Saleh Məmmədov istefaya göndərilir - AAYDA-da həbslər gözlənilir...

14:24 07-07-2021 360

Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun tezliklə istefaya göndəriləcəyi ilə bağlı, aprel ayından başlayaraq, cəmiyyətdə məlumatlar yayılır. Həmin məlumatlarda ana xətt ondan ibarətdir ki, Agentliyinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin etimadını itirib.

Bu söz-söhbətlər may ayından sonra daha da artmağa başladı. Xüsusilə də o qeyd olunur ki, prezident İlham Əliyevin mayın 15-də Qəbələ rayonunda Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun açılışını edərkən “Azəravtoyol” sədri Saleh Məmmədov dövlət başçısının yanında yer almayıb. Bu iki infrstruktur layihəsinin istifadəyə verilməsi ilə bağlı təqdimatı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev edib. Halbuki, ənənəvi olaraq belə təqdimatları “Azəravtoyol” sədri Saleh Məmmədov edirdi.

Bu informasiyalar isə Avtomobil Yolları Dövlət Agentliyinin məmurları arasında təşvişə səbəb olub. Təşvişin əsas səbəbi isə Saleh Məmmədov vəzifəsindən kənarlaşdıracağı halda Avtomobil Yolları Dövlət Agentliyində həbslər olacağı ehtimalının artmasıdır.

Agentlikdə baş verənlərlə bağlı məlumatlı mənbə bildirir ki, rəhbər şəxslər Saleh Məmmədovdan sonra quruma tamamilə kənar bir şəxsin rəhbər təyin olunacağı halda, son üç ildə həyata keçirilmiş işlərlə bağlı geniş araşdırma aparılacağından ehtiyat edirlər. Belə iddialar var ki, Saleh Məmmədovla bərabər, “Azəravtoyol” sədrinin iki müavinindən biri olan Hüsnü Quliyev, Agentliyin Aparat rəhbəri Tariyel Pənahov, eləcə də əsas rəhbər şəxslərdən hesab olunan Əflatun Qasımov da vəzifəsini itirəcək. Bu haqda redaksiyamıza bilgi verən mənbənin sözlərinə görə, Saleh Məmmədovun digər müavini Əvəz Qocayev müəyyən səbəblərdən vəzifəsini qoruya biləcək.

Mənbə bildirir ki, ən ciddi problemlə isə Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Əflatun Qasımov üzləşə bilər. Hansı ki, avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmirini həyata keçirəcək şirkətləri bir qayda olaraq Əflatun Qasımov müəyyən edir.

Daha sonra isə həmin şirkətlər tərəfindən tikintisi, yenidən qurulması və təmiri həyata keçirilən yolların qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsini də Əflatun Qasımovun rəhbərlik etdiyi Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin əməkdaşları həyata keçirir.

Mənbə bildirir ki, məhz buna görə avtomobillərin tikintisi və təmiri zamanı çox ciddi qanun pozuntularına yol verilir. İddialara görə, Suraxanı rayonunda Hövsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən avtomobil yolunun təmiri məhz belə ciddi pozuntularla həyata keçirilib.

Məlumatlı şəxsin iddiasına görə, bu yolun tikintisini həyata keçirən “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin sədri Məhəmməd Təhməzov Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Əflatun Qasımovun yaxın dostudur.

Qeyd edək ki, bu yolun təmiri dövlət büdcəsinə üç milyon manata başa gəlib.

Yeri gəlmişkən onu da qeyd edək ki, Binəqədi rayonu “Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən qəsəbəsi” yolunun tikintisi işlərin də Məhəmməd Təhməzovun sədr olduğu “Protean Construction” ASC-i həyata keçirib. Bu layihəyə isə 2.8 milyon manat büdcə vəsaiti sərf olunub.

Məlumatlı mənbə bildirir ki, “Protean Construction” ASC-nin həyata keçirdiyi layihələrdə yol verilən pozuntular Göyçay rayon “Kürd Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli” kənd yolunun tikinti zamanı baş vermiş qanun pozuntuları ilə müqayisədə dəryada damla kimidir.

Hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevə yaxınlığı ilə bilinən Mürsəl Qasımovun direktoru olduğu “Orion-E” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən Göyçay rayon “Kürd Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli” kənd yolunun tikintisi zamanı yol verilən pozuntularla bağlı Göyçay rayon Kürd kəndinin bir qrup sakini tərəfindən şikayətləri da dəqiq araşdırılmayıb.

Məlumatlı mənbə bildirir ki, Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilən layihələrin bir çoxu ilə bağlı şikayətlər olsa da, bu günə kimi ciddi araşdırılmayıb. Ancaq çox yaxın zamanda həmin şikayətlərin hamısı yenidən araşdırıla bilər. Bu isə Avtomobil Yolları Dövlət Agentliyində həbslərə səbəb olacaq. Hazırda Agentliyin əməkdaşları qorxudan da məhz bu ehtimaldır.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə “Hürriyyət” qəzeti