"Azəriqaz" İB 9 ildir dövlətin sosial siyasətini sabotaj edir? - İDDİA

22:42 13-07-2021 378

Bir neçə gün öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım edərkən bəzi məsələlərə toxunub.

Qeyd edək ki, belə təcrübə inkişaf etmiş ölkələrdə populyardır, Azərbaycanda bunu müşahidə etmək nəzəri baxımdan çox xoşdur. Amma baş direktor müstəqil şirkət rəhbəri deyil, dövlətin korrupsyaner şirkətinin meneceri olduğunu sezdirərək, özü də bilmədən qaranlıq bir mətləbin üzərinə işıq saldı.

Belə ki, baş direktor çıxışında Mənzil Tikinti Kooperativlərinin (MTK) tikdiyi mənzillərin qazlaşdırılması zamanı quraşdırılan qaz sayğaclarının dəyəri və bundan sonra tətbiq olunacaq bəzi yeniliklər haqda məlumat verdi.

O, MTK-ların qaz sayğaclarını iyulun 1-nə qədər ödənişli əsaslarla aldığını xatırlatdı və bundan sonra məsələnin fərqli formada tənzimlənəcəyini qeyd etdi.. Onun sözlərinə görə, sonradan ödənişli (mexaniki-elektron) qaz sayğacları komplektinin dəyərinin 70-90 manat olmasına baxmayaraq, MTK rəhbərləri vətəndaşlardan böyük məbləğdə ödənişlər tələb edirdi:

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni inşa olunan çoxmərtəbəli binalarda iyulun 1-dən qaz sayğaclarının quraşdırılmasına dair müvafiq açıqlaması var. Vətəndaşlara müraciət edərək bildirilib ki, həmin tarixdən etibarən MTK-lara quraşdıran sayğaclara görə heç bir ödəniş etməsinlər. MTK-lara “Azəriqaz”ın verdiyi texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılacağı öz əksini tapacaq. Mənzil alan şəxsdən qaz sayğacına görə hansısa pul istənilərsə, mütləq texniki şərti tələb edib, öz hüquqlarını müdafiə etsinlər”.

Baş direktora xatırlatmaq istərdik ki, 2012-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) göstərilməsi haqqında" qanuna əsasən əhali qrupu üçün bütün növ sayğaclar ödənişsiz, yəni dövlət hesabına quraşdırılmalıdır.

MTK-ların tikdiyi binaların da təyinatı əhalinin istismarı üçün nəzərdə tutulduğundan MTK-lar da məntiqlə, həmin qanun qəbul olunduğu dövrdən bəri tikdiyi mənzillərin sayına müvafiq hər növ sayğaclarla təmin edilməlidirlər. Lakin qanunun başqa bir maddəsində göstərilir ki, kommersiya təşkilatlarının istifadəsi üçün nəzərdə tutulan bütün növ sayğaclar ödənişli əsaslarla quraşdırılmalıdır.

Bir məqama diqqət yetirmək gərəkir ki, MTK öz təsərrüfat ehtiyacları üçün sifariş verdiyi sayğaclar ödənişli, əhalinin istismarı üçün sifariş verdiyi sayğaclar isə ödənişsiz verilməli və "Azəriqaz" İB mütəxəssisləri tərəfindən xidmət haqqı alınmadan quraşdırılmalıdır. Əhali üçün bütün bu xərclər İB-ya dövlət büdcəsi tərəfindən ödənılır.

Belə çıxır ki "Azəriqaz" İB indiyə qədər qanunu pozaraq əhali qrupu üçün MTK-ların sifariş verdiyi sayğacları, onların kommersiya şirkəti olduğunu əsas götürərək, ödənişli əsaslarla satıb. MTK-lar isə bu pulu bir neçə qat artıq olaraq mənzil satdığı müştərilərdən, yəni əhali qrupundan alıb.

Qanunun məntiqi ondan ibarətdir ki, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqdan ötrü dövlət əhali qrupu üçün quraşdırılan sayğacların xərclərini özü çəkir. Əldə etdiyimiz qeyri-rəsmi məlumata əsasən "Azəriqaz" İB MTK-lara bu cür - mənzillərdə quraşdırmaq üçün satdığı sayğacları "əhali qrupu üçün ödənişsiz" adı altında sənədləsdirərək, həmin sayğacların pulunu bir qat da dövlətdən alıb.

Burada qazanan "Azəriqaz" İB və MTK-lar, itirən isə əhvalı olub. Qanunun məntiqi isə əksini nəzərdə tuturdu. Bu dövlətin sosial siyasətinin sabotaj etməkdir, ona görə də ötən 9 il ərzındə bu sabotajı həyata keçirən məmurlar cəzalandırılmalıdır.

Akif Nəsirli

MillətinSəsi.info