Biganəlik

21:18 07-07-2021 486

Daş qəlbli insanları neynirdin İLAHİ!

 Dünya təzadlarla doludur. Belə olmasaydı, yaşamağın da bir mənası olmazdı, yəqin! Bəzən elə olaylarla, hadisələrlə üzləşirsən ki, dünya başına fırlanır, gözün qaralır, ürəyin dayanmaq həddinə çatır. Bir qədər səbirsiz insan belə məqamlarda hətta cinayət belə, törədə bilər.

Bəzən də gözləmədiyin halda, yıxılmaq üzrə olduğun anda, birisi əlindən tutur, bu zaman yaşamaq hissi, duyğuları güclənir, insan yaşamaq istəyir. İnsanı mənən öldürən və dirildən onun ətrafında baş verən hadisələrdir. İnsan ətrafında səmimi, duyğusal insanları gördükdə yaşamaq istəyir. Yalan, riyakarlıq və biganəlik isə insan hissiyatının ən pis kateqoriyasıdır. Biganə insanlar, yalnız özləri üçün yaşayırlar və başqalarının hiss və həyacanları onlar üçün heç bir önəm daşımır. Bu baxımdan da, insanı mənən öldürən, onu çətin və çıxılmaz duruma salan, hətta cinayətə belə sövq edən, onu əhatə edən insanların biganəliyidir.

Bu gün cəmiyyətimiz, sanki mənəvi durğunluq dövrünü yaşayır. Bu barədə uzun-uzadı misallar çəkə bilərəm, amma nə hacət.

Bu yazını yazmağa məni məcbur edən isə bugünlərdə şəhər xəstəxanalarından birində, pasientin oğlunun həkimi bıçaqlaması xəbərini oxumağım oldu.

Son aylar həkimlərlə, səhiyyə sistemi ilə sıx təmaslarım olur. Burada mənə ən çox təsir edən həkimlərin insan həyatına biganəlikləridir. Çünki bu yaşıma qədər daim həkimləri dünyanın ən humanist insanları saymışam. Maddiyat mənəviyyatı ayaqlar altına atdıqdan sonra, həkimlərin də xəstəyə yardıma ehtiyacı olan bir insan kimi yox, gəlir mənbəyi kimi baxdıqlarının dəfələrlə şahidi olmuşam. Bəzən həkimlərin səsləndirdiyi ifadələr insanı elə durduğu yerdə öldürə bilər. Onlar isə buna adi bir şey kimi qəbul edirlər. Ən əsası, həkim bu ifadəni elə səsləndirir ki, bir əlacın qalır, ya ona, ya özünə qəst edəsən. Xəstəxanada baş verən olaya yəqin ki, hüquq-mühafizə orqanları qiymət verəcək. Çox guman ki, həkim heç bir cəza almayacaq. Onu vuran isə ən azından ictimai yerdə xuliqanlıq etdiyi üçün cəzalandırılacaq. Amma çox təəssüflər olsun ki, dünyanın heç bir yerində biganəliyə görə cəza nəzərdə tutulmayıb. Əgər qanunvericilikdə belə bir maddə olsaydı, bəzi pul hərisləri bir qədər özlərini yığışdırardılar.

Bəzən də elə həkimə rast gəlirsən ki, onunla ünsiyyətdə olmaq, söhbət etmək insanın ruhunu təmizləyir, bütün ağrılarını belə unudur. Həqiqətən də həkimliyin dünyanın ən humanisti peşəsi olduğuna inanırsan. Həkimin bir sözünün belə, xəstə üçün məlhəm olduğuna inamın artır.

Allah hər bimizi biganə insanlardan qorusun!

Yusif Seyid