Abşeron rayon Mərkəzi Xəstəxanasında müəmmalı ölüm - Prokurorluq işə niyə xitam verdi?

23:21 08-07-2021 549

Azərbaycanda doğuş zamanı baş verən ölüm halları ilə bağlı statistika hər gün artır. Bu barədə dəfələrlə həyəcan təbili çalınsa da, hələ ki önləyici tədbirlər görülməyib. Azərbaycan səhiyyəsindəki qüsurlardan, həkim etinasızlığından əziyyət çəkənlərdən biri də Əhmədovlar ailəsidir.

proqnoz.com Yenisabah.az-a istinadənxəbər verir ki, bu ailə aprelin 19-da Abşeron rayon Mərkəzi Xəstəxanasında qızları Aysel Məhərrəmovanı itirib. Xəstəxanadan səbəb olaraq qəflətən qıcolma göstərilsə də, ata Nazim Əhmədov qızının ölümündə həkim Kəmalə Atakişiyevanın günahkar olduğunu deyir. Onun sözlərinə görə, yoxlama zamanı qızı Ayselə iynə vurulub və bu onu şok vəziyyətinə salıb, həkimlər ilk əvvəl hadisəni gizlətməyə çalışsalar da, Ayselin vəziyyəti ağırlaşdığı üçün onlar ailəni xəbərdar etməyə məcbur qalıblar:

“Mənim qızım Məhərrəmova Aysel Nazim qızı 19 aprel 2021-ci il tarixində anası Əhmədova Güllü ilə birlikdə 2-ci övladını dünyaya gətirmək üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına gedib. O, xəstəxanaya sərbəst halda daxil olub. Abşeron rayon Mərkəzi Xəstəxanasının Mamalıq-Ginikologiya Şöbəsinin müdiri Kəmalə Atakişiyeva qızım Ayseli qəbul edib və hər şeyin qaydasında olduğunu bildirib. Həmin gün səhər saat 10:30 radələrində qızım anası ilə telefonla sərbəst danışıb. Aradan 30 dəqiqə keçəndən sonra Kəmalə Atakişiyeva həyətə düşərək, “Qızınızın övladı oldu, hər şey qaydasındadır”,-deyərək yoldaşımı arxayın edib və evə yola salıb.

Bu zaman həmin şöbədə işləyən xadimə xanım yoldaşıma, “Bəlkə, getməyəsən”,- deyə müraciət edib. O da narahatlıq keçirərək nə baş verdiyini soruşub, lakin xadimə heç nə olmadığını deyib. Bu da bizə Kəmalə Atakişiyevanın cinayəti gizlətdiyini deməyə əsas verir. Həmin hadisədən sonra yoldaşım yemək hazırlamaq üçün evə gəlib və təxminən bir saat sonra xəstəxanadan zəng edərək, “Geri qayıt, Ayselə dərman lazımdır”,-deyiblər.

Güllü xanım xəstəxanaya çatanda həkim Kəmalə Atakişiyeva deyib ki, qızınızın vəziyyəti pisləşib. Qohum-qardaş xəstəxananın qarşısına yığılanda xəstəxananın rəhbərliyi mühafizə dəstəsi çağıraraq bizə xəstəxanaya daxil olmağa, nə baş verdiyini öyrənməyə imkan verməyib, bu yolla da öz cinayətlərini ört-basdır ediblər. İndi də bir qrup cinayətkar həkim ekspertlə əlbir olaraq övladımın müəmmalı ölümünü gizlətməyə çalışır. Ölüm səbəbi olaraq qəflətən qıcolma göstərilir. Əlbəttə ki, bu onların uydurduğu böyük bir yalandır, bizim övladımızın heç bir qıcolması olmayıb. Sadəcə yoxlamadan övladıma vurulan iynə onu şok vəziyyətinə salıb və ölüb”.

Birinci Qarabağ müharibəsi veteranı Nazim Əhmədov Abşeron rayon prokurorluğunun da məsələyə biganə yanaşdığını qeyd edib:

“3 ay yersiz süründürməçilikdən sonra Abşeron rayon prokurorluğunun müstəntiqi Bəxtiyar Göyüşov həkimlərin açıq cinayətinin olmasına baxmayaraq, “Sizin işə xitam verildi”,- deyə bizə məlumat verdi. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də, Abşeron prokurorluğu mənim gənc övladımın ölümünə çox biganə yanaşır. Çünki Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova keçmiş baş prokuror Zakir Qaralovun yaxın qohumudur. Dövlətimdən bu məsələnin aydınlaşdırılmasını istəyirəm”.

Yazıda əks olunan ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Müəllif Sayad HƏSƏNLİ 

Mənbə Yenisabah.az