"Kənddən şəhərə" devzi altında möhtəkirlik

20:44 30-06-2021 612

Müstəqil laboratoriyaların olmadığı şəraitdə qida təhlükəsizliyinə nail olmaq mümkün deyil

 Kənd Təsərrüfatı Nazirliyi ötən həftə "Kənddən şəhərə" devzi altında kənd təsərrüfatı məhsullarının yarmarkasını keçirdi. Belə tədbirlər əvvəlki illərdə də keçirilirdi və builki aqrar məhsullar yarmarkası, yalnız devzi ilə digərlərindən fərqlənirdi desək, yanılmarıq. Mediaya verilən məlumata görə, yarmarkalarda altmış çeşiddə məhsulla, yüzə yaxın fermer iştirak edib. Yarmarkalar Bakının müxtəlif rayonlarını və Abşeron inzibati rayonunu əhatə edib. İnformasiyada bildirilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yarmarkalarda alıcılarda şübhə doğuran məhsulları ödənişsiz olaraq laborator müayinədən keçirmək üçün səyyar laboratoriyalar da təşkil edib. Bu ilk addım olaraq önəmli və təqdirəlayiq haldır, lakin bu barədə aşağıda ayrıca söhbət açacağıq.

Qeyd etdiyimiz kimi, bu il təşkil edilən yarmarkalarda yeni gördüyümüz, yalnız iri həriflərlə yazılan şüarlar və AQTA-nın təşkil etdiyi laboratoriyalar oldu. Yenə əvvəlki qayda ilə Bakının bazarlarından cəlb edilən kənd təsərrüfatı məhsullarının alveri ilə məşğul olan alverçilər bazarda satdıqları məhsulun içindən seçdikləri bir qədər zəif məhsulları nisbətən ucuz qiymətə yarmarkalarda satışa çıxarmışdılar. 8-ci kilometir bazarından cəlb edilən və adının açıqlanmasını istəməyən bir kənd təsərrüfatı məhsulları alverçisi bizimlə söhbəti zamanı bildirdi ki, əslində burada alver etmək ona sərf eləmir, amma sezonda belə yerlərdə alver etmək, ona bazarda yerini möhkəmlənməsi üçün lazımdı: "Müdriyyətin xahişini yerinə yetirəndə istər-istəməz o da, özünü mənə borclu sayır, iri-xırda söhbət olanda məni bazardan qovmur, qovsa kim nə deyəndi ki, ona. Belə də ki, bura gətirdiyim mal, onsuz da bazarda burdakı qiymətə satılmır, bu da mənim uduşumdu".

Nizami rayonunda təşkil edilən yarmarkada gördüyüm alverçilərin böyük əksəriyyətinin sifəti tanış gəlirdi, çünki onlar 8-ci kilometr bazarının daimi alverçiləri idilər.

Bu da o deməkdir ki, hökumət fermerlərin bazarlara çıxışının məhdud olmasından xəbərdardır, lakin onların bazara çıxışına mane olan problemləri aradan qaldırmaqdansa, həmin problemlərin aradan qaldırıldığı görüntüsünü yaratmaqla məşğuldur. Belə ki, kənd təsərrüfatı yarmarkaları təşkil edərək bazarlardan keyfiyyətsiz məhsulları bu yarmarkalara cəlb etməklə, guya fermerlərin birbaşa özlərinin bazara çıxışının yaradılması görüntüsünü yaradır. Halbuki kənd təsərrüfatı məhsullarının fermerlər tərəfindən bazara çıxması problemi qalmaqda davam edir. Bu sahə də monopoliya altındadır, fermer məhsulunu bazara çıxarmaq arzusuna düşdükdə isə mütləq ziyana düşür. Çünki bazarlarda yerləri pulla satın alan alverçilər fermerlərin bazara sərbəst girişinə mane olurlar. Biz iddia etmirik ki, bazarlarda alverçilər olmamalıdır, əlbəttə, olmalıdır, amma məhsulunu özü satmaq istəyən fermerə də şərait yaradılmalıdlır ki, əldə etdiyi məhsulu bostan qırağında su qiymətinə alverçilərə satmaq məcburiyyətində qalmasın. Bunu isə hələki reallaşdıra bilmirik. Çünki dövlət nədənsə, alverçilərdən zəif durumda görünür. Bu səbəbdən də kənd təsərrüfatı məhsulları mövsümündə kəndlərdə məhsul alverçilərə su qiymətinə, şəhərlərdə isə alverçilər vətəndaşlara od qiymətinə təqdim edirlər. Vətəndaş fermer təmasına isə imkan verilmir. Arada qazanan da bazar alverçiləri adlanan möhtəkirlər olur.

O ki qaldı AQTA-nın laboratoriyalarına, bazardan aldığımız iri həcmli bir qarpızın tərkibindəki azotun xüsusi çəkisini müəyyənləşdirməyə çalışdıq. Laboratoriya işçiləri əlindəki mobil telefona oxşar bir aparatın markerini neçə dəfə qarpızın qabığına sancsa da, bir nəticə hasil olunmadı. Mütəxəssis bildirdi ki, cehazın "kaliberlənməsinə" ehtiyac var, bir azdan yaxınlaşın. Bu da sənə müasir texnika?!

Əslində, böyük şəhər bazarlarında bir tərəfdən hökumət ödənişsiz olaraq bazara daxil olan məhsulları müayinə etməli, yalnız standartlara uyğun gələn məhsulları bazara buraxmalıdır. Digər tərəfdən isə Kənd Təsərrüfatı Nazirliyinin yerli nümayəndəliklərinin mütəxəssisləri fermerləri zərərsiz, ekoloji cəhətdən təmiz məhsul yetişdirmək istiqamətində maarifləndirməlidir. Bunlarla yanaşı ölkədə bütün növ məhsul və xidmətlərin keyfiyyətini ölçə bilən müstəqil laboratoriyalar fəaliyyət göstərməlidir. Vətəndaş, məhz bu laboratoriyalarda şübhələndiyi məhsulu və xidmətləri ödənişli əsaslarla müayinə etmək, yararlı və ya yararsız olduğunu müəyyən etmək imkanına malik olmalıdır. Yalnız bu halda bütün ölkə üzrə qida təhlükəsizliyini nəzarətdə saxlamaq mümkün ola bilər.

 Akif Nəsirli