Şəhid anası Qaxın icra başçısından narazıdır: "İcra başçısı dedi ki, indiyə kimi necə yaşamısınızsa, elə də davam edin”

22:39 13-07-2021 315

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Sadiq Məmmədovun anası Səadət Məmmədova Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevdən və bələdiyyə sədri Eyvaz Orucovdan narazı olduğunu bildirib. 
 “qafqazinfo”ya istinadla xəbər verir ki, şəhid anası 6 nəfər ailə üzvü ilə birlikdə şəraətsiz evdə yaşadıqlarını deyib. 

Səadət Məmmədova bildirib ki, torpaq üçün müraciət edən zaman bələdiyyə sədri Eyvaz Orucov onlardan rüşvət istəyib: “Torpaq üçün müraciət edəndə Eyvaz Orucov bizdən 3500 manat pul istədi. Boş ərazini göstərdiyimiz zaman bizə dedi ki, pul verməsəniz torpaq verməyəcəm. Övladım şəhid olandan bəri mən maddi olaraq heç nə görmədim. Oğlum ömrünün 22 ilini hərbi sahəyə həsr edib. Qarabağ müharibəsində də şəhid olub. Qaxda ən yüksək rütbəli şəhid mənim oğlum olsa da, hörmətsizlik ediblər. Torpağa tapşırılan gün icra başçısı və bələdiyyə sədri dəfndə iştirak etməyiblər. Özlərinin hər yerdə evləri var. İcra başçısına məsələ ilə bağlı şikayət edən zaman o, gəlinimə “indiyə kimi necə yaşamısızsınsa, elə də yaşamağa davam edin” deyib”.

Məsələ ilə bağlı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevdən və bələdiyyə sədri Eyvaz Orucovdan münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərin və dövlət orqanı nümayəndəsinində münasibətin ictimailəşdirməyə hazırıq.