Yelo Bankın Vətən müharibə iştirakçısı ilə məhkəmə QALMAQALI davam edir

23:28 01-07-2021 558

Yelo Bankın müharibə iştirakçısını 100 manat borca görə məhkəməyə verdiyini mediada xəbər yayılmışdı. Söhbət 97 gün Xocavənd istiqamətində döyüşən Ərəstun Əbilzadədən gedir.

Ərəstun Əbilzadə Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib. Müharibədə olduğu 97 gün müddətində məlum səbəbdən borclarını gecikdirib.

Bank isə veteranın gecikdirilmiş borcuna görə əlavə hesablanmış faiz (100 manat) yazıb. Müharibədən qayıdandan sonra gecikdirdiyi aylıq borclarını ödəsə də, bank bununla kifayətlənmir. Yelo Bank müharibə iştirakçısına faizin ödənilməsi üçün 10 gün vaxt qoyub. 

Ərəstun Əbilzadə 13 may 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 2010-cu ildə orta təhsilini bitirərək Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub.

Burada Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi ixtisası üzrə təhsil alıb. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə gedib. Müddətli həqiqi hərbi xidmətdən sonra 2015-ci idlə ASCO-nun “Ramiz Hacıyev” gəmisində matros kimi işə başlayıb.

Ərəstun Əbilzadə Vətən müharibəsində iştirak edən 58 nəfər ASCO əməkdaşından  biridir. 44 günlük haqq savaşında qəhrəmanlıqla, böyük qürurla döyüşüb. 

Yelo Bankın mətbuat katibi Ayxan Şıxlınski Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verib. O, deyib ki, müştəri haqqında məlumatlar, onun həqiqətən müharibə iştirakçısı olub-olmaması, eləcə də iddiası və bu səbəbdən götürdüyü kredit üzrə ödənişi etməməsi ilə bağlı məsələ aidiyyatı qurumlarımız tərəfindən dəqiqləşdirilir: “Məlumat təsdiqlənsə, müştəri ilə ayrıca görüş keçirib, iddiasına bir daha baxılacaq. Bu haqda əlavə məlumat verəcəyəm”.