PAŞİNYAN SABİQ BAŞ QƏRARGAH RƏİSİNİ CƏZALANDIRIR -“Su-30SM”-ə görə

23:42 01-07-2021 522

Gözlənildiyi kimi, Nikol Paşinyan hakimiyyətini qorumağa müvəffəq olandan sonra özünə rəqib və düşmən hesab etdiyi şəxsləri cəzalandırmağa başlayıb.

 Onların içində “Qarabağ klanı”na yaxın olan hərbçilər xüsusi yer tutur.

Erməni mətbuatı xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamenti sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldığına dair məlumat yayıb. Mətbuat yazır ki, məlumatda həmin şəxsin adı çəkilməsə də, söhbət Movses Akopyandan gedir.

Belə ki, məlumatda “Hərbi-nəzarət Xidmətinin sabiq rəisi 19 noyabr 2020-ci ildə verdiyi müsahibə zamanı dövlət sirrini yaymaqda” ittiham olunur. Bu isə məhz Akopyanın həmin tarixdə verdiyi və Ermənistanda böyük səs-küyə səbəb olan müsahibədir. Xatırladaq ki, Akopyan həm Baş Qərargah rəisi, həm də Hərbi-nəzarət Xidmətinin rəisi vəzifələrini daşıyıb.

Müharibənin bitməsindən 10 gün sonra verilən həmin müsahibəsində Akopyan Paşinyan hökumətini sərt tənqid edərək, onu silah tədarükü zamanı əvvəlki planları dəyişməkdə, yararsız HHM sistemləri almaqda və müharibənin 3-cü günü səfərbərliyi dayandırmaqda günahlandırıb. Ən səs-küylü itihamlardan biri isə Rusiyadan “Su-30SM” hərbi təyyarələrinin alınmasının mənasızlığı və bu zaman yol verilən yeyintilərlə bağlı olub. İstintaq orqanı bütün bu söylənənlərin dövlət sirrinin yayılması kimi xarakterizə edib.

Sonradan Müdafiə Nazirliyi Akopyanın bu itihamlarını rədd etsə də, generala qarşı hansısa hüquqi tədbir görülməmişdi. İndi isə Akopyan dediklərinə görə cavab verməli olacaq.