Gürzü bir zindana vurmaq ...

21:21 07-07-2021 360

Onun adı məsuliyyət!

 Həyatda təzadlı vəziyyətlər çox olur. Onların baş verməsində özümüzün iştirakımızın olmamasına baxmayaraq, birbaşa qarışmaq zərurətinin olduğu anlar da mövcuddur. Amma bəzən əksinə də olur...

Peşə fəaliyyətindən kənar məkanlarda hamıdan biri olmaq istəyinin qarşısını isə mütləq və mütləq bir maneə, hadisə kəsməlidi. O zaman sıradan biri deyil, məhz peşəmizin tələbindən dolayı, hadisəyə, olaya müdaxilə etməli, aydınlaşdırma, araşdırma və s. mövyeqində olmalıyıq.

Mövqe demişkən, bu, cəmiyyətin müxtəlif nümayəndələri arasında heç də birmənalı qarşılanmır. Bəziləri qələm əhli olduğumuzu bilən kimi, ürəyini açır, keçmişdən bugünə kimi yaşadıqlarının hamısını birnəfəsə deyir.

Bəzisi kəsə yolla gedib imdad diləyir, bəzisi işin axırının necə bitəcəyini bilsə də, əlacı bizdə görür, əlimizdəki rəmzi qələmin görünməyən “sehrli çubuq” olduğunu zənn edir. Sanki problemlərin həlli, əlacı yalnız bizdədir və s...

Bu yaxınlarda kifayət qədər insanın yığışdığı bir yığıncaqdan xəbər gətirdilər ki, ordakıların heç biri nə mövcud karantin rejiminin şərtlərini, nə sosial məsafəni, nə də başqa tədbirlərə əməl ediblər. Halbuki, ora yığışanların heç də hamısı eyni ailənin üzvləri deyil ki, koronavirus daşıyıcısı olub-olmadığını dəqiq bilsin. Hər kəs başqa bir yerdən, evdən gəlib, kimin hansı xəstəliyi, virusu olduğunu da ancaq özü bilir. Ya da ki, heç bilmir. Bir yerdən başqa yerə getmək üçün avtobusa yerləşəndə də salonda kimsə adicə bir maskadan da istifadə etməyib. Şəhərin mərkəzinə yaxınlaşanda isə bir nəfər deyib ki, heç olmasa maskalarınızı ağız - burnunuza qaldırın ki, bayırdan görən olsa, bilsin ki, qorunuruq. Görən də kim olsa yaxşıdır? Əlindəki silahı “qələm” olanlar...

Maarifləndirməni peşə borcumuzdan savayı, həyati bir öhdəlik kimi götürənlər üçün kimisə pis vərdişdən, hadisədən və s. çəkindirmək az qala vicdan məsələsinə çevrilib. Bu, daimi hal alaraq az qala, vərdişə, adətə çevrildiyindən, hər an üzə çıxan məsələlərdə, hadisələrdə iştirakımızı birmənalı şəkildə zərurətə çevirir. Necə deyərlər, belə vəziyyətlərə düşmək sanki təsadüfdən deyil, elə bil ki, zərurətdənmiş.

Elə bu zərurətdəndir ki, sıradan biri olmaq istəyinə rəğmən, gecə-gündüz demədən, istirahətdə, yaxud, iş saatında olmasına baxmayaraq, daim ayaq üstə, ayaqda, hadisələrin gedişatı axarındayıq. Axın da hara getdi, getdi, ya qismət...

Amma istərdik ki, hansısa bir toplumun içində olarkən, hansısa işdə, tədbirdə, yığıncaqda iştirak edərkən, bizlər də hamıdan birinə çevrilək. Peşəmiz yalnız onun tələb olunduğu, vazkeçilməz məqamlarda üzə çıxsın. İştirakımız maarifçilik missiyasını daim bir yerdən başqa yerə daşısa da, məsuliyyətimiz hamınınkını əvəz etməsin. Hadisələr mütləq biz deməliyik, yönləndirməliyik, başa salmalıyıq, yol göstərməliyik prinsipiylə işləməsin. Çünki hər kəsin az, yaxud çox olsa da, öz məsuliyyəti var. Bu, qeyd-şərtsiz belədir. Məsuliyyətdən boyun qaçıran, yaxasını ələ verməyəndən isə heç normal vətəndaş da ola bilməz. Vətəndaş məsuliyyəti sərgiləmək bir qismin, yəni silahı qələm olanların da öhdəliyini azacıq azaltmaq deməkdir. İstənilən məkanda baş verən məsuliyyətsizliyə, pis vərdiş və olaya, bir sözlə, mənfi adda olanlara təpki göstərmək və nəzarət etmək üçün heç də jurnalist vəsiqəsi daşımaq tələb olunmur. Maarifləndirmək təkcə müəyyən, məhdud bir sahənin, peşənin adamlarının “alnına yazılsa” da, vətəndaş məsuliyyətini hiss etmək, bunu daşımaq hamının mənəvi borcu olmalıdır.

Bu məqam, tədbirdə, yığıncaqda jurnalist, müxbir var, yazacaq, aləmə car çəkəcək, işimizi pozacaq deyə, narahatlıq yaradacaqsa, çətini asan edin. Çox yox, hər kəs bir az məsuliyyətli olsun ki, hansısa yerdə, məkanda yığışanda, toplaşanda qulağı səsdə, ürəyi qəfəsdə olmasın. Və təbii ki, hamımız gürzü bir zindana vurmaq istəyiriksə...

 Nigar Orucova