Vətənin zəfər salnaməsində adı olan igid

20:49 30-06-2021 495

44 günlük ikinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqla Vətənin zəfər salnaməsinə adını əbədi həkk edən İlqar Elçin oğlu İbrahimov Astara rayonu, Taxtanəkəran kəndindəndir. Vətənə məhəbbəti lap uşaq yaşlardan təmiz, ulu duyğulara əsaslandığı üçün daşını, torpağını canından əziz bilib, onun yolunda şəhidlik zirvəsinə ucaldı. İlqar 30 il düşmən tapdağına əsir düşən müqəddəs Azərbaycan torpaqlarının azadlığı naminə yaşına uyuşmayan bir hünərlə son damla qanınadək döyüşdü. Məhz buna görə də 18 illik ömür yolu xalqına şan-şöhrət oldu. İndi Astara elində kimi dindirsən İlqarla fəxr etdiyini, qürur duyduğunu deyəcək. Onun Vətənə vurğunluğu, yurduna bağlılığı, insanlığa sevgisi burada hamıya nümunədir.

2020-ci ildə İlqarın hərbi xidmətə başlamaq yaşı gəlir. El-oba yığışır artıq gözəl əməlləri hesabına cəmiyyətdə özünə qarşı səmimi, xeyirxahlıq hissləri oyadan Vətən sevdalı oğlunu xüsusi ehtiramla ordu sıralarına yola salırlar. İlqar Goranboyda doğma Azərbaycana olan tükənməz sevgisini ona ləyaqətli xidməti hesabına göstərir. Kəşfiyyatçı kimi olduğu təlimlər zamanı əla döyüşçü keyfiyyətləri nümayiş edir, hərbin sirlərini dərindən mənimsəyir. Torpaq uğrunda can qoymağı özünə ali məqsəd seçir, hər an erməni cəlladlardan qisas almağa məqam gözləyir. Vətənin qeyrət sahibi kimi əsgərlərin, zabitlərin gözündə ucalır.

İlqar Vətən müharibəsi başlanan gündən torpaq uğrunda ölüm-dirim döyüşlərə girir. Necə deyərlər, azğın düşmənlə qeyrət savaşında əsl hünər göstərir. Bir-birindən çətin döyüş əməliyyatlarında erməni faşistlərinə ağır itkilər verir-verə qələbəyə doğru gedir . Tükənməz Vətən sevgisi, qələbəyə inam hissi isə İlqarı çox ölümdən qoruyur.

İlqar sonuncu döyüşünə Suqovuşanda atılır. Burada ağır müharibə meydanında düşmənə qan udduran igidimiz tarixi bir zəfər yazır. Vətənin bu müqəddəs parçası yağı tapdağından azad olana qədər döyüşür. Son anda qəfil atılan namərd gülləsinə tuş gəlir. Bərdə xəstəxanasında ömrünün 18-ci baharında əbədiyyətə qovuşur. Və Vətəninə verdiyi bu şərəfli ömür qərinələr boyunca İlqara milyonların ürəyində yaşamaq xoşbəxtliyi gətirir.

Dövlət öz sədaqətli oğlunu daim ucalıqda, yüksəklikdə saxlamaq məqsədilə onu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallara layiq gördü.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü