Övladınızı atmayın!

18:33 14-07-2021 297

 Yoxsa sizi yıxılanda tutan olmayacaq...

 Elə adam yoxdur ki, onun doğma ocağı olmasın. Kimin üçünsə bu, doğulub-böyüdüyü məkandan, kimin üçünsə ölkəsindən, kimin üçünsə də ailəsindən ibarətdir. Deməli, insanın ürəyində yaşatdığı və daim doğmalıqdan riqqətə gəldiyi məqamlar var ki, onu kimsə başqasının əlindən ala bilməz.

Amma bəzən elə hadisələrə rast gəlirik ki, onunla bağlı nəinki danışmaq, hətta düşünmək da insana çətindir. Özü də çox çətin.

Bayaq qeyd etdim, insanı riqqətə gətirəcək məqamlar var. Onlardan biri də övladlarla

bağlıdır. Maddi və mənəvi baxımdan qiymətsiz, qiyməti mümkün olmayan övladdan danışıram. O övlad ki, ona malik olmaq üçün uğrunda az qala can qoyulur, ona sahib olmaq üçün illərin sınağından, sədaqətindən, sağlamlığından, səbrindən keçmək lazım gəlir. Bununla az qala paradoks olan isə bu qədər olaylara rəğmən, həyatda heç nədən övlad yiyəsi olanların onu bir anda ata bilməsi, ondan imtina etməsidir.

Bu gün ölkəmizdə yerli və xaricdən gələn mütəxəssislər var ki, ölkə sakinləri övlad sahibi olmaq üçün onların qəbuluna yazılır, bu vasitəylə necə deyərlər, “evin çırağı”nı yandırmaq istəyirlər. Bununla bahəm, illərlə gözləmədən, dərd-qəm, intizar, bir sözlə, heç bir əziyyət çəkmədən də övlad sahibi olanlar var. Fəqət, övladlarını belə asanlıqla da ata bilirlər. Düşünülsə, atılası asan olmayan bir addımı çox rahatlıqla edirlər.

Bu qəbildən olan insanların da “deməyə sözümüz, danışmağa dilimiz var” kimi deyəcəkləri, gətiriləcək arqumentləri var. Lakin nə olursa-olsun, necə başa düşülürsə- düşülsün, şüurlu varlıq olan insanlarla, ələlxüsus da, uşaqlarla bu cür rəftar etmək olmaz. Onlarla atılacaq bir əşya kimi davranmaq onu atan kəslərin özünün mahiyyətindən xəbər verir. Çünki adına şüurlu varlıq dediyimiz canlı yalnız insandır. Şüursuz heyvanların hamısına aid edə bilmədiyimiz hərəkətləri insanlardan, dünyanın əşrəfi sayılanlardan görməyin özü da çox acınacaqlıdır. Ən azından...

Reallıq isə göz qabağındadır. “Dünən” Sumqayıtda yenidoğulmuş bir uşaq ana ağuşu əvəzinə, həyatın çətin ağuşuna atıldı. “Bu gün” bölgələrin birində başqa bir körpə birbaşa çölə atıldı. Sabah harda nə olacaq, bilinmir. Bu fikir nə qədər pessimist səslənsə də, acı gerçəklikdir...

Kimsə övladını acizlikdən, çarəsizlikdən, maddi sıxıntıdan, qeyri-qanunilikdən dolayı səbəblərdən atırsa, çox səhv edir. Səbəbi belə bir nəticəylə bitirmək, heç də ondan yaxa qurtarmaq demək deyil. Kim bilir, həmin uşaq məhz onu atan adamı nə vaxtsa, hardansa, nədənsə qurtaracaq, xilas edəcək, ona yiyə duracaq?! Belə hadisələri azmı görmüşük?!

Heç olmasa, buna görə, övladınızı atmayın. Ən azından, məsum körpələr, özünə qulluq edə bilməyən o çarəsiz varlıqlar sizin atmaq səbəblərinizin günahkarı deyillər. Ki, çıxış yolunu da onları tullamaqla edəsiniz.

...Bu yaxında belə bir məlumatla rastlaşdım ki, xaricdə övladını atan bir anaya 100 ildən çox, hardasa, 102 il həbs cəzası verilib. Yüz ilin özü nisbi görünə bilər, bu məqamda. Yüz ildən sonra həmin adamın nə qədər yaşayacağının, ömürlük cəkiləsi cəzadan qurtulacağının da bir mənası yoxdur. Cəzalar əslində, hər yerdə, müxtəlif adda, miqyasda, formada var.

Məhkəmələrdən, verilən cəzadan keçmək, onları adlamaq, bu müddəti başa vurmaq da olar. Amma övladını atmaq qədər insana yaraşmayan bir addımın sonrakı ağrısının miqyası yoxdur. Xəbərdarlıq ünvanlıdır. Əminlik hissi insana aid olmasa da, bu məqamı əminliklə deyirik - vicdanın məhkəməsindən şərəflə keçəni, bu ağrıdan salamat çıxanı görmədiyimizdən.

 Nigar Orucova