Varlının kasıbın cibindən nə xəbəri

20:51 30-06-2021 657

Cərimə və rüsumları artırmaq çıxış yoludurmu?

 Diqqət etmisinizsə, son zamanlar parlament iclaslarında deputatların aktivliyi nəzərəçarpacaq dərəcədə artıb. Bu da bir çox yüksək çinli məmurların görəvdən götürülməsi və onların təhlükəli fəaliyyətləri (rüşvətxorluq, korrupsiya, inhisarçılıq və s.) ilə bağlıdır. Deyəsən axı, bəzi deputatlarımızın onlara dayılıq edən məmurlara güvənləri azalıb. Bu səbəbdən də təyinatlı deputat statusundan, Millət Vəkili statusuna adlamaq istəyir. Bunun üçün də bir çox sosial layihələrin müzakirəsində aktivlik edərək reytinq qazanmağa çalışılır. Məsələn, 2017-ci ilin 1 iyul tarixindən ölkəmizdə pensiya yaş həddinin artırılmasına bəh-bəhlə səs verən deputatlarımız, son iclasların birində bu addımın yanlış olduğunu və qanunun yenidən müzakirəyə çıxarılmasını təklif etdilər. Hökumətimiz isə ölkənin maliyyə vəziyyətini bəhanə gətirib, bu müzakirələrdən qaçaraq, pensiyaçıların, daha doğrusu artıq 3 ildir ki pensiya almalı olan vətəndaşlarımızın halal pullarını quldur məmurların qənimətinə çevirib və deyəsən, yaş həddinin aşağı salınmasında deyil, daha da artırılmasında maraqlı görünür. Bu da onu deməyə əsas verir ki, deputatların çıxış və etirazları icra strukturları üçün heç bir əhəmiyyət kəsb etmir.

İyun ayının 25-də keçirilən parlament iclasında vəkillərin 500 manat cərimələnməsi haqqında "Mülki Prosessual  Məcəlləyə" təklif olunan yeni maddənin müzakirəsi bir çox deputatlar tərəfidən etirazla qarşılanıb. Deputatlar qeyd ediblər ki, məhkəmyə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə  baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 55 manat cərimə olunması barədə artıq, digər qanunvericilik aktında maddə var. Əsas narazılıq isə cərimənin 500 manata qaldırılması olub. Deputatlar bunun düzgün olmadığı qənaətindədirlər.

Bunu da diqqətinizə çatdırım ki, ümumiyyətlə Azərbaycanda tətbiq olunan rüsum və cərimələr insanların maddi imkanlarına adekvat deyil. O cumlədən də müxtəlif xidmətlər üçün tələb olunan ödənişlər. Minimum əmək haqqının 250 manat olduğu bir ölkədə rüsum və cərimələrin, ödənişlərin bundan qat-qat yüksək olması, sözün bütün mənalarında absurddur, aşkar soyğunçuluqdır.

Məsələn, bu yaxınlarda mətbuata açıqlama verən təhsil nazirinin təhsil müəssisələrində təhsil haqqının illik 2500-3000 olmasını normal hal sayması kimi. Mən bilmirəm, təhsil nazirinin aylıq maaşı nə qədərdir. Buna görə də sual edirəm, ayda 250-300 manat maaş alan validey-       in 2 tələbə övladı üçün ödəniş pulunu haradan tapsın? Şəhərin küçələrində bahalı maşınlar da, şəhərin ətrafında bahalı evlər də ola bilər. Gənc nazir deyəsən unudur ki, həmin maşınların yanında dilənən, təkər qaraldan, şüşə silən insanlar da var. Həmin insanlar da bu ölkənin vətəndaşlarıdırlar və onların da təhsil almaq hüquqları var. Ölkəmizdə ən yaxşı halda əhalinin 20 faizi yuksək həyat tərzi yaşayır və onların da övladları daha prestijli əcnəbi ölkələrdə təhsil alır. Azərbaycanda, sadəcə təhsil haqqını ödəyə bilmədiyindən on minlərlə tələbə təhsildən kənarda qalırsa, bu təkcə onun və ailəsinin deyil, həm də bu ölkənin, dövlətin faciəsidir.

Ölkəmizdə elə bir sistem yaranıb ki, heç kim nə dövlətdən, nə də qanunlardan çəkinmir. Məsələn, ölkəmizdə mövcud olan tibb müəssisələrinə diqqət edin. Sadə bir prosedur üçün xəstədən bir aylıq maaşı, pensiyası qədər (250-300 manat) pul tələb edirlər. Deyək ki, həkimdə insaf, mürvət yoxdur, bəs dövlət hara baxır, bu qiymətləri kim və necə tənzimləyir, yaxud tənzimləməlidir? 

İşığın, suyun, qazın qiyməti ilbəil artır. Bununla belə maaş və pensiyalar artmır, artsa da cüzi miqdarda. Təsəvvür edin ki, bir nəfəri hansısa qayda pozuntusuna görə 200-300 manat cərimələyirlər. Bəs onun ailəsi bu bir ayda necə dolanmalıdır?

Bu qanunları qəbul edən deputatxanamız, bu qanunlara səs verən deputatlarımız nə üçün indiyə qədər susublar və kim nəyi təklif etsə, ona səs veriblər? Çünki deputatlarımızın demək olar ki, hamısı həmin təklifverənlərin xeyir-duası ilə deputat təyin olunublar. Onların bəziləri elə çıxışlar edir ki, elə bil Azərbaycan vətəndaşlarının yaşam səviyyəsindən xəbərləri yoxdur, hansısa bir planetdən indicə yerə eniblər.

Mənə belə gəlir ki, cərimə və rüsumları artırmaq yox, qanunların işləməsinə nəzarəti güclədirmək lazımdır. Qanunlar hamı üçün eyni olmalıdır. Məmurların qanundan kənarda qalması, onların heç bir qanuna məhəl qoymaması, insanların dövlətə inamını sarsıdan əsas amillərdən biridir. Yaddan çıxarmayın ki, dünyanın heç bir yerində cərimə və rüsumları artırmaqla insanları qanuna hörmət etməyə məcbur edə bilməyiblər. Buna görə də istər qanunverici, istərsə də icraçı qurumların əsas vəzifəsi o olmalıdır ki, hər bir vətəndaş kimliyindən asılı olmayaraq qanunlara hörmət etsin. Qanunverici orqan qanunları elə qəbul etməlidir ki, bu qanunlar ölkə vətəndaşlarının hüquqlarını qorusun, təkcə məmurların yox. 

 P.S.Həzrəti Əli deyir:"Allahın Rəsulu məni Yəmənə vali göndərəndə soruşdum, namazı necə qıldırım? Buyurdu,"Onlardan ən zəifi necə qılırsa, o cür qıldır".

Qanun da ölkə vətəndaşının ən zəifinin belə, hüquqlarını qorumalıdır. Cərimə və rüsumlar da o həddə olmalıdır ki, insanlar onu ödəyə bilsin.

Bu gün isə Azərbaycanda real vəziyyət belədir- harınlar, ümumiyyətlə nə rüsum, nə cərimə ödəyir, kasıbların isə ödəməyə heç nəyi yoxdur. Onda bu qanunlar kimə lazımdır?!

 Y.Seyid