Goranboy rayon icra hakimiyyətinin başçısı məhkəməyə verildi

14:17 07-07-2021 369

Goranboy rayon icra hakimiyyətinin başçısı barəsində məhkəməyə müraciət olunub. 

Lent.az-ın məlumatına görə, rayon icra başçısı Məhərrəm Quliyev barəsində şikayətə Gəncə İnzibati Məhkəməsində baxılacaq. Şikayət artıq həmin məhkəməyə göndərilib, iş hakim Fikrət Hüseynovun icraatına verilib.

Goranboy rayon icra başçısı barəsində vətəndaş Məmmədov Füzuli Rüstəm oğlu məhkəməyə müraciət edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Quliyev Məhərrəm Böyükağa oğlu Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məhərrəm Quliyev 01 iyul 2011-ci il tarixdən 2019-cu ilə kimi  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə çalışıb.

Məhərrəm Quliyev 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur.  Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.

Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən  Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13 mart 2006–cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir.