"Mən" yox, "Biz Sənə ibadət edirik"

18:27 14-07-2021 324

Bu terminlər oxşar olsalar da, fəqət aralarında nüanslı dərəcədə fərqli cəhətlər var. Camaat eyni duyğu, düşüncə və amalı paylaşan fərdlərdən təşkil olunan toplumdur. İslamda camaat anlamı çox önəmli olduğu üçün onun şərhinə böyük ehtiyac var. Gündə beş dəfə namaz qılarkən "Mən" yox, "Biz Sənə ibadət edirik" Rəbb kəlamından qaynaqlanan birlik, dirrik və dirilik məhz camaatla mümkündür. "Onlar (həz.Adəm, Nuh, İbrahim və başqa peyğəmbərlər) bir camaat idi, gəldilər, getdilər" (Quran). Müsəlmanların hər Hicri ilinin sonunda böyük həcc ziyarəti də camaat birliyinin təntənəsidir. İslam aləminin ümumdünya həmrəylik qurultayı olan bu ziyarət, camaatlar birliyinin sərgisidir. Hamı kəfəndə...

Camaata qatılım həm iman, istək və iradə, həm də instiktiv dəyərlərlə mümkün-dür. Halbuki, cəmiyyətdəki bərabərlik bəlli bir qayda və proqramla gerçəkləşir. Zatən cəmiyyətdə ayrı-ayrı fərdlərin eyni fikir və düşüncəni paylaşması da şərt deyil. Bəzi hallarda camaatdakı "hamı bərabərdir" mənəvi biriliyini cəmiyyətdə mənfəət birliyi əvəz edir.

Camaatda ierarxiya və quru rəsmilik mümkün deyil. Halbuki cəmiyyətdə bu əsasdır. Camaatda təmənnasızlıq, sevgi, dözümlülük və tolerantlıq kimi dəyərlər olduğu üçün onun ömrü uzundur. Cəmiyyət isə proqramla işlədiyi üçün ömrü nisbətən azdır. Qeyd edildiyi kimi, camaatın eyni fikirli ayrı-ayrı fərdlərdən təşkil olunmasına rəğmən, cəmiyyət müxtəlif düşüncəli camaatlardan təşəkkül tapır. Camaatlaşan bir cəmiyyət kiçilməyə, cəmiyyətləşən camaatlar isə böyüməyə məhkumdur.

Əslində hər bir xalqın taleyini - onun millətlər içərisində tanınıb qəbul edilməsini şərtləndirən cəhətlərin ən mühümü cəmiyyətləşən camaatlardır. Burada aparıcı amil xalqın vahid ideya, məfkurə ətrafındakı birliyidir.

Ən çətin anlarda və bəzilərinin "hər şey bitdi, tükəndi, qurtardı" dediyi məqamlarda millətimiz deyilənlərin əksinə olaraq, öz varlığını dünyaya göstərib və göstərir də. Xalqımız öz acı tarixi təcrübəsindən çox yaxşı bilir ki, hər hansı toplumun müdafiədən ümidləri kəsildiyi hallarda onların tənəzzülü başlayır. Bu acı həqiqəti müasir gənclərimiz də yaxşı bilir. Onların qəsbkar ermənidən qisas almaq üçün keçirtdiyi dinc aksiyada səsləndirdiyi fikirlər də bunu sübut edir. Məhz həmin aksiyanın tələblərindən biri kimi onların könüllü orduya yazılmaları bu gün də davam edir.

Dost-düşmən yaxşı bilsin və yadda saxlasın ki, müstəqilliyini qanı bahasına qazanan və sonra yenə də qanı bahasına bərpa edən bu müqəddəs ocaq - müstəqil Azərbaycan heç vaxt müstəqilliyini əldən verməyəcək. Quran sahibi olan xalqımıza Qurana qiyamətə qədər zamin duran Allahın vəkilliyi və vətənpərvər gənclərimizin qisas almaq əzmi kifayətdir. Kifayətdir ona görə ki, isimlərindən birinin adı "Haqq" olan Allah haqqın-bizim lehimizədir. Kifayətdir həm də ona görə ki, Qarabağ savaşını özünün qeyrət, şərəf məsələsi hesab edən hər bir əsgər və zabitimizin orduya könüllü yazılan gənclərimizin: "Allahım, ordumuzu qalib, məni şəhid et!" istəkləri Rəbbin özünün öyrətdiyi dualardır".

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru