Yalançının evi yandı...

21:19 07-07-2021 396

Dövlət qrumları məmur cinayətlərini ört-bastır etməklə məşğuldur

 Artıq cəmiyyətin əksər hissəsinə aydındır ki, iyul ayının 4-dən 5-ə keçən gecə Xəzər dənizindəki "Ümid" qaz yatağından bir neçə kilometr aralıda vulkan püskürməsi baş verib. Bu bir təbiət hadisəsi kimi istənilən yerdə, Xəzərin dibində də, Bayılın təpəliklərinin zirvəsində də baş verə bilər, buna heç bir söz yoxdur. Lakin bu təbiət hadisəsi bir çox mətləblərə bir daha aydınlıq gətirdi. Belə ki, bütün dövlət qrumlarının hadisəni təsdiqləməsinə, hadisə yerindən video-görüntülər yaymasına baxmayaraq, hələ də, cəmiyyətin bir hissəsi o gecə Xəzərdə vulkan püskürməsinin baş verməsinə inanmır. Düşünürlər ki, partlayış hansısa yataqda baş verib, sadəcə hökumət bunu cəmiyyətdən gizlədir. Amma bu fikir vətəndaşlarda heçdən yaranmayıb, belə bir rəyin cəmiyyətdə hakim mövqeyə sahib olmasının köklü səbəbləri var. Bu səbəblərdən biri və birincisi, Azərbaycan hökumətinin şəffaf, dürüst və hesabatlı idarəetmə həyata keçirməməsidir. Bu gün nəinki vətəndaşın, hətta, media nümayəndələrinin dövlət sirri sayılmayan məsələlər barədə verdiyi sorğulara dövlət qurumları ya ümumiyyətlə cavab vermir, ya da elə cavab verir ki, cavab verməsə ondan  yaxşıdır. Məsələn, bu sətirlərin müəllifi bir ay əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) ölkəyə virusa yoluxmuş pomidor toxumu gətirməyə cəhd göstərən sahibkarın və ya şirkətin adını açıqlaması üçün sorğu verib. Hər həftə sorğuya cavab verilməsi üçün AQTA-ya zəng vurub onlara xatırlatma edirəm, lakin xeyiri yoxdur, sorğuya cavab ala bilmirəm. Nə demirlər ki, bu sorğuya cavab verə bilmərik, nə də, cavab vermirlər. Bundan əlavə, dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün inşaa edilən birinci binanın birinci mərtəbəsinin və çardağının kim tərəfindən özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin nəzdindəki Dövlət Əmlakının Reistr Xidmətinə sorğu ünvanlamışıq. Bir aydan sonra xidmətdən cavab alırıq ki, "Jurnalistlər Evi" MMC barədə cinayət işi açıldığını görə, xahiş edirik aidiyyatı üzrə müraciət edəsiniz. Araşdırma nəticəsində, bəlli olur ki, "Jurnalistər Evi" MMC barədə heç bir cinayət işi açılmayıb, ikincisi isə belə bir cinayət işi açılmış olsa belə, bunun bizim sorğumuza heç bir dəxli yoxdur. Bunu DƏDRX-də bizdən də yaxşı bilirlər, sadəcə olaraq sorğuya cavab verməməklə hansısa keçmiş dövlət məmurunu, daha doğrusu, prezidentin eks-köməkcisi Əli Həsənovun qeyri-qanuni əməllərini ört-bastır etməyə calışırlar. Çünki sözügedən binanın birinci mərtəbəsində Əli Həsənovun özəl şirkəti olan "Kaspi" təhsil mərkəzi yerləşirsə, Əli Həsənov dura-dura oranı Zakir Qaralov özəlləşdirməyəcəkdi ki? Halbuki bina jurnalistlər üçün tikilib, binanın açlışında da prezident bəyan edib ki, binanın birinci mərtəbəsi jurnalistlərin ümumi istifadəsində olacaq;... İstəsəniz xidmət sahələri açılar, istəsəniz də tədbirlərinizi orada keçirə bilərsiniz. İndi isə həmin ümumi sahəni "Kaspi" təhsil mərkəzi zəbt edib, deyilənə görə özəlləşdirilib.

Virusa yoluxmuş pomidor toxumu idxalçısının adının açıqlanmaması da, buna bənzər bir məsələnin gizlədilməsi üçün uzadılır.Yəni, bu gün dövlətin rəsmi qrumları dövlət məmurlarının törətdiyi cinayətlərin üstünü örtməklə məşğuldur. Bu cinayətləri ört-bastır etmək üçün isə dövlət qrumları ya yalan danışmalı, ya da susmalı olurlar. Məhz buna görə də, bu gün cəmiyyət dövlət qrumlarının açıqlamalarına inanmır, düşünürlər ki, onlar yalan danışır. Əksər hallarda cəmiyyət haqlıdır, çox nadir hallarda yanılır, yəni hökumət qrumlarının düz dediyinə də inanmır. Belə də olmalıdır, həmişə yalan danışanın bir doğrusuna kim inanar? Necə ki, bir atalar sözündə deyilib: "Yalançının evi yandı, kim ona inanmadı".

Bu çox zərərli tendensiyadır, idarəetmənin səmərəliliyini sıfra sala bilən bir amildir. Yadınızdadırsa, Azərbaycan hökuməti aylarla vətəndaşlarını koronavirus pandemiyasına inandırmağı bacarmadı, nəticədə daha çox itkilər verdik, məşhur və istedalı ziyalılarımızı, elm və mədəniyyət xadimlərimizi itirdik. Amma dövlət qrumları səmimi olsa, vətəndaş dövlətin onun rifahı üçün çalışdığına əminlik müəyyən etsə, o zaman həmin dövlətin heç bir idarəetmə problemi olmaz.

 Akif Nəsirli