərəcəsini azaltmaq da olar. Bu sənə çətin olmamalıdır. Bu güzəştlə xalq rifaha qovuşar, ölkə abad olar. Bil ki, bir yerin viran olması oradakı xalqın yoxsul düşməsindən irəli gələr. Bunun səbəbi isə oradakı valilərin özlərinə mal-dövlət yığması, valilikdə qalacaqlarından əmin olmaması, ibrət alınacağı şeylərdən az ibrət almasıdır.

Vaxtının bir hissəsini ehtiyac sahiblərinə həsr et, onlarla görüş, kömək et. Eşitmişəm ki, Peyğəmbər(ə) buyurub: "Bir yerdə ki, zəif qorxub-çəkinərək, dili dolaşa-dolaşa bir söz söyləməyə çalışa, amma qüvvətlidən öz haqqını ala bilməyə, o xalq nə təmizə çıxar, nə də xoşbəxt olar". Onların sərt danışığına, ağır sözlərinə döz. Onlarla görüşməkdən darıxma, çəkinmə, utanma. Ehsan etdiyin zaman minnət yükü qoyma ki, verdiyin şey vermədiyin vaxt isə xoş sözlərlə üzrlər gətirir ki, alana xoş gəlsin heç olmasa, almayan sevinsin.

Allah xatirinə, dinini xalisləşdirən vaciblərə diqqət yetir. Xalqa namaz qıldırdığın zaman namazı uzadıb onları bezidrmə. Namazı tez qıldır, fəqət ərkanını da pozma, çünki camaatın arasında xəstəsi, işi-gücü olanı var. Allahın Rəsulu məni Yəmənə vali göndərəndə soruşdum ki, namazı necə qıldırım? Buyurdu: "Onlardan ən zəifi necə qılırsa o cür qıldır". Bunlardan sonra deyirəm: "Buyruğun altında olanları gözündən kənara qoyma. Valilərin bəzi adamları da ola bilər ki, onlar öz bildikləri kimi hərəkət edərlər, zülm edərlər, insafları azdır, xalqla rəftarda ədaləti gözləməzlər. Yaxın adamlarına, yanında qulluq edənlərə torpaq vermə ki, bəzi yerləri, bəzi torpaqları əldə etmək tamahına düşməsinlər. Əks halda, o yerdəki kəndə zərər dəyər.

Nahaq qan tökməkdən çəkin, çünki əzaba səbəb olmaqda, günah baxımından böyük sayılmaqda, neməti zavala uğradıb dövləti itirməkdə ikinci bir şey yoxdur ki, nahaq qan tökməklə müqayisə edilə bilsin. Özünü bəyənməkdən, səni təkəbbürə sövq edən şeylərə uyub güvənməkdən, tərifə meyl etməkdən çəkin. Etdiyini şişirtməkdən də çəkin. Vəd verdikdə vədindən dönmə. Başa qaxmaq ehsanı yox edər. Qəzəbini boğ, özünü ələ al. Əlini, dilini saxla...".

Həz.Əli Peyğəmbər (ə)-nin hörmətini qazanan Cərudun oğlu Minziri vali təyin etdikdən bir müddət sonra ona yazdı: "Atanın təmizliyi məni aldatdı. Elə düşündüm ki, sən də onun yolunu tutacaqsan. Lakin sən verdiyin sözə əməl etmədin, nəfsinə boyun əydin, qohum-qardaşına ehsan edirsən. Sənin haqqında mənə deyilənlər doğrudursa, öz dəvən və ayaqqablarının bağı səndən xeyirlidir. Sənin kimi adamın xəyanətindən də arxayınlaşmaq olmaz. İnşəallah, bu məktubu alan kimi yanıma gəl..."

Həz.Əlinin bizim rüşvətxor məmurlara bənzər bir məmura ünvanladığı məktubdan: "... Sonra səndən bir para sözlər eşitmişəm. Əgər o işləri tutubsansa, Rəbbini qəzəbləndirmiş, rəhbərinə üsyan etmiş, əmanətini əldən vermisən. Mənə xəbər verdilər ki, Yer üzünün dərisini soymusan. Ayağın dəyən yerlərdə nə tapsan, götürmüsən. Əlinə keçəni yemisən. Yubanmadan mənə haqq-hesab ver və bil ki, Allahın hesabı insanların hesabından daha böyükdür..."

 

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru