ERMƏNİLƏRİN QARABAĞDAKI VARLIĞININ DÖRD SƏBƏBİ

18:31 14-07-2021 351

Azərbaycanın Qarabağı zalımdan və zülmdən azadetmə hərəkatı nəticəsində torpaqlarımızın önəmli hissəsi işğaldan qurtarıldı, ancaq zalım Rusiyanın təzyiqi ilə bu hərəkat dayandırıldı, cəsur Azərbaycan əsgəri yanlış siyasi qərar nəticəsində Xankəndinə girə bilmədi, işğalçı rus ordusu Qarabağa yerləşdi, erməniləri xilas etdi. Rusiya Qarabağdan qaçmış erməniləri geri qaytardı, onları siyasi məqsədləri üçün qoruma altına aldı. Bu gün ermənilərin Qarabağdakı varlığının dörd önəmli səbəbi var:

- işğalçı rus ordusu, ermənilər bilirlər ki, bu ordu onların bölgədəki varlığının təminatıdır. Ona görə də işğalçı rus ordusunun bölgədə əbədi qalmasını istəyirlər: işğalçı rus əsgəri olmasa, bölgədə erməni qalmaz (bu ordu Azərbaycana gətirilməsə idi, ermənilərin Xankəndinə qayıtması imkansız idi);

- Laçın koridoru vasitəsi ilə Ermənistanla əlaqə. Bu yol olmasa, ermənilər Xankəndində yaşaya bilməz;

- bölgəyə status veriləcəyinə ümid. Doğrudur, onlar bölgənin müstəqil dövlət olmasını istəyirlər, ancaq ən azı Rusiyanın hərbi və siyasi təminatında olacaq status veriləcəyinə də ümid edirlər;

- ATƏT-in Minsk qrupunun fəaliyyətə başlayacağına inanırlar. ATƏT-in Minsk qrupunun fəaliyyətə başlaması bu bölgəyə status veriləcəyi anlamına gələcək;

Azərbaycan ermənilərin Xankəndindəki varlığına yol açan dörd səbəbi ortadan qaldırmaq üçün bu addımları atmalıdır:

- Qarabağda yaşayan ermənilərə vətəndaşlıq təklif edilməlidir, Azərbaycan deməlidir ki, onun vətəndaşlığını qəbul edənlərin bütün hüquqları və təhlükəsizliyi qorunacaq;

- Azərbaycan vətəndaşlıq təklifini qəbul etməyən erməniləri üsyançı kimi tanımalı, onlara qarşı Azərbaycan qanunlarının hökmlərini tətbiq etməlidir;

- silahlı erməni quldur dəstələrinə ultimatum verməlidir;

- Azərbaycan deməlidir ki, işğalçı rus ordusu Qarabağı tərk edəcək, bu, bölgədəki erməniləri tikan üstündə tutacaq, Xankəndinə qayıtmaq istəyən ermənilərin yolunu bağlayacaq;

- Azərbaycan artıq terror koridoruna çevrilmiş Laçın yoluna nəzarət etməlidir, bu, ermənilərin ümidlərinin boşa çıxması deməkdir;

- status olmayacağı israrla təkrar edilməli, əməli addımlar atılmalıdır, Xankəndinin və ermənilərin yaşadığı digər bölgələrin Qarabağ iqtisadi zonasına daxil edilməsi bu addımlardan biridir və doğrudur;

- Azərbaycan Ermənistandan zorla qovulmuş soydaşlarımızın geri qaytarılmasını və onlara status verilməsini siyasi tələbləri sırasına daxil etməlidir;

- ATƏT-in Minsk Qrupunun fəaliyyətə başlaması üçün Azərbaycana ciddi təzyiqlər edilir, o, bu təzyiqləri rədd etməli, dirənməlidir;

- Şuşada Türkiyə Cümhuriyyətinin Konsulluğu açılmalıdır, bu o deməkdir ki, Türkiyə dövləti Şuşadadır;

- Türkiyə ordusu Azərbaycana yerləşdirilməlidir;

Bu arada iki önəmli hadisə baş verdi: birincisi, Rusiya, ABŞ, Fransa səfirləri Şuşaya getmək təklifini qəbul etmədilər. Üçü də ATƏT-in Minsk Qrupunun sədridir, üçü də Qarabağda ermənilərə status verilməsini istəyir, üçü də status verilməsini nəzərdə tutduqları ərazinin içində Şuşanın da olduğunu söyləyir, üçü də bu məqsədi gerçəkləşdirmək üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətə başlamasını tələb edir, üçü də sömürgəçidir, üçünə də lənət olsun!

İkincisi, Ukraynanın Azərbaycandakı səfiri möhtərəm Vladislav Kanevski öz twitter səhifəsində bu sözləri yazdı: "Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim..."

Azərbaycan hakimiyyəti ATƏT-in Minsk Qrupundan imtina etməli, Ukraynanın Azərbaycana uzatdığı səmimi yardım əlini tutmalı, onunla əlaqələri gücləndirməli, müttəfiqlərinin sayını çoxaltmalıdır. Çıxış yolumuzun düsturu budur: Ədalətə bağlı milli birlik, güclü ordu, etibarlı müttəfiqlər!

 Siraceddin Haci