5 bıçaq zərbəsi nəticəsində böyrəyi və ciyərindən zədələnən Asəf Həsənov əlillik dərəcəsi ala bilmir

23:43 08-07-2021 387

“Biri gəlib məni öldürsün, heç olmasa, uşağım yetimpulu alsın”

Asəf Həsənov 2017-ci ildə 5 bıçaq zərbəsi nəticəsində böyrəyindən və ciyərindən zədə alıb. Nəticədə onun sağ böyrəyi götürülüb, ciyərində isə birinci dərəcəli əməliyyat keçirilib. Asəf Həsənov ona əlillik dərəcəsinin verilməməsindən şikayətçidir. Deyir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası onun sənədlərini qaytarmır.

Şikayətçi Səhiyyə Nazirliyinin qaynar xətti ilə əlaqə saxlasa da, onu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yönləndirirlər. Xəstəxana isə ona əlillik dərəcəsinin düşmədiyini deyir. Bir böyrəyi olmadığı üçün Asəf Həsənov iş tapmaqda çətinlik çəkir.

Evinin qarşısında kiçik oyuncaq dükanı açsa da, bir neçə ay sonra qeydiyyatı olmadığı üçün ona cərimə xəbərdarlığı edilib. Hazırda sahibkar obyektini işlədə bilmir. Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya, Sahibkarlığın İnkişafı Fonduna məktublar da yazıb.

Şikayətçinin bir yaşında övladı var. Deyir ki, təkcə onun bir günlük yeməyi 15 manatdır. Bundan əlavə, bacısı və anası da kirayədə yaşayır. Asəf Həsənov prezidentdən məsələyə baxılmasını, ona kömək edilməsini xahiş edir.