Astara Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovun biabırçı MƏĞLUBİYYƏTİ...

14:49 07-07-2021 432
Astara rayonunda təhsil Qızbəs Məmmədovanın rəhbərliyində onsuz da bərbad vəziyyətdə idi, lakin Qızbəs Məmmədova hiyləgər olduğu üçün "nüfuzlu" şəxslərlə konfiliktdən çəkinirdi. Amma, 2018-ci ildə onun yerinə gələn, Astara Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov daha cəsarətli çıxdı.
 
Amma, bu cəsarət, nadanların cəsarətindən idi. O, xoşuna gəlməyən hər kəsi "bitirə biləcəyini" düşünərək, heç nədən çəkinmədən, hər istədiyini etdi. Hətta, rayonun elm adamlarını da "qılıncdan keçirdi".
 
Konkret olaraq, Astara şəhər 6 saylı məktəbdə psixoloq vəzifəsində çalışan gənc alim Daşqın Əliyevin və Artupa kənd məktəbinin direktoru olan təhsil eksperti Zaur Hüseynovun "başını yedi".
 
Lakin, bu "cəngavərlik," təcrübəsiz Həsənova çox baha başa gəldi və onun "qılıncı daşa dəydi". Belə ki, gənc alimlərin hər ikisi haqlılıqlarını konkret sənədlərlə sübut etdilər. Haqsız yerə işdən çıxarıldıqlarına görə hər ikisindən üzr istənildi, Astara Rayon Təhsil Şöbəsində vəzifəyə dəvət olundular. Heç biri, bu təklifi qəbul etməsə də və nadan təhsil müdiri ilə çalışmaq istəməsə də, Daşqın Əliyev keçmiş işinə-məktəb psixoloqluğuna qayıtmağa razılaşdı və şəhər 4 saylı məktəbi seçdi.
 
Alverçi təfəkkürlü, Astara Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov düşünürdü ki, bununla da "təhlükə sovuşdu" və gənc alimlər artıq onun fəaliyyətini tənqid etməyəcək. Amma, yenə yanıldı: rayon təhsilindəki özbaşınalıqların tempi artdıqca, gündəmə gəlmə radiusu da böyüdü.
 
Gözləntisi doğrulmayan Astara Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, 2020-ci ilin noyabrında gənc alim Daşqın Əliyevi, karantinin düz ortasında işdən çıxarıb, "sərt cəzalandırmaq" eşqinə düşdü.
 
Psixoloq alim, bunu öncədən duyduğu üçün, hadisələri qabaqlayaraq istefa verməyə hazır olduğunu bəyan etdi, Astara Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovu da istefaya dəvət etdi.

Planının pozulduğunu görən "müdrik" Təhsil müdiri Rəşad Həsənov, gənc alimi 2-ci dəfə işə bərpa etməyə məcbur qaldı. Lakin, sonrakı aylarda da gedişat dəyişmədi: nə Daşqın Əliyev prinsiplərindən vaz keçdi, nə də Həsənov prinsipsizliyindən.
 
Beləcə, 2021-ci ilin aprel ayında Rəşad Həsənov yenə gənc alim Daşqın Əliyevi 3-cü dəfə işdən çıxardı.
 
O, düşünürdü ki, bu dəfə işi birdəfəlik həll edib və artıq heç bir "təhlükə" yoxdur. Hətta, gənc alim Daşqın Əliyevlə son haqq-hesab aparılmadan o, işdən çıxarıldı. Amma, "Sən saydığını say, gör fələk nə sayır"!
 
Hüquqi müstəvidə də mübarizəyə keçən Daşqın Əliyev öncə, Dövlət Əmək Müfəttişliyi Xidməti, ardınca da məhkəmə vasitəsilə Astara Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovu ifşa etdi və cəzalandırdı.

Belə ki, bu ilin may ayında Dövlət Əmək Müfəttişliyi Xidməti, psixoloqa ödənilməli olan vəsaitin ödənilməsi barədə mövqe bildirdi və qanun pozuntusunu təsbit etdi.
 
Daha sonra isə 30 iyun tarixində, Astara Rayon Məhkəməsi, Daşqın Əliyevin işə bərpa və ödənilməyən əmək haqqısının ödənilməsi barədə iddiasını təmin etdi və gənc alimin haqlı olduğunu bəyan etdi.
 
Beləcə, Astara Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, "baş rolda çəkildiyi" komediya filmlərini daha da zənginləşdirmiş oldu.
 
İndi Astara rayonunda hamı Təhsil Şöbəsinin müdiri Həsənov Rəşadın biabırçı məğlubiyyətindən danışır.
 
P.S. Qeyd edək ki, cəmiyyətdə Yunis Dürüst imzasıyla tanınan Daşqın Əliyev Azərbaycanda sosial şəbəkələrə dair yeganə psixoloji kitab olan "Feysbukun və Həyatın Sirləri" kitabının müəllifidir.
 
Rizvan
 
milletinsesi.info