Muxtar Babayev Lənkəranda meşə ərazisini “Beta” şirkətinə 26 manata icarəyə verib – FOTOFAKT

21:59 13-07-2021 405

Son günlər mediada və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilən meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatlar yayılıb və ciddi narazılığıa səbəb olub.

Yeniavaz.com xəbər verir ki, narazılığın böyüməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlma verərək “Beta” şirkətilə  bağlanan müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyinin aşkar olunduğunu etiraf edib.

Bildirilib ki, araşdırmaların nəticəsi olaraq kəsilən ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəyən ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilir. 

Məlumat üçün bildirək ki, bu gün sosial şəbəkələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə “Beta” şirkəti arasında bağlanan müqavilənin mətni yayılıb.

Məlum olub ki, nazirlik ümumilikdə 42 hektar meşə ərazisini 15 il müddətinə “Beta” şirkətinə icarəyə verib və illik icarə haqqı 1092 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, nazirlik hər hektar üçün “Beta” şirkətindən il ərzində 26 manat icarə haqqı alacaq.