Dünyada ərzaq ucuzlaşır, bəs Azərbaycanda... ?

18:30 14-07-2021 396

Uzun sürən bahalaşmadan sonra dünya bazarında ərzaq məhsullarının qiymətləri ucuzlaşmağa başlayıb. Ötən ay və bu ayın ilk həftəsində dünya bazarında ərzaq xammalının qiyməti son 12 ayda ilk dəfə azalıb. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə əsas ərzaq məhsullarının aylıq qiymət dəyişkənliyini əks edən ərzaq qiymətləri indeksi iyun ayında orta hesabla 124,6 bənd olub ki, bu da əvvəlki aya nisbətən 2,5 % az, ötən ilin müvafiq dövrünə nisbətən isə 34 % çoxdur.

Belə ki, bitki yağlarının qiymət indeksi iyun ayında 9,8% azalaraq son 4 ayın ən aşağı həddinə enib. Dənli bitkilərin qiymət indeksi 2,6%, ağartı məhsullarının qiymətləri isə 1% azaldığı halda şəkər 0,9%, ət isə 2,1% bahalaşıb. Lakin Azərbaycanda dünyadakı ucuzlaşma yalnız özünü dənli bitkilərdə göstərir, qalan digər ərzaq növləri üzrə bahalaşma meyilləri hakim mövqeyə malikdir.

Bəs bunun səbəbi nədir, nə üçün ərzaq xammallarınin mövsümündə belə, bazarlarda qiymətlər od tutub yanır? Birinci səbəb ondan ibarətdir ki, Azərbaycanda yerli ərzaq xammalının istehsalı daxili tələbatın yalnız 40-50%-ə qədərini qarşılaya bilir. Daxildə həm istehsal azdır, həm də olan istehsal sahələri inhisardadır. Son illərə qədər yalnız aqrar sahə zəif inkişaf etsə də, inhisar altında deyildi. İndi isə kənd təsərrüfatı sektorunun 60%-dən çoxu inhisarçı şirkətlərin nəzarəti altındadır Yerli istehsal daxili tələbatı ödəyə bilmədiyindən ərzaq məhsullarına olan yerli tələbatın çox hissəsi idxal hesabına qarşılanır. Mexaniki olaraq fikirləşə bilərsiniz ki, yerli tələbat idxal hesabına ödənilirsə və dünya bazarında ərzağın qiyməti ucuzlaşırsa, deməli Azərbaycanda da qiymətlər ucuzlaşmalıdır. Amma ucuzlaşmır.

Ona görə ki, ölkəmizdə idxal da inhisardadır. İnhisar olan yerdə isə nə ucuzlaşmadan, nə də yüksək keyfiyyətdən söhbət gedə bilməz. İnhisarçı şirkətlər yalnız mahsulun keyfiyyətini aşağı salaraq maya dəyərini azaltmaqla və qiymətləri bahalaşdıramaq yolu ilə gəlirlərini artırmağı hədəfləyirlər.

Ona görə də dünya bazarında qiymətlər nə qədər ucuzlaşdı da, daxil bazarda nə qədər ərzaq bolluğu yaransa da, biz nə qiymətin ucuzlaşmasını, nə də keyfiyyətin yüksəlməsini müşahidə edə bilməyəcəyik. Bu bəladan yeganə çıxış yolu iqtisadiyyatı inhisarçı-məmurların caynağından xilas etməkdir ki, buna da siyasi iradə lazımdır.

Akif Nəsirli