Abşeronda bələdiyyə sədri Məhi Həsənov “torpaq satmaq” biznesinə girişib? - İDDİA

16:15 10-07-2021 531

Məlumdur ki, bələdiyyələr qanunla müəyyən olunmuş ərazi hüdudları çərçivəsində yerli özünüidarəetməni həyata keçirən bir qurumdur. Ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi və s. mövcuddur ki, onlar qəbul olunmuş qanunlar çərçivəsində səlahiyyətlərinə aid çoxsaylı sosial məsələləri müstəqil şəkildə həll etməyə borcludurlar.

Bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın göstəricisidir. Vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunur ki, hər kəs öz yaşayışında bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin.

Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində bələdiyyələr yalnız “torpaqsatan” kimi ad çıxardılar. Bələdiyyə sədrləri isə şəhər – rayon icra hakimiyyətlərinin başçılarından asılı şəxslərə çevrildilər. Bu gün hamıya gün kimi aydındır ki, bələdiyyə başqanları yalnız kağız üzərində “seçilir”, de-fakto şəhər-rayon rəhbəri tərəfindən imperativ göstərişlə təyin olunurlar.

Onlar təkbaşına qərar verir, bələdiyyənin üzv və qulluqçuları ilə məsləhətləşməyə belə lüzum görmürlər. Korrupsiyalaşmış bələdiyyə sədrləri arasında cinayət məsuliyyətinə cəlb olunanlar da az deyil. Amma çoxu bələdiyyə mülkiyyətində və sərəncamında olan vəsaitlərlə öz ata malı kimi davranıb kəmiyyəti böyük rəqəmlərlə ölçülən haram kapitala sahib olublar.

Belələrindən biri də Abşeron rayonunun Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənovdur. Adam o qədər “şişib” ki, rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində son dövrlər vüsət almaqda olan apartman biznesinə girişib və deyilənə görə, bu işlə məşğul olan 3-4 nəfər monopolistdən biridir. Aydın məsələdir ki, Məhi Həsənov bələdiyyə başqanlığının ona qazandırdığı fürsətdən yararlanaraq ələ keçirdiyi kapitalı daha da artırmaq üçün məhz bu biznesə sərmayə yatırıb.

Monopolistlər rayonun yaşayış üçün ən cazibədar yeri alan, Bakı şəhərinə paytaxtın özünün əksər qəsəbələrindən də yaxın olan Xırdalanda yerləri bələdləyir, sonra orada apartman tikib satırlar. Həm də belə binaların tikintisində heç bir şəhərsalma və arxitektura prinsipi gözlənilmir, tamamilə maddi maraq güdülür.

RealMedia.az-a etibarlı mənbədən verilən məlumata görə, Məhi Həsənov iştirak etdiyi məhrəm məclislərdə Dövlət Şəhərsalma və Arixtektura Komitəsinin ünvanına gileylənir ki, bu qurumun nəzarətedici funksiyaları artırılandan bəri işlər çətinləşib, yəni, əvvəllər olduğu kimi yalnız RİH başçısı İradə Gülməmmədova ilə hesablaşmaq daha sərfəli idi.

Xatırladaq ki, ötən ay Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar qəbul edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında qanunsuz tikinti dayandırılıb. Qeyd edək ki, həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi FHN-nin az öncə işdən çıxarılan əməkdaşı Araz Musayev həyata keçirirdi. Yəqin, Tahirovun narahatçılığına səbəb belə qərarların davamlı olacağı gözləntisidir.

P.S. Saray qəsəbəsi Abşeron rayonunda həmişə torpaq alveri üçün münbit şəraiti ilə seçilib. Bələdiyyənin sabiq xanım sədri də torpaq üstündə mübahisə zəminində sürücüsü tərəfindən qətlə yetirildi. İstintaqın gedişində mərhumənin çoxlu sayda belə mübahisələrlə qayğılı olduğu üzə çıxmışdı. Görünür, hazırki sədr də onu belə bir aqibətin gözlədiyini nəzərə alıb fəaliyyətini biznes müstəvisinə keçirməyə qərar verib. Növbəti bələdiyyə seçkilərində onu namizədlər sırasında görməsək, təəccüblənməyə dəyməz.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə RealMedia.az