İcra başçısı Ziyəddin Əliyev bütün Qubanı özəlləşdirib - İDDİA

16:12 10-07-2021 450

Ölkəmizdə rayon icra başçılarının bir qismi bu vəzifəyə “yol sökməklə”, daha doğrusu, dövlətin yol tikintisinə ayırdığı milyonları mənimsəməklə, oğurlamaqla gəliblər. Belə icra başçılarından biri də Qubanın icra başçısı Ziyəddin Əliyevdir.

Qubanın icra başçısı Ziyəddin Əliyevin ömrünün çoxu “yolda” keçib, uzun illər “Bakı Yol Tikinti-1”in direktoru, “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb.  Qubanın icra başçısı Ziyəddin Əliyev yolun hesabına milyonlar qazanıb və tikdiyi yollar da bir neçə aydan sonra dağılıb.

Nəhayət, 40 il yolları sökə-sökə “ Əməkdar mühəndis” olan Ziyəddin Əliyev 2017-ci ildən Qubanın icra başçısıdır. Və indi də Qubanı sökməklə məşğuldur. İcra başçısı Ziyəddin Əliyev Qubada xırda bir parkı abadlaşdırmaq üçün 300-400 min xərcləyir, amma 1 milyon 700 min manat silir.

Bir neçə il əvvəl Ziyəddin Əliyevin izinə Ukraynanın Korrupsiyaya qarşı Milli Agentliyi düşmüşdür. Belə ki, Qubanın icra başçısı Ziyəddin Əliyev Ukraynadakı asfalt zavoduna 7 milyon avro kapital qoyub.
Görəsən, Ziyəddin Əliyev 7 milyon avronu necə qazanıb?

Qubanın icra başçısı Ziyəddin Əliyev izi itirmək üçün Ukraynadakı ona məxsus “Alov-bud” şirkətinin qeydiyyat sənədlərindən öz adını çıxardaraq Ukraynadakı biznesini idarə edən Vüqar Hacıyevin adına rəsmiləşdirilib. Vüqar Hacıyev isə Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin qardaşıdır.

Ziyəddin Əliyev təkcə yollardan deyil, hətta koronavirusdan pul qazanır. Qubadakı hər sahibkardan, hər dükandan “aylıq” alır. Mediada yayılan məlumatlara görə Qubanın Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı da icra başçısınındır.

Mediada yayılan məlumatlarda qeyd edilirdi ki, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin məhşur iş adamı Qod Nisanovun yaxın qohumu olan Yaşa Qililova 800 min dollar pul “atdığı” iddia edilib.  Yaşa Qililov Quba rayonu Vladimirovka kəndində yerləşən ona məxsus “Fayton” restoranını Ziyəddin Əliyevə 1 milyon dollara satıb.

Mediada yayaılan məlumatlarda qeyd olunurdu ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan zaman icra başçısı restoran sahibinə razılaşdırılmış məbləğin 200 min dollarını ödəyərək, yerdə qalan 800 min dolların yaxın müddətdə çatdırılacağını vəd edib.

Lakin sənədləşmə işləri tam yekunlaşdıqdan sonra Ziyəddin Əliyev restoranını aldığı Yaşa Qililova borclu olduğu 800 min dolları qaytarmaqdan boyun qaçırır.

İcra başçısı Ziyəddin Əliyevin mülklərinin, biznes obyektlərinin siyahısı heç bir kitab-dəftərə sığmır.

Belə ki, Ukraynadan tutmuş İngiltərəyə, Türkiyəyə, Avropanın böyük şəhərlərinə qədər Ziyəddin Əliyevin milyonluq mülkləri var. Görəsən bəlli bir maaşla bu adam dəyəri on milyonlar olan bu varidatı necə əldə edib?

Mediada yayılan məlumatlara görə, icra başçısı Ziyəddin Əliyev hətta Qubada şəhərdaxili yolları sahibkarların hesabına təmir etdirir, yol saldırır. Dövlətin ayırdığı vəsaiti isə həzm-rabedən keçirir. Quba bələdiyyəsinin sədri Anar müəllim isə icra başçısının pul yığanıdır.

Digər yayılan məlumatda isə qeyd edilir ki, icra başçısı Ziyəddin Əliyev Leyla Şıxlinskaya məxsus SPA Bərpa Mərkəzini də ələ keçirmək istəyir.

Bir sözlə, Ziyəddin Əliyev bütün Qubanı özəlləşdirib. İcra başçısının xanımı Donara Əliyeva da həyat yoldaşından geri qalmır. Əvvəllər Quba Mərkəzi Xəstəxanasının (RMX) Yoluxucu xəstəliklər şöbəsinin müdiri olan Donara xanım son vaxtlar Quba rayonunun baş infeksionisti olub.

Qubanın icra başıçısı Ziyəddin Əliyevin Çexiyadakı biznesini isə 26 yaşlı oğlu Nicat Əlibəyli idarə edir. 2017-ci ilə aid illik maliyyə hesabatına görə icra başçısına aid bu şirkətin aktivləri 15 milyon kron, yəni yarım milyon dollar civarındadır.

Qeyd edək ki, Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb. Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə məhdudlaşdırmayıb. Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. Bu şirkətin fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.

Ziyəddin Əliyev Qubanın ən münbit torpaq sahələrini özəlləşdirərək satır. Onu da qeyd edək ki, ölkədəki oliqarxların çoxunun Qubada möhtəşəm villaları, mülkləri var. Bu oliqarxlar da icra başçısına “torpaq basdı” pulu verirlər.

Ümumiyyətlə, Ziyəddin Əliyev və qardaşı pul qazanmaq üçün hər yola gedirlər. Qubanın icra başçısı Ziyəddin Əliyev qardaşlardan biri, Şahvələd Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general- mayordur. Xidmətdəki bütün maliyyə maxinasiyalarına cənab general baxır və hər tenderdən, təmir işlərindən “otkat”ını alır.

Bir sözlə, Ziyəddin Əliyev və qardaşı dövlət vəsaitini oğurlamaqla milyonçuya çevriliblər.
Bəs, görəsən, dövlətin hüquq-mühafizə orqanları hara baxır ? Bu sualın cavabı bizlik deyil. Bizim işimiz neqativ halları işıqlandırmaqdır.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə gundelik-baku.com