İlham Əliyevin Qoşulmama Hərəkatındakı hədəfləri – ŞƏRH

14:46 14-07-2021 315

2019-cu ilin oktyabrından Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdikdən sonra təşkilatın fəaliyyətində canlanma müşahidə edilir.

Azərbaycan 2022-ci ilədək Hərəkata sədrlik edəcək və bu müddət ərzində təşkilatın fəaliyyəti üçün prioritetlərini praktiki müstəviyə keçirməyi hədəfləyib.

2020-ci ilin mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü keçirilib.  

3-4 dekabr tarixlərində isə İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib.

İlham Əliyevin hərəkata sədrliyi təşkilatın fəaliyyət istiqamətlərini şaxələndirir və Hərəkat böyük nüfuz qazanır.

Hərəkatın məhək daşını təşkil edən “Bandunq prinsipləri”nin Azərbaycanın xarici siyasət prioritetləri ilə tam uyğunluq təşkil etməsi Bakının beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir.

“Bandunq prinsipləri” bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edir.

Prezident İlham Əliyev iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxış edərkən Azərbaycan xarici siyasətinin “Bandunq prinsipləri” ilə uyğunluğundan söz açıb.

Bildirib ki, Azərbaycan həmin prinsiplərə görə 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü olub.

İndi Bakı Qoşulmama Hərəkatında təkcə təşkilata üzv ölkələrin siyasi maraqlarının koordinasiyasına deyil, eyni zamanda humanitar təşəbbüslərə də üstünlük verir.

Azərbaycan sədr kimi humanitar yardımları ilə ön plana çıxır, İlham Əliyev Bakınının pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini xatırladıb.

Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib.

“Bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”, - deyə İlham Əliyev konfransda deyib.

Prioritetləri siyahısında humanitar prinsipləri rəhbər tutan Azərbaycan Hərəkatın sədri kimi “peyvənd millətçiliyinə” qarşı da mübarizə aparır.

Təsadüfi deyil ki, buna görə də Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb.

İlham Əliyev konfransda qeyd edib ki, bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir.

“Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”, - deyə İlham Əliyev əlavə edib.

Azərbaycanın Qoşulmama Hərəkatında aktivliyi, onun maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etməsi təşkilatın Azərbaycana rəğbətinin artmasına gətirib çıxarıb, Vətən müharibəsində Azərbaycanın mövqeyinə güclü dəstək verməsi ilə nəticələnib.

Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatına üzv ölkələr BMT Təhlükəsizlik Şurasının hazırladığı, Azərbaycanın əleyhinə işləyən sənədin qəbuluna mane olublar.

Bundan sonra Hərəkatın qarşısında yeni çağırışlar da durur və Azərbaycan sədr qismində həmin çağırışları reallaşdırmağa çalışır.  

İlham Əliyev söyləyib ki, Azərbaycan bundan sonra da Hərəkatın mövqeyinin və nüfuzunun güclənməsi sayəsində birgə səylər göstərməkdə davam edəcək.

Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılması, Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.

Hərəkata üzv ölkələrin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki yenidənqurma işlərində iştirakı Bakının maraqlarına cavab verir və şübhəsiz ki, Bakı bununla bağlı bütün imkanları nəzərdən keçirir.

Nəticə olaraq deyə bilərik:

1. Azərbaycan Qoşulmama Hərəkatının daha da güclənməsini qarşıya hədəf qoyub,

2. Bu, Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin dayanıqlı olmasını təmin edir.

Aqşin Kərimov