Göyçayda xəstəxananın həyətində qumarxana açılıb? – İDDİA

23:20 01-07-2021 666

Göyçay rayonunun bir qrup sakini adından mediaya müraciət daxil olub.

Müraciətdə Göyçay rayon Mərkəzi Xəstəxanasın həyətində baş verən anarxiyadan söhbət açılır. Müraciət müəllifləri bildirir ki, baş həkim Elçin Bilalov xəstəxananın həyətində kafe-qumarxana açıb ki, orada hər gün spirtli içkilər satılır, domino, nərd və kart qumarları oynayırlar.

“Gecə saat 2 və 3 kimi işləyən həmin kafedə sərxoş və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər ki, bu da onların müalicəsinə çox pis təsir göstərir.

Sərxoş olan, qumarda sözü tərs gələnlər hətta ucadan nalayiq söyüşlər söyürlər ki, bu tərbiyəsizliyin məsuliyyəti birbaşa baş həkim Elçin Bilalovun üzərinə düşür.

Kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerinə qoyulub. Bu mənzərəni görən dəhşətə gəlir ki, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açılıb.

Bununla bağlı biz Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin  (TƏBİB) İdarə Heyətinə və digər orqanlara şikayət ərizələri yazıb onun fəaliyyətinin yoxlanılmasını xahiş etmişik. Ümid edirik ki, şikayətimiz və bu müraciətimiz yerində araşdırlıb təcili tədbirlər görüləcək.

Biz mətbuat vasitəsi ilə Səhiyyə nazirinin birinci müavini Teymur Musayevə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri cənab Ramil Bayramlıya müraciət ünvanlayıb xahiş edirik dövlət xəstəxanasının həyətində kafe-qumarxana açan baş həkimin fəaliyyətini yoxlayıb onun barəsində təsirli tədbirlər görsünlər”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə yenisabah.az