Muxtar Babayev "BetaTea Azerbaijan" şirkəti ilə bacara bilmir: Lənkəranda 45 hektar meşə fondu məhv edilir - VİDEOFAKT

15:21 07-07-2021 486

"Lənkəranın Haftoni kəndi yaxınlığında 45 hektar meşə fondu çay bağı salmaq üçün məhv edilir. Bunu həyata keçirən isə "BetaTea Azerbaijan" şirkətidir".  Bunu ekosktivist Cavid Qara yazıb.  O deyir ki, ərazinin "Beta" şirkətinə verilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də təsdiqləyib.

Cavid Qara ərazidə ağacların kökündən çıxarılmasını əks etdirən şəkillər də yayıb: "Bu şəkil Azərbaycanın ekoloji siyasətidir. Şəkildə qırmızı kitabda olan dəmirağacıdır. Lənkəran Haftoni və Girdəni kəndləri arasında yerləşən meşə. ETSN rəsmiləri ağ yalan danışacaq ki, orada ağac kəsilə bilməz. Bəli, buldozerlə kökündən aşırılır".

O bildirib ki, sözügedən ərazidə yaşıllıq məhv edilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə buna göz yumur: "BETA  kimi şirkət ağ yalan danışacaq ki, orada ümumiyyətlə ağac yox idi. Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış və danmayacağına söz verən Dayanıqlı Azərbaycan Naminə Milli Alyans - DANMA  ümumiyyətlə susur. Əgər biz meşə qırğınlarının qarşısını ala bilməsək, cəzamız susuzluq, səhralaşma olacaq. Gələcək nəsillər bizə lənət oxuyacaq. Qlobal iqlim və ətraf mühit böhranını biz lokal olaraq daha da kəskin yaşayacağıq".

Haftonu kənd sakinləri də yaşıllığın məhv edilməsinə etiraz edirlər. 

Onlar deyirlər ki, nazir Muxtar Babayev indiyə qədər məsələyə münasibət bildirməyib: "Biz bilmirik ki, nazirin məqsədi nədir. Lənkəranda bu boyda meşə massivi məhv edilir, bəs Muxtar Babayev harada yatıb? Niyə bircə dəfə məsələyə reaksiya vermir? Görünür, özünün də bu məsələdə marağı var və ərazini də "Beta" şirkətinə hədiyyə edib. Biz ictimaiyyətdən bu məsələni diqqətdə saxlamağı xahiş edirik". 

Sakinlərin dediyinə görə, məsələ ictimailəşdirdildikdən sonra ağac kəsintisi müvəqqəti dayandırılıb: "Hələ ki aranın sakitləşməsini gözləyirlər. Bilirlər ki, məsələ ictimai qınağa səbəb olub. Ona görə də nazirlikdən onlara deyiblər ki, bir müddət işi dayandırın, amma yaxın günlərdə yenidən işə başlayacaqlar". 

Bu arada "BetaTea Azerbaijan" şirkəti rəsmi Feysbuk səhifəsində məlumatları təkzib edib. Şirkət bildirib ki, "Baku.tv" ərazidən reportaj hazırlayıb və heç bir qırıntı qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Lənkəranda meşələrin qırılması ilə bağlı iddialara münasibət bildirib.

Xidmət rəisi bildirib ki, Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağı Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə çay bağının salınması üçün “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib:

“Ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub, ərazidə ağac kəsilməsi faktı olmayıb, olmayacaq və ağacların məhv edilməsindən də söhbət gedə bilməz. Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir. Ərazi nəzarətə götürülüb”.