Tikinti maqnatı Hacı Məhərrəmin ötən ay kürəkəni, indi isə həyat yoldaşı qəza törətdi: Xəsarət alanlar var

15:25 07-07-2021 504

Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

 APA-ya istinadən xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib. Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Deyilənlərə görə, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.

Qeyd edək ki bu ilin iyun ayının 16-da “Qurtuluş-93” MMC-nin rəhbəri Hacı Məhərrəm Ağayevin kürəkəni “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.

Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər də ölüb. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

“Range Rover” markalı 10 CO 002 dövlət nömrə nişanlı avtomobili ilə qəzaya səbəb olan “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevlə bağlı bəzi məlumatlar yayılıb.

Belə ki, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışan E.Kəlbəliyev, “Əlincə” futbol klubunun prezidenti olub. Maraqlıdır ki, 2010-cu ildə yaradılan, ötən il isə fəaliyyətini dayandıran sözügedən klubun təsisçi də Kəlbəliyevin qayınatası, “Bağçalı Evlər” MTK-nın rəhbəri Məhərrəm Novruzov olub.

Qeyd edək ki, E.Kəlbəliyev qəzanı törədən zaman sərxoş olub. O, hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

“Bağçalı Evlər” MTK sahibi olan Hacı Məhərrəm Novruzov tikinti maqnatı kimi tanınır. Masazır qəsəbəsindəki “Qurtuluş” adlı böyük yaşayış şəhərciyi məhz ona məxsusdur. Bundan əlavə o, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzi və restoranının da sahibidir.

Xatırladaq ki, bir müddət əvvəl Hacı Məhərrəmin keçmiş şəriki, Lvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovla aralarında mübahisə yarananda da sözügedən məsələ gündəmə gəlmişdi. Şəriki Hacının ”Qurtuluş-93” Yaşayış Kompleksində “Oğru şəbəkə”si yaratdığını, gizli su və qaz satışından böyük miqdarda vəsait əldə etdiyini demişdi. Bundan başqa, Qəzənfərov Hacı Məhərrəmin tikdirdiyi binaları kooperativ kimi rəsmiləşdirərək, daxil olan vəsaitin 60 faizini tam mənimsədiyini qeyd etmişdi.