QURBAN İBADƏTİNİN MESAJLARI

18:29 14-07-2021 369

Müsəlmanların iki dini bayramı var. FİTİR BAYRAMI (RAMAZAN BAYRAMI da deyirlər), QURBAN BAYRAMI. Uca Allah insanlığa hidayət rəhbəri, mənəvi xəstəliklərə şəfa, rəhmət, bərəkət olması üçün göndərdiyi Qurani-Kərimi on bir ayın sultanı Ramazan ayında, min aydan daha xeyirli Qədir gecəsində nazil etməyə başladığından müsəlmanlar bir ay oruc tutur, bu yolla ilahi nemətə şükür edirlər. Oruc tutmaq insanın fiziki yönünü zəiflədərək mənəvi yönünü gücləndirir, mədə bir ay ac qalır, ruh qidalanır, heyvani yönün təsiri azalır, ruhi gücün imkanı çoxalır, insan ilahi rəhməti uca Allaha təslim olduğu ölçüdə duyur, hüzura qovuşur, özünü tərbiyə edir, tövhidi, imanı, xeyiri, barışı, ədaləti, mərhəməti, qardaşlığı, birliyi çoxaldır, ümmət şüurunu yaymağa, azad və şərəfli yaşamaq uğrunda cihada yönəlir.

Ramazan ayının sonunda FİTİR BAYRAMI - FİTRƏT BAYRAMI OLUR. Qurani-Kərim və bu ilahi nemətin nazil olduğu Ramazan ayında tutulan oruc insanı fitrətinə - ilahi yaradılış özəlliyinə bağladığından bayramın adı FİTİR olur. Mesaj budur: Ey insan, fitrətinə - ilahi formatına sadiq, uyğun, bağlı olduğun ölçüdə dəyərlisən, azadsan. Səni bu fitrətə bağlayan da Qurani-Kərimdir, Onun buyurduğu imandır, əxlaqdır, Onun inşa etdiyi həyat biçimidir.

QURBAN kəsmək işi insanlıqla yaşıddır. İnsanlar tarix boyu fərqli səbəblərlə (niyə baş verdiyini anlamadıqları təbiət hadisələrindən, qeyri-adi varlıqlardan qorunmaq, şükürlərini ifadə etmək, günahlarının yükünü azaltmaq…) qurban kəsmişlər. Qurban edilən varlıqlar da fərqli olmuşdur. Bu sıraya canlı, cansız varlıqları, o sıradan inəyi, sığırı, quzunu, balığı, toyuğu, göyərçini, qumrunu, atı… daxil edə bilərik. Qaynaqlarda insanın qurban kimi kəsilməsinə də örnəklər var…

Uca Allah hz. İbrahimlə QURBANA yeni məzmun verdi, yanlış Qurban anlayışını ortadan qaldırdı. İslam gəldi, hz. İbrahimdən sonra təhrif edilmiş QURBAN təsəvvürünü yenidən diriltdi. Belə ki müşrik ərəblər bütlərin, şəxslərin adına qurban kəsir, deyirdilər ki, bunlar bizi Allaha yaxınlaşdırır. Uca Allah bu qurban kəsmə biçimini yasaqladı, şirk olduğunu buyurdu. Dedi ki, Qurban ancaq uca Allahın adına kəsilə bilər: “De ki, şübhəsiz, mənim namazım, qurban kəsdiyim heyvanlar, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allaha aiddir - Allah üçündür…” (6/162-163)

Aləmlərə rəhmət olaraq göndərilmiş son elçi hz.Məhəmməd Qurbanla bağlı yanlış olanları düzəltdi, qurbanlar kəsdi, ömrünün sonunadək bu işi fasiləsiz yerinə yetirdi.

“Qurban” sözü “q-r-b” kökündəndir, Qurani-Kərimdə eyni kökdən olan sözlər 96 dəfə işlədilmişdir, bu mənaları var: “yaxınlaşmaq”, “təqdim etmək”, “qurban”. “Qurban” sözünün ana mənası yaxınlaşmaqdır, bu məna qurban kəsməyin hədəfini/məqsədini də göstərir: uca Allaha yaxınlaşmaq (“ət-təqarrub ilallah”). Qeyd edim ki, uca Allahın mübarək adlarından biri də əl-Qəribdir - O, çox yaxındır, yaxınlıqda sınır tanımayandır, yaxınlıqda tayı-bərabəri olmayandır. Yaxınlıq anlayışında iki məna var: a) maddi/fiziki yaxınlıq - bu maddi olan / uzunluğu, dərinliyi, genişliyi olan varlıqlar üçündür. Belə varlıqların zamanı və məkanı olur. Bu fiziki yaxınlaşma 3 yolla gerçəkləşir: a) əşyalardan biri sabit olur, o birisi ona yaxınlaşır; b) ikisi də eyni anda bir-birinə doğru hərəkət edir; c) arxadakı öndəkindən sürətlə hərəkət edərək ona yaxınlaşır;

İkincisi, MƏNƏVİ YAXINLAŞMA. Uca Allahın varlığı ÖZÜNDƏNDİR, var olmaq üçün bir başqa varlığa möhtac deyil, əzəlidir, əbədidir, ehtiyacsızdır, maddə deyil, tərkiblərdən ibarət deyil, hissəsi, zərrəsi, zamanı, məkanı yoxdur. Bu halda, insanın QURBAN kəsərək uca Allaha yaxınlaşması maddi/fiziki deyil, mənəvidir. İnsanın uca Allaha yaxınlaşması onun dəyər qazanmasıdır. Qurbanın da biri maddi, biri də mənəvi olmaqla iki yönü var. Maddi yönü qurbanın ətidir, onu kimlərə versəniz, sizi onlara yaxınlaşdırar. Qurbanın mənəvi yönü imandır - insan uca Allaha iman etdiyinə görə Onun adına qurban kəsər. Qurbanın mənəvi yönü təqvadır - uca Allah qarşısında məsuliyyət daşıyan, hər şeyini Ona borclu olduğunu bilən insan qurban kəsər. QURBANIN ƏTİ SƏNİ EHTİYAC SAHİBİNƏ, İMAN VƏ TƏQVA İSƏ UCA ALLAHA YAXINLAŞDIRAR: “Allaha qurbanların nə ətləri, nə də qanları çatar (gedər), ancaq sizdən Allaha gedən təqvanızdır” (22/37).

QURBAN Allaha mənəvi yaxınlığı təmsil edir, kəsilən heyvan, qurban olan - Allaha yaxınlaşan insandır. Qurani-Kərim Qurbanla birgə insanları Allaha yaxınlaşdıran dəyərləri bir-bir saymışdır: tövhid, axirət inancı, sağlam fitrət, ədalət, mərhəmət, təqva,  ibadətlər,  dua , həmd,  itaət, tövbə, saleh əməllər.

Uca Allahın bütün ELÇİLƏRİ insanlığa örnək olmaq üçün göndərilmişlər. Bu o deməkdir ki, insanın ÖRNƏYƏ ehtiyacı var. Belə ki ÖRNƏK insana yol göstərir, ümid, güvən verir, cəsarətləndirir, deyir ki, ÖRNƏK olan bacardı, sən də bacaracaqsan. Xeyir olandan ÖRNƏK, şər olandan İBRƏT alınar. ÖRNƏK deyir ki, xeyri çoxaldan bu işləri sən də et, İBRƏT deyir ki, şəri çoxaldan bu işlərdən uzaq dur. İnsan bu dünyada bir dəfə yaşayır, yenidən dünyaya gəlib, səhvlərini düzəltmək imkanı olmur. Bu dünyada qonaq olan insanın axirət yolçuluğunda səhvlərini ən aza endirmək üçün ÖRNƏYƏ ehtiyacı var. ÖRNƏK əmək vermədiyin, alın təri tökmədiyin, hazır xəzinədir, təcrübədir, nemətdir...

Uca Allah bütün ELÇİLƏRİNİ İNSANLIĞA ÖRNƏK olmaq üçün göndərsə də, Qurani-Kərimdə özəl bir ifadəyə yer verir: “ƏN GÖZƏL ÖRNƏK” - “ÜSVE-İ HƏSƏNƏ”. O, bu ifadəni yalnız iki ELÇİyə aid edir: tək qalsa da, bir ümmət olan hz. İbrahimə və hz.İsmayıl yolu ilə Onun soyuna bağlanan, son ELÇİ, aləmlərə rəhmət olaraq göndərilmiş hz. Məhəmmədə.

Qurban uca Allahın insanı tərbiyə proqramının ayrılmaz bir parçasıdır. Bu inşa proqramının içində hz.İbrahimlə oğlu hz.İsmayılın uca Allaha SƏDAQƏT və TƏSLİMİYYƏTİ var. Bu örnəklər deyir ki, seçilmək, imtahanı şərəflə vermək, imam (lider) olmaq, qurban olmaq - uca Allaha yaxın olmaq istəyən Ona sədaqət və təslimiyyətdən ayrılmasın.

Uca Allah Qurani-Kərimdə hz.İbrahimi KƏLMƏLƏRLƏ sınadığını buyurur. KƏLMƏLƏRLƏ sınanmağın nə anlama gəldiyi ilə bağlı çoxsaylı görüş var. Bir çox alimlər ayədəki kəlmələrlə sözünün uca Allahın əmr və yasaqları olduğunu söyləmişlər. Biz deyirik ki, uyğun fikir söyləmək üçün “KƏLMƏ” sözünün kök mənalarına baxmaq zəruridir. Bu söz “k-l-m” kökündəndir. Qurani-Kərimdə eyni kökdən olan sözlər 75 dəfə işlənmişdir. Bu mənaları var: “danışmaq”, “uca Allahın vəhyi”, “hz.İsa”, “Allahın elmi”, “Allahın əmrləri”.

Ərəb dilində “k-l-m” kökündən olan bütün sözlərin canında güc və şiddət anlayışı var. Yəni hz. İbrahimin sınandığı kəlmələr çətin, insanı sarsıdan, şiddətli, acı verən, iz qoyan, çox təsirli şeyləri ifadə edir. Hz.İbrahimin həyatında hansı imtahanlar var?

BİRİNCİSİ, o, atəşə atılsa da, yolundan - tövhid inancından dönməmiş, bu dar və zor günündə uca Allahın onu qoruyacağına inanmışdır.

İKİNCİSİ, hz.İbrahimin həyatınsa hicrət var. O, yurdundan zorla çıxarılmışdır, yurdunu tərk etsə də, tövhid inancını tərk etməmişdir.

ÜÇÜNCÜSÜ, hz.İbrahimin həyatında QURBAN var. O, çox yaşlı vaxtında bir övlada qovuşmuş, gözünün ağı-qarası İsmayılı gördüyü yuxudan anladığı mesajla Qurban kəsmək qərarına gəlmişdi. O, çox sevdiyi oğlunu Qurban kəsməyə razı oldu, ancaq tövhid inancını qurban verməyə razı olmadı. Burada önəmlə vurğulamaq istəyirəm ki, Qurani-Kərimdə uca Allahın, ey İbrahim, oğlunu qurban kəs deyə bir əmri yoxdur. Hz. İbrahim gördüyü yuxunu yozaraq hərəkət etmişdir.

DÖRDÜNCÜSÜ, hz. İbrahimin həyatında bütpərəst atası ilə mücadilə var. Ata ilə sınanmaq ağır işdir. O, atalıq bağını qoparmasa da, inanc bağını qoparmış, atasının şirkini rədd etmiş, atasının təhdidlərinə baxmayaraq, tövhiddən zərrə qədər uzaqlaşmamışdır.

BEŞİNCİSİ, hz. İbrahim xanımları ilə sınanmışdır. Saranın (Saray) qısqanclığı üzündən xanımı Həcəri və çox sevdiyi oğlu İsmayılı yaşamaq üçün heç bir şəraiti olmayan Məkkəyə yerləşdirsə, onlardan uzaq qalsa da, tövhid və ədalətdən ayrılmamışdır. İlahi rəhmət özünü göstərmiş, Həcərin və İsmayılın bərəkəti ilə susuz Məkkə Zəmzəm suyuna qovuşmuş, Həcərin su axtaran zaman gedib gəldiyi (səy etdiyi) yer Həcc ziyarətinin bir parçasına çevrilmişdir. Hz.İbrahimin bu ağır imtahanlardan şərəflə çıxmasının ilahi mükafatı nədir? Gəlin uca Allahı dinləyək: “BİZ ONU (HZ.İBRAHİMİ) DÜNYADA SEÇKİN QILMIŞDIQ, AXİRƏTDƏ İSƏ MÜTLƏQ ƏRDƏMLİLƏR ARASINDA YER ALACAQ”. Uca Allaha bir sual da verək: hz.İbrahimi seçməyin və cənnət neməti ilə mükafatlandırmağın səbəbi nədir? Cavabı da uca Allahdan dinləyək: “RƏBBİ ONA TƏSLİM OL DEYƏNDƏ QARŞILIĞI BU OLDU: ALƏMLƏRİN RƏBBİNƏ TƏSLİM OLDUM”. Mesaj budur: ilahi mükafatın səbəbi uca Allahın iradəsinə təslimiyyətdir. Onun buyurduğu kimi inanmaq, Onun buyurduğu kimi yaşamaqdır, şəhidlikdir, yəni uca Allahın yolunda olmaqdır, varlığını imanına şahid tutmaqdır.

Uca Allah buyurur ki, ey İbrahim, Səni insanlığa (bir qrupa, bir irqə, bir məzhəbə, bir təriqətə deyil) İMAM seçəcəyəm. Ayədə diqqəti çəkən məsələlərdən biri də budur ki, hz.İbrahim öncə imtahan olunur, sonra imam seçilir (öncə imtahan, sonra imamlıq). Burada 3 mesaj var: a) uca Allah elçilərini təsadüfən seçməz; b) seçilmək istəyən öncə imtahandan şərəflə keçməlidir. İMTAHANSIZ İMAMLIQ YOXDUR; c) hz.İbrahim ən gözəl örnəkdir, yəni uca Allahın yanında dəyər qazanmaq istəyən Allahın dostu olan hz.İbrahimin yolu ilə getsin.

Uca Allahın insanları tərbiyə proqramlarından birinin adı QURBANDIR. Addım-addım gedək, bu proqramın içində olanları oxuyaq: Qurbanda NİYYƏT var, NİYYƏT gördüyümüz işin mənasını qavramaqdır, niyyətdə təsəvvür, ağıl işə düşür, o, insanı şüurlu davranışa yönəldir. Qurban kəsməkdə niyyət uca Allahın rizasını qazanmaqdır.

Qurban inşa proqramında İMAN var, qurban kəsmək uca Allaha imanımızın göstəricisidir. İman etmək uca Allahdan əmin olmaqdır, güvən halıdır.

Qurban tərbiyə proqramında HEYVAN SEÇİMİ var: kəsəcəyin heyvanda əməyin olacaq, onu bəsləyərək böyüdəcəksən, ya da əmək verib qazandığın halal sərvətinlə alacaqsan. Məsələn, ov heyvanından qurban olmaz. Belə ki bizim onda əməyimiz yoxdur. Alın təri olan bir şeyi Allah rizasını qazanmaq üçün vermək sədaqəti ifadə edir. Kəsiləcək heyvan sağlam olacaq, qoyun cinsindən olan 1 yaşını, inək cinsindən olan 2 yaşını, dəvə 5 yaşını dolduracaq.

Qurban kəsməyin ZAMANI var. Bayramın ilk günü bayram namazından sonra başlayır, bayramın 3-cü günü axşamadək davam edir (Şafiilərə görə 4-cü gün axşamadək).

Qurban proqramında QİBLƏ var, kəsiləcək heyvanın üzü qibləyə tərəf olacaq. Qiblə istiqaməti, ümmət şüurunu təmsil edir.

Qurban tərbiyə sistemində heyvanı kəsmək ƏDƏBİ var. Heyvanın gözlərini bağla, bıçaq iti olsun, BİSMİLLAH, ALLAHU ƏKBƏR de, sonra kəs. Heyvanı da uca Allah yaradıb, onu gerçək sahibindən izin alaraq kəsirik. Təmizkar ol, təbiətə ziyan vurma.

Qurban proqramında SƏRVƏT anlayışının inşası var: halalından qazan, halal işlərə xərclə, sərvətinin üzərində ehtiyac sahiblərinin haqqı olduğunu bil, sərvətə mülkiyyət kimi deyil, əmanət kimi bax.

Qurban inşa proqramında İLAHİ SIRALAMA QANUNU var. Öncə Allah, sonra insan, sonra başqa varlıqlar. Ey insan, uca Allahla insan arasına heç bir şey qoyma.

Qurban tərbiyə sistemində ŞÜKÜR var. Şükür nemətlərin gerçək sahibinin uca Allah olduğunu bilmək və onlardan ilahi təyinatına uyğun istifadə etməkdir.

Qurban proqramı HƏCC ZİYARƏTİNİN bir parçasıdır, qurban kəsmək hacılara vacibdir, Həccə getməyənlərin qurban kəsməsi gözəl əməldir.

Qurban proqramı deyir ki, ey insan, DÜNYƏVİLƏŞMƏ, yəni dünya malının köləsi olma, ikidünyalı ol, bu dünyanı axirətdən ayırma.

Qurban tərbiyə proqramı uca Allaha YAXINLIĞI, XALQA YAXŞILIĞI öyrədir. Qurban proqramında ARINMA, TƏMİZLƏNMƏ, NƏFSƏ HAKİM OLMA var. Arınan ucalar.

Qurban bayramında SEVİNCİ PAYLAŞMA var, o, bizə sevinməyi öyrədir, deyir ki, sevindir ki, sevinəsən.

Qurban proqramında məzlumları anlama, yardımlaşma, PAYLAŞMA, göz yaşını silmə, şəfqətlə qucaqlaşma, sahib çıxma, yiyə durma var. Qurban proqramında SOSİAL ƏDALƏT var, ədalət insanla insanı bir-birinə bağlayan qırılmaz dəyərdir, birlikdə yaşamağın ana şərtidir.

Qurban proqramı deyir ki, qurban olmaq - uca Allaha yaxınlaşmaq bir dəyərdir, dəyərinizin dəyərini bilin, bilməsəniz, dəyərlərinizi itirəcəksiniz.

Qurban tərbiyə proqramı tövhidi, ədaləti, sədaqəti, təslimiyyəti, fədakarlığı, barışı, mərhəməti, ixlası, sevgini təmsil edir.

Qurban tərbiyə proqramında DUA var. Biz həm dua alırıq, həm də dua edirik. Uca Allah məzlumların duasını geri çevirməz. Dua insanın ağlını, vicdanını, iradəsini, duyğularını tərbiyə və idarə etməyi öyrədir, ümid və güvən verir, deyir ki, sən kimsəsiz deyilsən, ey insan, uca Allaha iman edən kimsəsiz olarmı?! Ümidsiz olma, halına, yaşadığın ana məhkum deyilsən, çalış, dua et, irəlini- üfüqləri gör, əmin ol ki, uca Allah iman edənləri darda qoymaz, O, mütləq bir rəhmət, bərəkət, xeyir qapısı açar.

Bu mübarək QURBAN BAY-RAMI günlərində uca Allaha ağlımızı, vicdanımızı, qəlbimizi, ruhumuzu, əllərimizi açaraq dua edək:

EY TƏK BÖYÜK OLAN ALLAH!

BİZƏ QURBAN ŞÜURU VER!

KƏSDİYİMİZ QURBANLARI QƏBUL ET!

BİZİ SƏNƏ TƏSLİMİYYƏT VƏ SƏDAQƏTƏ YÖNƏLT!

RƏHMƏTİNİ İNSANLIĞA ÖRNƏK OLAN ELÇİLƏRİN ÜZƏRİNƏ YAĞDIR!

AZƏRBAYCAN TORPAQLARININ İŞĞAL-DAN AZAD EDİLMƏSİ UĞRUNDA SAVAŞ-LARDA ŞƏHİD OLAN VƏTƏN ÖVLADLARIN-DAN RAZI OL!

ŞANLI ORDUMUZUN AĞLINA BƏRƏKƏT, ÜRƏYİNƏ CƏSARƏT, QOLUNA QÜVVƏT VER!

AZƏRBAYCAN TOPRAQLARINI VƏ XAL-QINI QORUMAQ ÜÇÜN İRADƏSİNİ, SEV-GİSİNİ, GÜCÜNÜ ORTAYA QOYAN BÖYÜK TÜRKİYƏ CÜMHURİYYƏTİNİ, ŞANLI TÜRK ORDUSUNU, SEVİMLİ TÜRK MİLLƏTİNİ QORU, ONLARA YARDIM ET, ONLARI DARDA QOYMA!

YETİMLƏRİN, KİMSƏSİZLƏRİN, MƏZ-LUMLARIN GÖZ YAŞLARINI SİLMƏYİ, QA-RINLARINI DOYURMAĞI, BAŞLARINI SIĞAL-LAMAĞI, ONLARI SEVGİ VƏ ŞƏFQƏTLƏ BAĞRIMIZA BASMAĞI BİZƏ NƏSİB ET!

BİZİ UCA ALLAHDAN BAŞQA KİMSƏYƏ MÖHTAC ETMƏ!

AMİN!!!         

 Siracəddin Hacı