Subsidiyalar korrupsiya yemdir

21:22 07-07-2021 369

Bildiyiniz kimi, dövlət tərəfindən tənzimlənən qiymətlərin artması, bir çox hallarda sosial narazılıqlara səbəb olur. Bu narazılıqların qarşısını almaq üçün dövlət və hökumət təmsilçiləri belə bəyanatlarla (daha doğrusu, müxtəlif nağıllarla xalqın başını qatmağa çalışırlar) çıxış edirlər ki, bu qiymət artımı sosial narazılığa səbəb olmamalıdır. Çünki dövlət kənd təsərrüfatı məhsulları istehsalçılarına və xidmət sektorunda çalışan sahibkarlara öz fəaliyyətlərini normal davam etdirmək üçün kompensasiya və subsidiyalar verəcək. Məsələn, dizel yanacağının qiyməti artanda Tarif (qiymət ) Şurasının təmsilçiləri açıqlama verdilər ki, yanacağın qiymətinin artması səbəbindən kənd təsərrüfatına və ictimai nəqliyyatda sərnişindaşınmaya mənfi təsirini aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub. Yəni, bu sahədə baş verə biləcək neqativ təsirləri neytrallaşdırmaq üçün kənd təsərrüfatında çalışan fermerlərə subsidiyalar, ictimai nəqliyyat sektorunda çalışan sahibkarlara isə kompensasiya veriləcək. Həmçinin, qeyd edilirdi ki, sahibkarlıq subyektlərinə kompensasiyaların verilməsi, sosial həssas qrupların mənafeyinə xidmət edir. Yəni ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq. Maraqlıdır, onda dövlətin marağı nədir ki, yanacağın qimətini artırır? Bu qiymət artımı ilə büdcəyə əlavə vəsait gələcəksə və bu vəsaiti yenidən kompensasiya və subsidiya adı ilə sahibkarlara verilməsinin məntiqi başa düşülmür. Əslində, hər şey gün kimi aydındır. Tarif Şurası məmurların təklifi ilə yanacağın, qazın, suyun, işığın və digər xidmətlərin qiymətini qaldırmaqla xalqın «cibinə girir», oradan çıxardığı pulların bir hissəsini kompensasiya və subsidiya şəklində sahibkarlara qaytarmaq adı ilə korrupsiyanın yeminə çevirir. Bu səbəbdən də, sahibkarlar müflis olmamaq üçün istehsal etdikləri məhsulun qiymətini qaldırmaq zorunda qalırlar. Bəzi dövlət məmurları və deputatlar isə bunu süni qiymət artımı adlandırırlar. Əslində isə süni qiymət artımı insanların gözündən pərdə asmaq üçün işlədilən bir ifadədir.

Qiymət artımını təklif edən, sonradan onu kompensasiya və subsidiya adı ilə mənimsəyən məmurlar çox gözəl bilirlər ki, süni qiymət artımı, sadəcə bir mifdir. Bu yolla onlar və onlarla əlbir olan bəzi işbazlar milyonlarla dövlət vəsaitini talamaq imkanı qazanırlar. Bunun qarşısının alınmasının isə bir yolu var. Bütün bu sahələri ciddi ictimai nəzarət altına vermək.

Dövlət tərəfindən tənzimlənən qiymətlərə də, ictimai təşkilatlar və qruplar nəzarət etməlidirlər. Dövlət tərəfindən yaradılan Tarif (qiymət) Şurası kimi qrumlara dövlət məmurlarının cəlb olunmasının isə əsas məqsədi burada baş verənləri ictimaiyyətdən gizlətməkdir.

Bugünlərdə parlamentdə çıxış edən deputat Razi Nurullayev təklif edib ki, Tarif Şurası ləğv edilsin və onun səlahiyyətləri parlamentə verilsin. O qeyd edib ki, 10 milyon əhalinin, hər bir ailənin və fərdin yaşamına təsir edən qərarları 5-6 məmur yox, xalqı təmsil edən parlament qəbul etməlidir.

Bu məsələyə münasibət bildirən iqtisadçı-alim, keçmiş deputat Nazim Baydəmirli hesab edir ki, Şuranın formalaşmasında QHT üzvləri, ictimaiyyətin nümayəndələri, deputatlar və dövlət nümayəndələri iştirak etməlidirlər. O, həmçinin bildirib ki, əslində parlamentin indiki səlahiyyətləri də imkan verir ki, hökumət nümayəndələrini, TŞ üzvlərini parlamentə dəvət edib, onlardan qiymət artımının əsaslandırılmasını tələb etsin. Bunun üçün Milli Məclisdə həqiqətən xalqı təmsil edənlər olmalı, eyni zamanda detputatların müstəqilliyi təmin olunmalıdır. Əks halda atılan hər hansı bir addım  inhisarçıların maraqlarına xidmət edəcək. Eksper deputatdan fərqli olaraq hesab edir ki, Tarif Şurası parlamentə tabe edilməməlidir, sadəcə olaraq formalaşdırılmasında zəruri qurumların təmsilçiləri iştirak etməlidirlər.

 Bu gün göz önündə olan isə odur ki, məmur diktaturasının hökm sürdüyü bu məmləkətdə, sadə insanların hüququnu heç kim müdafiə etmir. Bu qədər!

 Şahnaz Salehqızı