"Azəriqaz" İB ötən il qazı əhaliyə 2000 dollara satıb!

21:16 07-07-2021 405

Sərvətdən bəhrələnmək Azərbaycan xalqının haqqıdır

 Məlum olduğu kimi, otən ayın son günündə Tarif (qiymət) Şurası qaz və işıq satışı tariflərinə müəyyən dəyişikliklər etdi. Elektrik enerjisinin əhali qrupuna satış qiymətləri dəyişdirilməsə də, təbii qazın satışında kifayət qədər bahalaşma rəsmiləşdirildi.

 İlk növbədə Şuranın qərarında əsaslandırma bölümünə diqqət yetirsək, burada kifayət qədər təzad doğuran, maraqlı məqamlar tapmaq olar. Məsələn, əsaslandırmada bildirilir ki, çoxsaylı modellər müzakirə edilib və onların içərisindən əhali üçün ən sərfəlisi seçilib. Deməli, ortada daha təcavüzkar modellər də olub, Şura humanistlik edib, ən "sərfəlisini" seçib. Əcəba, bunları kim təklif edib, kimdi bu xalqın qanına susayan? Bu sualın cavabını isə indi, yalnız nazir müavinləri və nazirlər naziri Mikayıl Cabbarov verə bilər. Çünki Şuranın tərkibi məhz onlardan ibarətdir. Bu da bir anormallıqdır ki, xalqın mənafeyinə toxunan qərarlar qəbul edən bir Şuranın tərkibi, yalnız hökumət nümayəndələrindən formalaşdırılıb. Şurada vətəndaş mövqeyini müdafiə etməli olan vətəndaş cəmiyyəti nümayəndələrindən isə heç kim yoxdur. Necə olur ki, vətəndaşların mənafeyinə toxunan qərarlar qəbul etmək səlahiyyətinə malik olmayan "Azəriqaz" İB-nın Müşahidə Şurasında ictimaiyyət nümayəndələri formal olsa da təmsil olunur, amma Tarif Şurasında təmsil olunmurlar? Səbəb bəlli bir təmsildə deyildiyi kimi, "atın qabağına ət, itin qabağına isə ot qoy"muşuq.

Əsaslandırmanın başqa bir hissəsində göstərilir ki, əhalinin 51 faizi il ərzində cəmi 1200 kub qaz işlədir. Bu necə olur, bunu kim araşdırıb? 2017-ci ildə qaza ilk dəfə limit tətbiq edəndə deyirdiniz ki, əhalinin 80 faizi il ərzində 1700 kub qaz işlədir, indi isə əhalinin qaza tələbatı azalıb, bunu nə ilə izah edə bilərsiniz, yəni əhali az yemək bişirir, daha az çay qaynadır, yaxud mənzilini qızdırmağa ehtiyac duymur? Allah sizi güldürsün, Mikayıl müəllim, Şuraya siz rəhbərlik edəndən bəri, qəbul edilən qərarların əsaslandırma hissəsi lap dahi Cəlil Məmmədquluzadənin felyotonlarına bənzəyir.

Əsaslandırmanın müqayisə bölməsi isə xüsusilə maraqlıdır. Ona görə ki, Azərbaycanda qaz hasil edildiyi halda, ölkədə tətbiq ediləcəq təbii qaz tarifləri qazı dünya bazarından 370 dollara alan ölkələrdəki qiymətlərlə müqayisə edilir. Onların da gözünə Rusiya ilə Belarusu ona görə "aşqarası" kimi qatıblar ki, bunlar qaz hasil edən ölkələr arasında əhaliyə "mavi yanacağ"ı ən baha satanlardır. Belarus qazı vətəndaşlarına 9, Rusiya isə 12-16 qəpiyə satır. Bu baxımdan Azərbaycan, artıq lider ölkə sayıla bilər, çünki qazı öz vətəndaşlarına 10-25 qəpiyə satır. Onu da qeyd edək ki, təxmini hesablamalara görə, "Azəriqaz" İB-nın cəmi abonentlərinin 5-6 faizi ildə 1200 kub limitini keçmirlər. Bu abonentlər də, mənzilləri "Azəristiliktəhcizat" ASC tərəfindən qızdırılanlardır. Digər abonentlər ya təbi qazla işləyən istilik sistemləri ilə, ya da adi qaz peçləri ilə mənzillərini qızdırır ki, onlar bir qış mövsümündə ay ərzində azı 600-700 kub təbii qaz istehlak edirlər. Deməli, Şuranın əsaslandırmasında göstərilən 51 faiz abonentin ayda 1200 kub qaz istehlak etməsi, qərara haqq qazandırmaq üçün söylənilən yalandır.

Əslində, Şura əsaslandırma apararkən, Azərbaycandakı vəziyyəti qaz hasil edən ölkələrlə müqayisə etməli idi. Onların bundan yayınmasına səbəb, bu müqayisə zamanı Azərbaycanıın əhaliyə qaz satışının qiymətinə görə «lider» ölkə olduğunun müəyyən ediləcəyi qorxusudur. Çünki bu gün Azərbaycan regionun qaz hasil edən ölkələri arasında qazın əhaliyə satış qiymətinə görə, artıq lider idi, bu artım isə onun «liderliyini» bir qədər də möhkəmləndirdi. Belə ki, rejionun qaz hasil edən ölkələrindən Türkmənistanda əhaliyə satılan bir kub qazın qiyməti 0,7 qəpik (200 kub pulsuz), İranda 1,4 qəpik, Özbəkistanda 4,6 qəpik, Belarusda 9 qəpik, Qazaxıstanda 10 qəpik, Rusiyada 12-16 qəpik, Azərbaycanda isə 10-25 qəpik təşkil edir. Siyahıdan göründüyü kimi, Azərbaycan ona yaxın olan qaz hasil edən ölkələr arasında əhaliyə satılan qazın qiymətində birinci yerdədir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Batyanın Belarusudur. Məhz bu mənzərədən yayınmaq üçün Şura qərarını əsaslandırarkən Azərbaycandakı vəziyyəti əsasən Ukrayna, Türkiyə, Gürcüstan və qiymətlər sıralamasında özünə yaxın olan qaz hasilatçılarının adını çəkib.

Əslində isə Azərbaycan indiyə qədər təbii qazı vətəndaşlara heç də 1 kubu-20 qəpiyə satmayıb. "Azəriqaz" İB Hesablama Palatasının rəyinə əsasən "Azəriqaz" İB 2020-ci ildə dövlət büdcəsinə cəmisi 2,1 milyon manat vəsait verdiyi halda, büdcədən bundan 24,5 dəfə çox, yəni 51,5 milyon manat vəsait alıb. Bu o deməkdir ki, biz "Azəriqaz" İB-nın vətəndaşlara satdığı qazın real qiymətini tapmaq üçün tarif qiymətlərini 24,5-ə vurmalıyıq. Belə ki, hökumətə ötən il əhaliyə satdığı qazın hər bir kubu limitlə 2,24 manata, limitsiz isə 4,48 manata başa gəlib. Sadəcə bunun 10-20 qəpiyini əhalidən alıblar, qalan hissəsini dövlət büdcəsindən çırpışdırıblar. İndi "Azəriqaz" İB-ya nədən sual edilmir ki, ölkə daxilində hasil edilən, yarısı isə "Əsrin Müqaviləsi" Konsorsiumundan havayı alınan (səmt qazı) "mavi yanacağı"n 1000 kubunu minlərlə manata başa gətirirsən (min kubu limitlə 2240, limitsiz 4480 manata)? Dünya bazarında qazın maksimum qiyməti 370 dollar olduğu halda, əhaliyə satılan qazın min kubunun real qiyməti 2000 dollara çatır. Bu sadəcə biabırçılıqdır. Niyə, bu biabırçılıqla bağlı "Azəriqaz" İB sorğu-suala tutulmur? Ona görə ki, bu korrupsiyanın arxasında yalnız "Azəriqaz" İB dayanmır. Onda ARDNŞ adını bəyənməyən SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu nəyin hesabına iki milyonluq saat gəzdirərdi?

Fikrimizcə, bu biabırçılığa son qoymağın yeganə yolu "Azəriqaz" İB-nın bir neçə müstəqil şirkətlərə satmaqla özəlləşdirilməsidir. "Azəriqaz" İB-ya 2 milyonun qarşılığında 51 milyon subsidya verən hökumət belə dürüstdürsə, ötən illərdə təhcizatçıya verdiyi milyonları təbii qaz abonentləri arasında sərfiyata görə bölüşdürsün. Məsələn, hər kub sərfiyata görə abonentə 2-4 manat verməklə onun qaza olan xərclərini kompensasiya etsin. Budur, əsil sosial müdafiə. Yox, əgər bunu etmirlərsə, qaz Azərbaycan xalqına 5-10 qəpik arası qiymətə satılmalıdır. Çünki xalqın Allahın verdiyi sərvətdən bəhrələnmək haqqı var və bu haqqı heç kim onun əlindən ala bilməz.

 Akif Nəsirli