Prezident 10 ildir sərəncam verib, amma Babəkin heykəli hələ də yoxdur

22:21 13-07-2021 261

Tam 10 il əvvəl Prezident İlham Əliyev Bakıda görkəmli sərkərdə Babəkin heykəlinin ucaldılması haqqında sərəncam imzalayıb. Lakin “Yeni Günəşli” yaşayış sahəsi ilə Babək prospektinin kəsişməsində qoyulması planlaşdırılan Babəkin heykəlinin işləri hələ də tamamlanmayıb.

axar.az-a istinadən xəbər verir ki, heykəlin yarımçıq qalma səbəbi zaman-zaman gündəmə gətirilsə də, məsələ öz həllini tapmaq bilmir.

Heykəl ötən ilin mart ayında hazır olacaqdı, amma bu proses uzandıqca uzanır. Hər dəfə də müxtəlif səbəblər gətirilir: gah iddia olunur ki, sifarişçisinin SOCAR olduğu heykəlin hazırlanmasına yetərli vəsait ayrılmır, gah da pandemiya ilə əlaqədar işlərin dayandırıldığı bildirilir. Başıbəlalı heykəlin təxminən 40 faizinin hazır olduğu da qeyd olunur.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, Babəkin heykəlinin postamenti qoyulsa da, hələ də ucaldılmamasının səbəbi bir neçə təklifin hazırlanmasıdır:

“Sözügedən heykəllə bağlı Nizami rayon İcra Hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər. Hazırda təklifləri hazırlayırlar. Heykəlin hazırlanması üçün Komissiya yaradılır. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq”.

Xatırladaq ki, heykəl hazır olanda Babək prospektinin sonunda yerləşən böyük meydanda qoyulacaq. Heykəlin üzü şəhərə tərəf dayanacaq və ayağının altında budaq formasında postament olacaq. Postamentin hündürlüyü 8, heykəlin hündürlüyü isə 10 metr olmalıdır.