Taleh Qaraşov müavinini işdən çıxardı: Özü isə 9 ildir Lənkəranda icra başçısıdır

16:21 10-07-2021 477

Lənkəran rayon İcra Hakimiyyətində (İH) kadr dəyişikliyi olub.

Milletinsesi.info-ın məlumatına görə, Lənkəran İH-i başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov vəzifəsindən azad edilib. 

Onun adı qurumun struktur bölməsindən də çıxarılıb. Hələlik Xalid Rəhimovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Lənkəran rayon icra hakimiyyətinə Taleh Qaraşov rəhbərlik edir. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Taleh Qaraşov və və onun ailə üzvlərinə məxsus biznesin, böyük pul kütləsinin mövcudluğu haqqında dəfələrlə mediada məlumatlar dərc olunub.

Mediada yayılan məlumatlarda qeyd olunur ki, 9 ildir Lənkəranda 1045 manat (əhalisinin sayı 100 min nəfərdən çox olan rayonların icra başçılarının maaşı) maaş alan Taleh Qaraşovun oliqarxa çevrilməsi onun 1996-cı ildən başlayan icra başçısı karyerası ilə bağlıdır.

Taleh Qaraşov təkcə Lənkəranda deyil, bundan əvvəl Kürdəmir, Cəlilabad, Neftçala, Astara rayonlarda icra başçısı işləyərkən də xalq-dövlət münasibətlərinə balta çalıb. Təsadüf deyil ki, o, haqqında ən çox şikayət edilən icra başçılarından biridir.

Taleh Qaraşovun rəhbərliyi dönəmində Lənkəran şəhərində:

– Əhalinin dövlətə və iqtidara olan inamsızlığı sistemli şəkil aldı. Hazırda ölkəmizdə müxtəlif dağıdıcı və radikal qrupların tərkibində xeyli sayda Lənkəran sakini var və say artmaqda davam edir. Bu şəxslərin fəaliyyətlərini müşahidə etsək, onların daha çox rayon rəhbərliyinin “əməyi” sahəsində mövqe dəyişdirdiklərinin şahidi ola bilərik.

– Statistikaya müraciət etsək, görərik ki, ölkəmizdən xarici ölkələrə üz tutan şəxslərin böyük bir faizini də Lənkəran sakinləri təşkil edir. İnsanların paytaxta olan ümidlərini alt-üst edən rayon rəhbərliyi həmin vətəndaşlar üçün xaricə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Daha Lənkəranda Bakıya da olan ümidlər azalıb və közərir.

– Əhalinin radikal dini qruplara olan meylləri daha da artıb;

– Lənkəranda narkomaniyanın səviyyəsi yüksələn xətt üzrə inkişaf edir;

– Rayonda ideoloji boşluqların doldurulması üçün heç bir addım atılmayıb;

– Qəbidədir ki, paytaxdan mərkəzləşdirilmiş şəkildə – ölkədə aparılan ümumi iqtisadi-sosial islahatların nəticəsi olaraq, Lənkəranda yeni iş yerləri açılsa da, orada işsizliyin sayı sürətlə artır;

– İnsanların hələki fərdi şəkildə mərkəzdənqaçma meylləri güclənir;

– Şəhid ailələrinin və qazilərin narazılıqları günbəgün artır;

Əhalisinin zəhmətkeş olduğu, tarix boyu xalqımıza ziyalı, vətənpərvər, dövlətə sədaqətli insanlar bəxş edən Lənkəranda mövcud durum belədir. Çox təəssüf ki, Taleh Qaraşov bütün bu mənfi halların aradan qaldırılması üçün addımlar atmaq əvəzinə zaman-zaman digər ucuz yollara baş vurmalı olur.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.