Vətən sevgisinin ilahi qüdrəti

21:31 07-07-2021 423

Vətən müharibəsində əzəli yurd yerimiz olan, 30 il düşmən əsarətinə düşən Qarabağın azadlığı uğrunda canını qurban verən Mirzəhəsən Şahin oğlu Əlizadənin adı doğulub boya-başa çatdığı Astarada böyük iftixar, qürur hissi ilə çəkilir. Ona görə ki, Mirzəhəsən övladı olduğu doğma Azərbaycan üçün yaşadı, çox ləyaqətli, unudulmaz bir ömür yolu keçdi. Ürəyində xalqına, Vətəninə odlu məhəbbət yaşatmaqla və son nəfəsdə doğma torpağının şərəfini qorumaqla 28 yaşında şəhidlik zirvəsinə ucaldı. Xalq öz qəhrəman oğlunu qəlbində yaşatmaqla, dövlət də onu “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medallara layiq gördü.

Mirzəhəsən müstəqil həyata qədəm qoyanda millət, yurd, Vətən sevgisini hər şeydən əziz bilir. Bu sevginin qanadlarında ömrünü yasamdan ötrü müqəddəs əməllərə tapınmaqla dünyanın gözəl işlərinə can atır. Elə Astara Pedaqoji Kollecinin “Fiziki tərbiyə və İdman müəllimi” şöbəsinə daxil olmağı da xalqına daha çox fayda vermək idi.

2009-cu ildə Mirzəhəsəni ordu sıralarına çağırırlar. Vətənsevərliyi, qeyrəti, saflığı ilk gündən özünü göstərir. Xidmət etdiyi hərbi hissədə üzərinə düşən hər bir tapşırığın məsuliyyətini yaxşı bilir, onu layiqincə yerinə yetirir. Öz nümunəvi xidməti ilə əsgər yoldaşlarına bir daha sübut edir ki, Vətəni necə sevərlər, torpağı necə qoruyarlar. Qarabağın düşmən tapdağına çevrilməsini heç cür qeyrətinə sığışdıra bilmir. Buna görə əsgərliyi başa vurub müddətdən artıq xidmətə başlayır.

Qarabağ müharibəsi başlanan gündən Mirzəhəsən Vətəni qanı bahasına yaşadan qeyrətli oğulların birincisi olur. Murdar niyyətli erməni dığalarına qarşı amansız olacağına, hər qarış torpaq uğrunda son nəfəsə qədər döyüşəcəyinə and içib müharibə meydanına atılır. “Həmlə” taborun tərkibində Füzulinin, Cəbrayılın, Qubadlının azad olmasında sözün həqiqi mənasında düşmənə qan qusdurur, ürəyincə qisasını ala bilir. Şiddətli döyüşlər zamanı Mirzəhəsən şəxsi rəşadət göstərməklə dığaların belini qırır. Yaxşı döyüşməklə bərabər, həm də həyatını təhlükəyə atıb yaralı yoldaşlarını çiynində müharibə meydanından çıxardır.

Mirzəhəsən Zəngilan uğrunda gedən ağır ölüm-dirim savaşında düşmənin qəfil gülləsinə tuş gəlir. Beləcə Vətən sevgisindən daha bir igidin nəsibi müqəddəs şəhidlik zirvəsindən boylanan səadəti olur. Bununla da Mirzəhəsən zaman-zaman mənən var olmaq xoşbəxtliyinə qovuşur.

 Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü