BİR DAHA PENSİYA HAQQINDA

18:43 14-07-2021 306

Yaşamaq şansı daha da azalır

 Dünya dövlətlərinin maddi imkanlarından asılı olaraq, pensiyaçıların yaşam səviyyəsi də müxtəlif olur. Bəzilərində pensiyaçılar daha yaxşı yaşayır, bəziləri isə ya ölənə qədər işləyir, yaxud da pensiyaya çıxan gündən dilənçi kökünə düşürlər. Burada, həm də insanın pensiyaya çıxdıqdan sonra neçə il yaşamaq şansının olması da, mühüm amillərdən biridir. Məsələn, yaponlar pensiyaya çıxdıqdan sonra ortalama 22 il, azərbaycanlılır isə əsas etibarı ilə cəmi 6 il yaşamaq şansına malikdirlər. Çünki Yaponiyada orta yaş həddi 89 ildir və onlar 67 yaşında pensiyaya çıxırlar. Pensiya alaraq yaşamaq haqqı Kanadada ortalama 21 il, Almaniyada isə 20 ildir. Səhv etmirəmsə, beynəlxalq hüquq normalarına görə də, insanın pensiyaya çıxdıqdan sonra 15-20 il yaşamaq şansı olmalıdır. Bu gün Azərbaycanda orta yaş həddi 71 hesab olunursa, onda pensiya yaşının 65-ə qaldırılması o deməkdir ki, Azərbaycan vətəndaşları pensiyaya çıxaraq yalnız 6 il yaşamaq şansı qazanırlar və bir çoxları, ümumiyyətlə pensiya almadan, dünyanı tərk edirlər.

Burada bir haşiyə çıxım: Səlim Müslümovun pensiya "islahatları"nın dünyaya "nümunə" olduğunu iddia etdikləri zamanlar idi, ona dedim ki, bu islahatlardan sonra Azərbaycanda, ümumiyyətlə pensiyaçılar olmayacaq. O da savabında, "sizə çatar dedi" və dediyim sözün məğzinə varmaqdan vaz keçdi. İllər sonra həqiqətəndə pensiyaya çıxdım və S. Müslümovun islahatlarının acısını öz üzərimdə hiss etdim. 40 illik iş stajımla mənə təyin olunan pensiya cəmi 167 manat oldu.

Buna görə də hesab edirəm ki, əməkçi insanların neçə yaşında pensiyaya çıxmaq məsələsini hansısa məmur, yaxud deputat həll etməməlidir və edə bilməz. Bunun üçün ciddi təhlillər, araşdırmalar aparılmalı, insan amili və onun iş şəraiti əsas şərt kimi qəbul olunmalıdır. Bizdə isə bunların heç birinə əməl olunmur. Səlim Müslümov əməkçi insanların sovet dönəmində qazandığı stajın hər ilinə görə cəmi 1 manat 94 qəpik dəyər qoydu. Bu rəqəmi hardan aldı, necə aldı heç kimi əndişələndirmədi. Səlim Müslümov hesab etdi ki, 50 il stajı olan adama 100 manat yetərli puldur. Özünün bu yarıtmaz fəaliyyətini ört-basdır eləmək üçün isə pensiyaçıları müxtəlif  koteqoriyalara bölərək, dövlət məmurlarının ən yüksək pensiya (50 il stajı olan və ayda 500-600 manat maaş alan fəhləyə 160 manat, cəmi 15 il dövlət məmuri kimi çalışın və cəmi 170-180 manat maaş alan məmura 1000-1500 manat) almasına nail oldu ki, onu dəstəkləsinlər.

Bugünlərdə müxtəlif mətbu orqanlarına şikayət edən pensiyaçıvətəndaşlarımızın da ən böyük narazılığı məhz, bu haqsızlıqlara yönəlib. Onlar hesab edirlər ki, Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təyinatı zamanı prezident İlham Əliyevin 10 mart 2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklər zamanı qəbul etdiyi müddəaları nəzərə almırlar. Belə ki, DSMF və ƏƏSMN pensiya təyinatı zamanı həmin dəyişikliklərə və əlavələrə məhəl qoymur, pensiyanı köhnə qayda ilə təyin edirlər.

Diqqətinizə çatdırım ki, bu kimi hallarla bu sətirlərin müəllifi də pensiyaya çıxdığı zaman qarşılaşıb. Bütün aidiyyəti qurumlara etdiyim şikayətlərin isə heç bir nəticəsi olmadı, çünki şikayətlərimi araşdırmaq üçün, elə şikayət etdiyim quruma göndərdilər və oradan da eyni cavablar aldım. Səlim Müslümovun vaxtında pensiya təyinatı zamanı tətbiq etdiyi metodlar barədə dəfələrlə mətbuatda da çıxış etdim, bir faydası olmadı. Preziden Aparatında Əli Həsənovun yaxınları çalışdığım media orqanının rəhbərliyinə təzyiq etdilər ki, bu yazıları yığışdırın. Bu, Səlim Müslümovun qılıncının dalının da, qabağının da kəsdiyi dövrlər idi. Görünəni odur ki, S.Müslümovun qılıncını əlindən alıb sındırdılar, özünü də atdılar dəmir barmaqlıqlar arxasına, amma onun metodları bu gün də həm DSMF-də, həm də ƏƏSMN-də  işləyir. Bu metodlardan biri də eyni koteqoriyadan olan insanlara pensiya təyinatı zamanı tətbiq olunan fərqlərdir. Bu isə o deməkdir ki, buradan korrupsiya, rüşvət, qohumbazlıq və tanışbazlıq iyi gəlir.

O ki qaldı pensiya təyinatı zamanı 2017-ci ilin iyul ayında qüvvəyə minən qanunun tətbiq olunmamasına, bu artıq cinayətdir və hər kəs buna görə məsuliyyət daşımalıdır. Məsələn, necə olur ki, üç nəfər eyni şərtlərlə pensiyaya çıxır, onlardan birinə (PA-dan tapşırılır) 670 manat, digərinə (məhkəmə qərarı ilə) 560 manat, heç kimi olmayan kasıba isə cəmi 167 manat pensiya təyin olunur? Bu suala aidiyyəti hüquq-mühafizə orqanları və DTX cavab tapmalıdır.

Sahil Babayev bu vəzifəyə təyin olunanda hamı fikirləşdi ki, bu adam qurumu Səlim Müslümovun yaratdığı bütün pisliklərdən təmizləyəcək. Alınmadı! O da, Səlim Müslümovun yolunu davam etdirməyə üstünlük verdi. Amma bir şeyi də qeyd etmək lazımdır ki, Sahil Babayev S. Müslümovun saxta pensiya və sosial yardım alanları aşkarlamaqda maraqlı görünsə də, haqsız yerə minimum pensiya almağa məhkum edilən, haqqı əlindən alınan pensiyaçıların hüququnu bərpa etməkdə bir o qədər maraqsız görünür. Bunun səbəbini anlamaq mənim üçün çox çətindir.

Aşkar görünən və bir çox ekspertlərin də təsdiq etdiyi odur ki, Azərbaycanda  pensiyaçılara layiq olduqları təminatı verməkdə nə DSMF, nə də ƏƏSMN maraqlı deyil. Məhz bu səbəbdən də, pensiya yaşının artırılmasına, eləcə də pensiyaların çox aşağı həddə olmasına hər kəs etiraz etsə də, narazılığını bildirsə də, istər parlament, istərsə də hökumət bunu eşitmək istəmir.

Bu gün Azərbaycanda normal pensiya ilə təmin olunanlar isə ümumiyyətlə pensiyaya ehtiyacı olmayan talançı məmurlar təbəqəsidir.

Əslində, belə də olmalıdır. Məmur diktaturası şəraitində yaşamağa məhkum edilən xalq, dövlətdən bundan artıq heç nə ala bilməz.

 Yusif Seyid