ADNF-nin havaya sovurduğu dollarlar

20:51 30-06-2021 477

Rəqabət mühitinin formalaşması bütün problemlərin həlli deməkdir

 Azərbaycanda əsas valyuta mənbəyi dövlətin neft və qaz satışından əldə etdiyi gəlirlərdən formalaşır. Bu il dövlət büdcəsinin xərclərinin qarşılanması üçün Dövlət Neft Fondundan (ARDNF) təxminən 11,5 milyard ABŞ dolları vəsait transfer edilib ki, bu da dövlət büdcəsi xərclərinin 42,6 faizinə bərabərdir. Xarici və yerli neft şirkətlərinin ödədiyi vergiləri də nəzərə aldıqda, dövlət büdcəsinin 60 faizə qədəri neft sənayesi hesabına formalaşır. Lakin hələ bununla da ARDNF-nin xərcləri bitmir: Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (Layihənin maliyyələşdirilməsi 2006-cı ildə başa çatıb) - 297,9 milyon manat, Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması (ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi davam edir) - 2 702,7 milyon manat, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi (Layihənin maliyyələşdirilməsi 2011-ci ildə başa çatıb) - 779,6 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması (ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi başa çatıb) - 1 469,6 milyon manat, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi (Layihənin maliyyələşdirilməsi 2006-cı ildə başa çatıb) - 90,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi (ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi başa çatıb) - 748,6 milyon manat, Xaricdə təhsil üzrə Dövlət Proqramı (ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi başa çatıb) - 212,7 milyon manat, "Star" neft emalı kompleksinin tikintisi (ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi başa çatıb) - 1 663,3 milyon manat, AÇG layihəsində ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsi (Layihənin maliyyələşdirilməsi 2007-ci ildə başa çatıb) - 87,6 milyon manat, Cənub Qaz Dəhlizi (ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi başa çatıb) - 1 530,3 milyon manat, Azərbaycan Respubikasının Mərkəzi Bankına transfer - 3 949,5 milyon manat, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı - 4,8 milyon manat.

Rəqəmlərdən göründüyü kimi, 2007-ci ildən etibarən dövlətin həyata keçirdiyi bütün layihələr birbaşa ARDNF-də karbohidrogen satışından əldə edilən vəsaitlər hesabına reallaşdırılıb və bu hazırda da davam edir. Xərc strukturuna nəzər saldıqda məlum olur ki, bu xərclərin əsas hissəsi vacib sahələrə yönəldilib. Hərçənd ki, bu layihələrin (o cümlədən də illər üzrə dövlət büdcələrinin) icrasında xeyli korrupsiya hallarının olduğu barədə əsaslı iddialar irəli sürülüb. Bununla belə, nəzəri baxımdan ARDNF-nin ən səmərəsiz xərcləri milli valyutanın sabit saxlanılması üçün xərclənən vəsaitləridir. Hansı ki, 2007-ci ildən bəri bu istiqamətə on milyardlarla dollar vəsait xərclənib. Təkcə bu ilin iki rübü ərzində ARDNF 2,766 milyard ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz azdır. Yalnız iyun ayında isə ARDNF-in valyuta satışının məbləği 463,6 milyon dollar təşkil edib ki, bu ötən ilin iyun ayı ilə müqayisədə 24,2 faiz çoxdur. Yəni son bir ay ərzində az qala yarım milyard ABŞ dolları həcmində vəsait manata çevrilib. Bu qədər vəsait iki rüb ərzində kənd təsərrüfatına yönəldilsəydi, çox ciddi nəticələr əldə etmək olardı.

Hökumət bu mənasız xərcə niyə gedir və onu bu xərcdən xilas etməyin yolu nədən ibarətdir? Birincisi, onu qeyd etmək vacibdir ki, milli valyutanı və onunla bərabər ölkənin maliyyə vəziyyətini, o cümlədən də iqtisadiyyatın sabitləşdirilməsinin bu üsulunun seçilməsi iqtisadi deyil, siyasi qərardır. Yəni bir tərəfdən iqtisadiyyat inhisara alınaraq rəqabət mühiti sıradan çıxarılır, hökumət oliqarx-inhisarçılar vasitəsi ilə iqtisadiyyata nəzarət edir ki, arzuolunmaz qüvvələrin iqtisadiyyatın əsas subyektlərinə çevrilməsinə imkan yaranmasın. Bu halda iqtisadi rəqabət mühiti sıradan çıxarıldığına görə inkişaf tempi zəifləyir, keyfiyyətli məhsul istehsalına maraq azalır. Bu səbəbdən də ölkə daxilində keyfiyyətsiz məhsullar hakim mövqedə durur. Əhali isə həmin məhsulları almağa məhkum olduğundan keyfiyyətsiz məhsul istehsalçıları olan inhisarçılar müflisləşmir. Digər tərəfdən isə problem ondan ibarətdir ki, inhisarçılar rəqabətsiz mühitdə keyfiyyətə diqqət yetirmədiklərinə görə, onlar dünya bazarına çıxa bilən, rəqabətədavamlı məhsul istehsal edə bilmədiyindən, onların məhsulları ölkəyə valyuta gətirmək qabiliyyətinə malik olmurlar. Bu səbəbdən də Azərbaycan hökuməti ölkə daxilində valyutaya olan tələbatı neftdən gələn dollar hesabına ödəyir. Bu, həm dövlətə kifayət qədər əhmiyyətli xərc formalaşdırır, həm də daxili tələbatı idxaldan asılı vəzəyyətə salır. Bir tərəfdən yerli istehsal keyfiyyətsiz olduğundan ölkəyə valyuta gətirə bilmir, digər tərəfdən isə yerli tələbatı ödəmək üçün idxal cəlbedici olur. İdxal həyata keçirməkdən ötrü isə mütləq xarici valyutaya, əsasən də dollara tələbat yaranır. Bu tələbatı isə hökumət ARDNF-nin neft satışından əldə etdiyi valyutanı hərraca çıxarmaqla ödəyir.

Halbuki ölkədə inhisarçılığa son qoyulsa, azad rəqabət mühiti yaradılsa, sahibkarlıq fəaliyyəti qarşısında duran digər problemlər aradan qaldırılsa, ölkə iqtisadiyyatının dollara olan tələbatını məhsul ixracatından gələn valyuta ödəyər ki, bununla da hökumət hərraca çıxardığı valyutanı daha səmərəli sahələrə yönəldə bilər. Amma bu halda hökumət arzolunmaz qüvvələrin əhəmiyyətli iqtisadi subyektlərə çevrilməsinə mane ola bilməyəcək, məhz elə problem də buradan qaynaqlanır.

 Akif Nəsirli