Xəzər Aslanovun Xızıda “yaşıl soyqırım”ı davam edir? - İDDİA

23:36 08-07-2021 468

Xızıda yaşıllıqları dəmir hasarlarla mühasirəyə alıblar.

Tia.az xəbər verir ki, hektarlarla ərazidə olan meşəlik zəbt olunaraq tikintiyə başlanıb. Bu hasarlamanı kimin həyata keçirdiyi bilinməsə də, Xızıda əksər yerlər məmur işğalı altında inildəyir.

Rayon icra başçısı Xəzər Aslanov Xızıda bütün əraziləri qarış-qarış satmaqda davam edir. Hazırda Xızı vəzifəlilərin, məmurların villalarının mühasirəsindədir. Ona görə ağaclar qırıla-qırıla gedir.

Mediada yayılan məlumatlara görə, Xızı şəhərindəki köhnə xəstəxanaya yaxın ərazidə stadion tikintisi üçün ayrılmış torpaq sahəsi şəhər bələdiyyəsinin sabiq sədri Möhsüm Bağırovun "zəhməti” hesabına icra başçısı Xəzər Aslanov, İH başçısının indiki müavini Arzu Əzizov və icra hakimyyəti başçısının sabiq müavini Azər Əlizadə arasında bölüşdürülüb.

İcra başçısının və müavininin sınırsız iştahı qarşısında 2.5 hektarlıq böyük bir palıd meşəsi də xızılıların və Ekologiya Nazirliyinin regional idarəsi rəhbərliyinin gözü qarşısında yoxa çıxıb.

Sonradan məlum olub ki, bu "yaşıl soyqırımın” icraçıları saxtakarlıqla dolu əməllərinə qanuni don geyindirmək üçün sözügedən ərazinin xəritəsində sürüşdürmələr aparıblar. Bu yolla Xızı rayonu ərazisində xeyli tarpaq sahəsii mənimsənilib.

Nədənsə, Xızı rayon icra aparatının başçısı Xəzər Aslanovun və müavini Arzu Əzizovun bu əməlləri hələ də hüquqi qiymətini almayıb.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə tia.az