“Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyev həbs oluna bilər

15:36 07-07-2021 396

Bir müddət öncə mediada məlumat yayıldı ki, “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovla birgə Londonda şirkət açıblar. Eldar Abbasovun biznes şəriki onun həyat yoldaşı olan Dünya Pirverdiyeva ilə birlikdə Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğul olacaqlar. 

Londonda fəaliyyətə başlayan INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb. Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE. Şirkətin nizamnamə kapitalı 100 funt sterlinq məbləğindədir. 

Burada əsas maraqlı məqam odur ki, eks-məmur övladları olan Dünya Pirverdiyevanın və Eldar Abbasovun Londonda birgə açdıqları şirkətlə bağlı bir neçə suallar ortaya çıxır.

Etibar Pirverdiyev, qudası, sabiq rabitə naziri Əli Abbasovla Londondakı şərikli biznesinə xərclədiyi milyonları haradan qazanmışdı? Etibar Pirverdiyevin qızı Dünya xanımın Londondakı özəl biznesinə qoyulan milyonların mənbəyi nədir? Bəs, eks-məmur övladları olan Dünya Pirverdiyevanın və Eldar Abbasov xaricdəki biznesini hansı pulla idarə edir?

Digər bir fakt isə bir neçə ay öncə araşdırmaçı jurnalist Cavanşir Həsənlinin facebookda yaydığı məlumatdır. Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazısında qeyd edirdi ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həyat yoldaşı, Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Pərvanə Pirverdi Həcəmməd qızı Gürcüstanda fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir:

"ESKO LTD şirkətəti Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından təxminən 2017-ci mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 saylı lisenziya ilə qeydiyyatdan keçib.

Reyestr sənədlərində şirkətin Tiflisdə iki hüquqi ünvanı olduğu qeyd edilib: Tiflisin köhnə Tiflis məhəlləsindəki Leonidze küçəsi 2 və G.Tabidze 1/3 ünvanları. Şirkət hissələrinin 34 faizi Pərvanə Pirverdinin, 33 faizi Zöhrə Sultanova adlı digər Azərbaycan vətəndaşının, qalan 33 faizi isə Sulxan Papaşvili adlı Gürcüstan vətəndaşının adına rəsmiləşdirilib, icraçı direktoru Paata Zhgentidir.

Qeydiyyatdan bir neçə gün sonra şirkət “Gürcüstan Dövlət Energetika Sistemi” Səhmdar Cəmiyyətinin elan etdiyi 1.868.873 dollarlıq tenderə qatılır, lakin müraciət yeni yaradılan şirkətin yüksək risk ehtimalı nəzərə alınaraq rədd edilib."

27 noyabr 2001-ci ildə “Azərenerji” ASC-nin prezidenti təyin edilən Etibar Pirverdiyev hansı qabiliyyətinə, hansı təcrübəsinə görə, bu mühüm vəzifəyə təyin olduğu isə hələ də müəmmalı olaraq qalır. Çünki, Etibar Pirverdiyev “Azərenerji” ASC-nin prezidenti vəzifəsini icra etdiyi dövrlərdə iqtisadçı ekspertlərin hesablamalarına görə, Azərbaycan iqtisadiyyatına 500 milyon, yəni yarım milyard ziyan dəyib. 

Təkcə bir neçə il öncə Mindəçevir İES-də baş verən qəzanı xatırlamaq kifayətdir. Mingəçevir İES-dəki qəzanın aradan qaldırılmasına milyonlar xərcləndi. Həmin vaxt sahibkarlara, iş adamlarına dəyən zərəri belə hesablayan olmadı. Yəni Etibar Pirverdiyevin Azərbaycana vurduğu ziyan ölçüyə gəlməzdir.

Bəs, bunların qarşılığında cənab Etibar Pirverdiyev niyə cəza almadı? Enerji sektoruna ayrılmış milyarddan artıq vəsait hara getdi? Əlbəttə, Etibar Pirverdiyevin şəxsi biznesinin böyüməsinə. 

Mediada yayılan məlumatlara görə, Etibar Pirverdiyev bir neçə gün öncə 1, 6 milyona Xaçmazdakı torpaq sahəsini satdığa qoyub. Etibar Pirverdiyevin bu gün satdığı 400 hektar torpaq sahəsi onun dədəsinin deyil, 30 il əvvəl bu torpaqlar kənd sakinlərinə məxsus idi. 

Bundan başqa, Etibar Pirverdiyevin dəvə ferması, 100 hektarlarla fındıq bağları, Xudatda, Şabranda bazarları olduğu haqda zaman-zaman mətbuatda məlumatlar yayılıb. Hətta, ölkədə fəaliyyət göstərən “Ekspressbank”ında Etibar Pirverdiyevə məxsus olduğu deyilir.

Bütün normal ölkələrdə hər kəs özünün, ailəsinin bisnesi haqda, qiymətli nəsə alan kimi deklarasiya təqdim edərək pulun mənbəyi göstərir. Görəsən, cənab Etibar Pirverdiyev özünün və ya ailəsinin biznesi haqda ortaya hansısa bir sənəd qoya bilərmi? Əlbəttə, yox. Yəni digər məmurlar kimi Etibar Pirverdiyev də böyük cinayətlərin içərisindədir.

Bir faktı da qeyd edək ki, son vaxtlar həbslərdən təşvişə düşən məmurlar mülklərini, bahalı obyektlərini satmağa başlayıblar. Hətta mülklərini satıb ölkədən qaçmaq istəyənlər də var. Yayaılan məlumatlara görə, Etibar Pirverdiyev bağını 1, 6 milyona satmağa başlayıb. O, “Ekspressbank”ını da satmağa hazırlaşır.

Məntiq deyir ki, Etibar Pirverdiyev həbs olunmaqdan qorxur və yəqin ki, ölkədən qaçmağa hazırlaşır.
Deyəsən, Etibar Pirverdiyevi də o zamankı “Barmek”in rəhbəri Hüseyn Arabulun aqibəti gözləyir.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Azər Mətin