“Yeraltı dünyanın” rəhbəri 1300 manatlıq maaşla milyonluq avtomobilləri necə alıb?

23:07 01-07-2021 549

Blogger Mehman Hüseynov məmurların bahalı həyat tərzləri, avtomobilləri və var-dövlətləri ilə bağlı araşdırmalarını davam etdirir. JAMAZ.İNFO xəbər verir ki, blogger bu gün daha bir məmurla bağlı araşdırmasını yayıb.

Belə ki, bu dəfə hədəfdə Bakı Metropoliteninin rəisi Zaur Hüseynovdur. O qeyd edir ki, sözügedən şəxs 2014-cü ildə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin olunub. “Vəzifəyə gələndən 1 il sonra, yəni 2015-ci ildə, Zaur Hüseynovun həyat yoldaşı artıq özünə qiyməti 150.000 manat olan “Porsche Cayenne” almışdı (90-LL-090). Oğlu Həbib Hüseynov isə həmin vaxtlar Chevrolet Camaro markalı maşınında gəzirdi (90-HH-090)”.

Blogger bildirir ki, metropoliten rəisinin aylıq maaşı 1300 manatdır.

Mehman Hüseynov xatırladır ki, 2018-ci ildə metronun gediş haqqı qaldırıldı və o zaman Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq maşınını dəyişdirib, özünə yeni “Mesrsedes Benz G63 AMG” almışdı. “Bakı küçələrində yenə özünə məxsus nömrə nişanı ilə dolaşır (90-HH-090)”.

Blogger araşdırmaları zamanı Zaur Hüseynovun şəxsi maşınını da tapa bilib: “Bu, qiyməti 255.000 manat “Range Rover Velar Byron” markalı, 90-ZZ-090 dövlət nömrəli maşındır. Eyni anda biz Zaur Hüseynovun həyat yoldaşının təzə maşınını da təsadüfən tapmışıq. Çünki maşın dayanacağında ər-arvad maşınlarını yan yana saxlayır. Həyat yoldaşı 2020-ci ildə qiyməti 240.000 manat olan “Range Rover” maşını sürüb"

Lakin Hüseynovların avtomobil həvəsi bununla yekunlaşmayıb. Belə ki, 2020-ci ildə onun “Range Rover” sürən həyat yoldaşı 2021-ci ildə özünə 300.000 manata olan “Porsche Cayene turbo S” model maşın alıb. Təbii ki, özünə məxsus 90-LL-090 nömrə ilə.

Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Zaur Hüseynov və ailə üzvlərinin idarə etdikləri avtomobillərin dəyəri toplam 1 milyon manatdan bahadır. Aylıq 1300 manat maaşla bu maşınları almaq mümkün deyil. Hətta uzun müddətli kredit hesabına da bu bahalıqda maşınları almaq mümknüsüzdür. O zaman sual ortaya çıxır: Bu qədər pul aylıq 1300 manat maaş alan Zaur Hüseynovda haradandır? Bu suala cavab verəcəkmi? Təbii ki, verməyəcək. Hətta cavab versə belə, həmin avtomobillərin onlara məxsus olduğunu inkar edəcək. Ya da bəzi məmurlar ki, oğlunun “uğurlu biznesmen” olduğunu söyləyəcək. Lakin bunlar heç nəyi dəyişmir. Hər şey göz qabağındadır. Yəni, bütün bunlar doğru yolla qazanılmış pullar sayəsində ərsəyə gəlməyib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.