Quran beş istiqamət üzrə nazil olub

21:11 07-07-2021 459

Bütün bəşərə son İlahi mesaj olan Qurani-Kərim, çox cəhətlərilə möcüzədir. Onun möcüzələrindən biri də, yer aldığı təsbih və təmsillərdədir. Tam və fəsahətli (gözəl), bəlağətli anlatması ilə oxucularını heyran edən Quran, ayələrini həm də təşbih və təmsillərlə anladır. Bunları nəzərə alaraq kitabda bəzi təşbih (bənzətmə, oxşatma, tutuşdurma), təmsil (təsbih; misal kimi işlədilən söz; satirik məzmunlu kiçik əsər) və istiarələrlə (götürmə; alma; iqtibas etmə; məcaz; metafora; kinayə; alleqoriya) zəngin olan ayələrin açılışını oxuculara təqdim edirik.

 Həz.Peyğəmbərdən rəvayət edilən bir hədisdə deyilir: "Quran beş istiqamət üzrə nazil olub: Halal, haram, möhkəm, mutəşəbih, əmsal (məsəlin cəmi). Halala əməl edin. Haramdan çəkinin, möhkəmə tabe olun. Mutəşəbihə iman edin və əmsaldan ibrət alın".

1) Evinizə arxa tərəfdən girməyin... (Ya Rəsulum!)

Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyil. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılardan daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!" (Bəqara 189).

 Ərəblər nübüvvət elmini bilən həz. Məhəmmədi həm də bir astronom, Quranı isə göy cisimlərindən bəhs edən bir kitab kimi qəbul edirdilər. Halbuki müqəddəs kitabın vəzifəsi Allah kəlamlarını- itaət və ibadəti təbliğ etməkdir. Quran bütün elmlərdən lazım olan qədər, yerində və yetərincə bəhs etsə də, onun vəzifəsi Allah rizasını qazanmaq üçün görülən yaxşı işlərdir. Quran dünyəvi elmlərin açılışına tam yer ayırsaydı, onu oxuyub qurtarmaq mümkün olmazdı. Həmin səbəbdən ayədə "bu halınızla siz qapını tərk edib evə arxadan gələnə bənzəyirsiniz. İşlərinizi tərsinə görmək yaxşılıq deyil. Yaxşılıq təqvadadır". Peyğəmbər (ə) riyaziyyatçı, kimyaçı, astronom, fizika və s. fənnlər üzrə alim olmayıb, o, Allahın Rəsuludur. Siz bu sualları verməklə evlərə qapıdan yox, arxadan girənlərə bənzəyirsiniz. Sual verəndə düşünün, işə tərsinə başlamayın.

Qeyd edək ki, Quranın bəzi məallarında - nümunə gətirdiyimiz nəşrdə olduğu kimi - müəlliflər hesab ediblər ki, doğrudan da cahiliyyət dövründə insanlar evə qapıdan yox, arxadan daxil olublar (??). Halbuki, İslama qədər də inşa edilən evlərə qapıdan girilib, arxadan yox! Yəni ayədəki "evlərə qapıdan girin!" sözü bir misaldır ki, belə etsəniz, evə arxadan girən adam kimi işləriniz də tərs olar.

 2) Qadınlarınız sizin tarlanızdır

 "Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtı öz tarlanıza gəlin. Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın. Allahdan qorxun" (Bəqara 223). Orijinaldakı "hars" sözünün mənası "əkinlik, əkin yeri" anlamını verir. Bununla da qadının qadınlıq üzvü torpağa, kişinin nütfəsi toxuma, doğulacaq uşaq isə hasilata - nəticəyə (meyvəyə) bənzədilib. Belə kamil təşbihin həqiqəti daha doğru anlatmasına baxmayaraq, Quranı təftiş edən bəziləri bunu "qadının təhqir edilməsi" kimi qələmə vermək istəyiblər. Halbuki, bu, qadına verilən mühüm dəyərlərdən biridir.

Məlumdur ki, əkin yerinə yaxşı qulluq edildikdə - şumlamalı, kübrə verilməli, alaq otlarından təmizləndikdə və digər aqrotexniki vasitələrdən istifadə edildikdə, o, sağlam meyvə verər. Burada qadına qulluğun, onu yad nəzərlərdən - "alaq otlarından" mühafizə edilməsi əsas məsələdir. Məhz belə mühafizə ilə qadın geni təmiz bar verir - övlad dünyaya gətirir.

Qurani-Kərimin digər ayəsində isə Rəbbimiz buyurur: "Onlar (qadınlar) sizin, siz də onların libasısınız" (Bəqara 187). Yəni nigahda olan kişi və qadın libas kimi bir-birinə yaxındırlar, halaldırlar. Başqa sözlə, paltar adamın bəzi qüsurlarını örtdüyü, onu soyuq və istidən qoruduğu kimi, qadın və kişi də bir-birinə o qədər yaxın olmalı və bir-birini yad nəzərlərdən, pis işlərdən qorumalıdırlar.

 3) Allahın əli onların əllərinin üstündədir...

 (Ya Peyğəmbər!) "Sənə beyət edənlər şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir..." (Fəth 10).

Qeyd edək ki, ayə Quranın mütəşəbih ayələrindən biridir. Ümumiyyətlə, mütəşəbih ayələrin açılışı barədə əsasən iki görüş (baxış) var:

1) Sələfə görə "bunlara inanmalı, lakin onların həqiqi mənasını Allaha həvalə etmək lazımdır". 2) Sələfdən sonrakılar isə "zahiri anlamına görə təfsiri verilməyən ayələri təvil (yozum) yolu ilə şərh etmək olar" deyiblər. Sələf bu fikrini Quranın: "... onların yozumunu Allahdan başqa heç kəs bilməz" (Ali İmran 7) kəlamı ilə əsaslandırıb. Sonradan gələnlər isə "... Onun mənasını yalnız Allah bilir və elmdə öndə gedənlər yozarlar" ayəsinə istinad ediblər.

Ayə Peyğəmbər (ə)-nın Hudeybiyə səfəri ilə əlaqəlidir. Ümrə niyyəti ilə Məkkəyə gedən Rəsuli-Əkrəm və əshabına Məkkəyə daxil olmağa icazə verilmədiyi üçün onlar Hudeybiyə qəsəbəsində dayandılar. Bu zaman Peyğəmbər (ə) əshabından beyət alır. Beyətdə həz.Peyğəmbərin əli yuxarıdadı-üstdədir. Əshabın ona beyəti ayənin hökmü ilə Allaha beyət kimi yozulub. Klassik təfsirçilərin əksəriyyətinə (Zəməxşəri, İbni Kəsir, İbni Hişəm və başqaları) görə ayədə "tahyil" (xəyalda zehndə canlanma) metodu var. Çünki, Allah əlbəttə, əzalardan, maddi sifətlərdən münəzzətdir. Məna isə budur: Peyğəmbər (ə) ilə əhd bağlamaq, Allahla əhd bağlamaq kimidir. Bu mənanı "Peyğəmbərə itaət edən Allaha itaət etmiş olur". (Nizə 80) ayəsi açıqlayır. Bəziləri "Allahın əli" ifadəsini həqiqi əl kimi qəbul etsə də, fəqət, əksəriyyət bu fikri qəbul etməyib. Zira biz "dövlətin əli" sözünü dedikdə fiziki-maddi bir əli qəbul etmədiyimiz kimi, "Allahın əli"ni də fiziki əl kimi qəbuı etmirik. "Allahın əli" sözü "Allahın qüdrəti, yardımı, neməti, qoruması, qələbəsi" kimi yozulmalıdır.

 4) Allahın ipi.

 "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın. Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran 103). Ayədəki "siz bir-biriniz düşmən ikən..." ifadəsi Evs və Xəzrəç qəbiləsidir. Hər iki tərəf uzun müddət bir-birinə düşmən olmuşdur. Həz. Peyğəmbərin Mədinəyə gəlişi ilə bu iki qəbilə İslamı qəbul etmiş, düşmən ikən din qardaşı olublar.

Həmin olay münasibətilə nazil olan təşbih və təmsil müstəvisində diqqəti çəkən məqam "Allahın ipi" anlamındakı "Hablulləh" ifadəsidir. Bu ifadə bir istiarə (götürmə, alma, iqtibas etmə, məcaz, metafora, kinayə, alleqoriya) olub, Allahın kəlamları, dini və ya Quran anlamında işlədilib. Quyuya düşən insan ipdən yapışmaqla necə xilas olursa, Allahın kəlamlarından (ipindən) tutan insan da elə xilas olur. Bir dəfə həz.Peyğəmbər fitnələrin olacağından söhbət edərkən səhabə soruşur: "Qurtuluş nə ilədir". Məhəmməd (ə): "Quran ilə", cavab vermiş və müqəddəs kitabı "Allahın sağlam ipi" kimi təfsir etmişdir (Zəməxşəri, Razi, Kurtubi və başqaları).

 5) Ölü əti yemək.

 "(Ey iman gətirənlər!)... Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!. Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun..." (Hucurat 12).

Ayə qeybətin pis olduğunu ən mükəmməl şəkildə bəyan edir. Peyğəmbər (ə)-dən gələn hədisə görə, qeybət mömin din qardaşının xoşlanmayacağı tərzdə onun dalınca danışmaqdır. Yəni onun olmadığı vaxt qiyabında (qeybində, yoxluğunda) danışıldığından "qeyb" kökündən təşəkkül tapıb, "qeybət" adlanır. Əgər deyilən sözlər o şəxsdə varsa, bu bir qeybətdir; yoxdursa, bu bir iftiradır, böhtandır. Ayə şəxsin arxasıncan deyilən qeybəti ölən şəxsin meyidini çox hirs və iştəha ilə sevə-sevə yeməyə qadir olan canavarlıq, kaftarlıq şəklində təsvir edir. Deməli, qeybət canavarlıq, kaftarlıq, qeybət edən də bir canavar və kaftardır. Bu ayəyə qeybətin insan əti yeməklə təmsili də deyilir. Göründüyü kimi, qeybət əqlən, qəlbən, vicdanən, fitratən böyük günahlardan biridir.

 6) Əyirdiyi ipliyi sonradan qıran qadın

 "Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib möhkəm and içdikdən sonra onu pozmayın... Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın..." (Nəhl 91,92). Ayə əhdə sadiq qalmağı, əhd bağladıqdan sonra əməl etməyi buyurur və bunu bir zərb- məsəllə təkid edir. Burada əhdləşmək ipliyin möhkəm bükülməsinə, əhdə əməl etməmək isə ipliyin sökülməsinə bənzədilib. Rəvayətə görə, ağıldan kəm yaşlı bir qadın bütün gün ərzində bükdüyü ipliyi günün sonunda açarmış və bu işi hər gün təkrar edərmiş. Ayə bu zərb-məsəl ilə verilən sözdən dönməyin, əhdə vəfasızlığın ağıllı bir iş olmadığını ifadə edir.

Rəbbimiz digər ayədə isə buyurur: "Aralarınızdakı andlarınızı yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər..." (Nəhl 94). Ayədə yer alan "ayağın sürüşməsi" ifadəsi afiyətdən sonra bəlaya, nemətdən sonra möhnətə düşən şəxs haqqında deyilən bir məsəldir. Azərbaycan türkcəsində "filənkəsin ayağı sürüşdü" məsəli də var. Beləliklə, ayə andını hiylə və fəsada vəsilə edənin ayağının sürüşməsinə işarə edir.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru