Təyinatlı talançılar

18:42 14-07-2021 450

Seçkili səlahiyyətsizlər

 Dünyada sonsuza qədər davam edən elə məsələlər və suallar var ki, cavabını hər kəs bilsə belə, yenə də sual olaraq qalır. Məsələn, velosipedi kim icad edib? Dünyaya toyuq , yoxsa yumurta birinci gəlib? Yaxud, ermənilərin kökü, əcdadları kimdir? Əslində, bütün bu sualların elmi əsaslandırılmış cavabları var. Amma yenə də gündəmdən düşmürlər və söz düşəndə kimsə müsahibini qıcıqlandırmaq üçün soruşur: "qatırın atası kimdir-at, yoxsa eşşək?" Belə məsələləri illərlə müzakirə və mübahisə predmeti etmək olar, amma nə hacət!

Bu gün isə mən sizə tamamilə fərqli suallar verəcəm, ona görə yox ki, onların cavabını bilmirəm. Sadəcə, sizin də fikirlərinizi bilmək istəyirəm. Azərbaycan hökuməti nə üçün seçkili orqanlara? məsələn, bələdiyyələrə etimad göstərmir? Nə üçün xalqın səsi ilə seçilən bələdiyyələr, hökumətin təyin etdiyi məmurlara (qeyri-rəsmi olsa belə) tabe olmalıdırlar?

Mən Azərbaycan parlamentindən danışmıram, çünki orada oturanların əksəriyyəti seçkili-təyinatlı deputatlardır və dövlət məmurlarından heç bir fərqləri yoxdur. Məhz buna görə də, seçicilərin yox, onları həmin kresloya təyin edənlərin mənafelərini qoruyurlar. Azərbaycanda keçirilən seçkilər isə sadəcə olaraq beynəlxalq görüntü üçündür. Yəni, beynəlxalq təşkilatlara hesabat versinlər ki (xalqa hesabat vermək barədə isə heç kim düşünmür) Azərbaycanda da seçkilər keçirilir. Beynəlxalq təşkilatları da əslində Azərbaycan xalqının durumu maraqlandırmır. Onlara da hesabat lazımdır ki, ilin sonunda üzv dövlətlərdən öz haqqlarını alsınlar. Yəni, hesabatı yaxşı hazırla, xalqın başında turp ək, biz səni müdafiə edərik.

Mən bu gün sizlərə bələdiyyələrdən danışmaq istəyirəm. Danışanda da böyük şeylərdən danışaq ki, desinlər ağıllıdır. Mənim üçün çox maraqlıdır, nə üçün dünyanın bir çox yerlərində, elə dost ölkə Türkiyədə, düşmən ölkə  Ermənistanda, hətta Gürcüstanda belə, böyük şəhər bələdiyyələri var, Azərbaycanda yoxdur. Əvvəllər hamı belə düşünürdü ki, Hacıbala Abutalıbov ulu öndərin ona xoş münasibətindən istifadə edib, Bakını özəlləşdirib, şəxsi mülkiyyətinə çevirib. Nəhayət, Bakının Hacıbala erası sona çatdı. Hamı gözləyirdi ki, Prezident bu sahədə də ciddi islahatlar həyata keçirəcək və Bakı əhlinin də, özlərinə mer seçmək şansları olacaq. Nədənsə, prezident belə bir riskə getmədi. Həm də bu vəzifəyə kimisə təyin etmək imkanı olduğu halda, nə üçün bu şansı xalqa versin ki?

Yəqin ki, Türkiyədə keçirilən son bələdiyyə seçkilərində baş verənlər hökumətimizi belə bir addımdan çəkinməyə sövq edib. Yəni, birdən xalq hökumətin namizədinə səs vermədi, onda necə olsun? Ən yaxşısı təyinatlı məmurdur, istədiyin vaxt təyin et, istədiyin vaxt da tut "damla". Son zamanlar damlamaq halları bir qədər artsa da, təyinat almaq istəyən məmurların sayı azalmır, hamı şansını gözləyir, sonu nə olacaq-olacaq.

Mənə belə gəlir ki, bu məsələdə hökumət haqlıdır. Çünki ilk əvvəl ölkədə seçki mədəniyyətini formalaşdırmaq lazımdır ki, xalq öz səsinin dəyərini bilsin. Yoxsa ki, xalq Əliyə səs verəcək, torbadan Vəli çıxacaqsa, belə seçkilər kimə lazımdır?  Məhz buna görə  də, istər parlament, istərsə də bələdiyyə seçkilərində «xəlvəti dərədə tülkü bəylik edir». 

Xalqın seçkiyə münasibətini dəyişmək üçün ən azından aşağıdan- kənd və qəsəbə bələdiyyə seçkilərindən başlamaq lazımdır. Eyni zamanda, biri-birini təkrarlayan və bir növ bələdiyyələri öz əsarətində saxlayan icra hakimiyyətləri ləğv olunmalıdır. Əgər bütün sivil dünya dövlətləri seçkili orqanlara üstünlük verirsə, biz də dünyəvi dövlət olaraq, təyinatlı məmur diktaturasından qurtulmalı, seçkili orqanlara daha çox önəm və sərbəstlik verməliyik.

Lakin 30 ildir ki, biz bu həqiqəti qəbul edə bilmirik və daha çox təyinatlı məmurların fəaliyyətinə ütünlük veririk. Düşünürük ki, nə fərqi var, bələdiyyələr də yuxarıdan gələn tapşırıqla təyin edilirlər. Bax, əsas məsələ də elə budur. İlk növbədə bu steriotipləri qırmağı bacarmalıyıq. Xalq öz səsinə sahib çıxmalıdır. Əks təqdirdə, təyinatlı məmurlar bu xalqın sonuna çıxacaq, dövlətin bütün sərvətlərini taladıqdan sonra qeybə çəkiləcəklər. Artıq bunun işartıları görünməkdədir. Xalqın və dövlətin milyonlarla sərvətini talayan məmurların bir çoxu heç bir şey olmamış kimi, taladıqlarını xırd etməkdədirlər. Bunun qarşısını isə ancaq xalqın səsi ilə seçilən insanlar ala bilər. Bu qədər...

 Y. Seyid