Qusarda meşəlik ərazi məhv edilib?

14:33 07-07-2021 423

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qusar rayonu ərazisində yerləşən Qalacıq meşəsinin məhv edilməsinə dair səsləndirilən iddialara münasibət bildirib.

ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə MillətinSəsi.info-ya açıqlamasında bildirib ki, yayılan xəritələr təhrif olunub: 

“Yayılan məlumatlar nazirliyin mütəxəssisləri tərəfindən “Google Eart” proqramı üzrə araşdırılıb. Məlum olub ki, 2019-2021-ci il üzrə yaşıllığın qismən azaldılması müşahidə olunub, lakin tamamilə məhv edilməsi halı qeydə alınmayıb və peyk görüntülərinə əsasən deyə bilərik ki, həmin ərazilər heç də 2018-2019–cu illərdə sıx meşəlik olmayıb.

İlk növbədə qeyd etmək istəyirəm ki, həmin ərazi 2019-2020-ci ildə müvafiq olaraq 102 və 165 hektar olmaqla, şirkətlərdən birinə müqavilə əsasında uzunmüddətli icarəyə verilib. Məqsəd həmin ərazidə qoz bağının salınmasıdır”.

H.Əlizadə bildirib ki, 2020-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi ilə birgə proqramı da mövcuddur:

“Proqram məhsul bolluğunun yaranması və həmçinin yaşıllığın daha da çoxaldılmasına hesablanıb. Nəzərə almalıyıq ki, bu gün seyrək kolluqlardan ibarət meşəliklərin nə kənd təsərrüfatı, nə yaşıllıq, nə də karbon emissiyası cəhətdən böyük bir əhəmiyyəti yoxdur. Əksinə onlar müəyyən mənada təhlükə mənbəyidir.

Böyük meşə sahələrində meydana gələn yanğınlar əsasən belə seyrək və yaşı ötmüş kolluqlardan qaynaqlanır. Bu baxımdan müqavilədə də məqsəd ondan ibarət olmuşdu ki, ərazi uzunmüddətli olaraq icarəyə verilsin, orada qoz bağları salınsın”.

Nazirlik rəsmisi qeyd edib ki, ilkin olaraq şirkət tərəfindən biznes plan təqdim olunub:

“Nazirliyin müvafiq mütəxəssisləri tərəfindən yerində baxış keçirilib və təbii ki, ərazidə olan az sayda ağaclara toxunulmaması şərti qoyulub. Təbii ki, bir neçə yüz hektarlıq ərazidə qoz bağı salınırsa, yaşı ötmüş, qurumuş kolluqların götürülməsi labüddür. Həmçinin qeyd edib ki, meşə fonduna bitişik ərazidə təxminən 100 hektara yaxın bələdiyyə ərazisi də var. Şirkət tərəfindən həmin ərazi də götürülüb və 400 hektara yaxın ərazidə işlər aparılıb.

Biz özümüz də yayılan xəritələrlə bağlı “Google Eart” proqramına daxil olaraq əraziyə baxdıq. 2018-2020-ci illərdə tam başqa mənzərələrdir. Belə olduğu halda mətbuata, sosial şəbəkələrə təhrif olunmuş məlumatların verilməsi anlaşılan deyil. 2020-ci ilin oktyabrında qeyd edilən ərazilərdə kolluqların təmizlənməsi işi dayandırılıb və keçən 10 ay ərzində orada iş aparılmayıb. Şumlama və qoz ağaclarının əkilməsi işləri indi həyata keçirilir. Belə olduğu halda 10 ay ərzində yaşıllığın azalması necə müşahidə edilə bilər?!”

“Digər tərəfdən bu işdə hansı nöqsanlara yol verilibsə, həmin nöqsanların aradan qaldırılmasına, günahkarların aşkarlanmasına tam hazırıq. Lakin təhrif olunmuş, saxta məlumatların yayılması, ucuz demaqogiyaya gedilməsi, hətta kütlələri bu sahədə itaətsizliyə dəvət edilməsi heç cür anlaşılan deyil”, -deyə H.Əlizadə vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə iddia edilib ki, Qusar rayonu ərazisində yerləşən Qalacıq meşəsi son 2 il ərzində məhv edilib.