Oğuzun icra başçısı pulu yollara belə “axıdır” – Tenderlərin qalibi öz şirkətidir?

22:35 13-07-2021 405

Oğuz Rayon İcra Hakimiyyəti Oğuz şəhərində yolların təmiri üzrə satınalma müsabiqəsinə yekun vurub. Reportyor.info xəbər verir ki, müsabiqənin qalibi “Uğan” MMC-dir.

Qurumla şirkət arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 594 720 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Uğan” MMC-nin 14 oktyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 22800 AZN olan şirkətin hüquqi ünvanı Oğuz rayonu Daşagil kəndində yeləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Əmir Allahverdi oğludur.
Açıq mənbələrdə “Uğan” MMC və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.

Araşdırmalarımız zamanı məlum olub ki, Əmir Əliyev keçmiş məmurdur. O, vaxtilə Oğuz rayonunda maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

“Uğan” MMC əsasən Oğuz Rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi olur. İddialara görə, bunun səbəbi şirkətin icra başçısı Eyvaz Qurbanova yaxın şəxsə məxsus olmasıdır. Bəzi məlumatlarda isə “Uğan” MMC-nin elə Eyvaz Qurbanova məxsus olduğu bildirilir.

Eyvaz Qurbanov 2011-ci ildən Oğuz rayonunun icra başçısıdır.

“Uğan” MMC də Eyvaz Qurbanovun rayona rəhbərlik etməsindən sonra davamlı olaraq  yerli hakimiyyətin keçirdiyi tenderlərin qalibi olmağa başlayıb.

Oğuz Rayon İcra Hakimiyyəti ötən il də Oğuz şəhərində yolların təmiri ilə bağlı tender elan edib və qalib şirkət “Uğan” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri isə  599 269.49 AZN təşkil edib.

Maraqlıdır ki, ötən il yarım milyondan çox vəsait xərclənən Oğuz şəhərinin yollarının bir il sonra yenidən təmirinə ehtiyac duyulub və bu dəfə də icra hakimiyyəti təmir işlərinə yarım milyondan artıq vəsait xərcləmək istəyir.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə Reportyor.info