“Bolt”un xəritəsində ƏXLAQSIZLIQ – Kim nəzarət etməlidir? – FOTOFAKT

15:21 15-07-2021 333

Bu gün Azərbaycanda xeyli sayda onlayn taksi sistemi fəaliyyət göstərir. Telefonumuza yazdığımız bu tətbiqlər vasitəsilə istənilən yerə ünvan belə qeyd etmədən rahatlıqla minik avtomobili sifariş etmək olur.

Günü-gündən artan taksi xidmətlərinin arasında isə rəqabət durmadan artır. Bazarda rəqabət artıqca isə bəzi xoşagəlməz hallar da çoxalır.

Bu çatışmazlıq barədə redaksiyamıza bir-neçə müştəri şikayət edib.

Belə ki, Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərindən biri olan "BOLT SERVICES AZ" şirkətinə məxsus taksi xidmətnin elektron xəritəsində bəzi ünvanlar nalayiq ifadələrlə göstərilir. Bu əslində şirkətin digər xidmətlərinə məxsus xəritələrdə də üzə çıxır.

Bizim.Media şikayəti əsas götürərək, bu barədə araşdırma aparıb. Həqiqətəndə “Bolt taksi” xidmətinin tətbiqində gediləcək ünvan yerinə qeyri-etik ifadələr yazdıqda, real ünvanlar çıxarır.

Bundan başqa tətbiqdə açıq şəkildə əxlaqsızlıq yuvası adı altında da ünvana rast gəlmək mümkündür. 

Bu cür xoşagəlməz halların digər tətbiqlərdə olub – olmaması haqqında kiçik bir araşdırma apardıqdan sonra məlum oldu ki, bu hal ancaq “Bolt” sistemində yaşanır. Digər taksi xidmətlərində isə bu cür adlara rast gəlmək mümkün deyil. Maraqlısı isə Google xəritədə də bu qeyri etik ifadələrlə ünvanlar işarələnib. 

Qeyd edək ki, “Google map” veb xəritə tətbiqetməsidir.

Xəritə Google şirkəti  tərəfindən hazırlanır və bir çox xidmətləri özündə birləşdirir (Google Maps saytı, Google Ride Finder, Google Transit).

Məsələ ilə bağlı müraciət etdiyimiz taksi sürücüləri tətbiqdə yerləşdirilən xəritə sisteminin məhz şirkətə aid olduğunu qeyd ediblər. Bu cür adların xəritəyə salınması barədə suala cavab olaraq sürücülərdən biri deyib ki, bu müəyyən məbləğ qarşısında həll edilməyi mümkün olan məsələdir.

“Kimin kimdən xoşu gəlmir müəyyən məbləğlə onun ünvanını xəritədə istənilən sözlə əvəz edə bilir. Digər müştərilər həmin ünvanı qeyd edəndə isə qeyri-etik ifadələrlə yanaşı o şəxsin adı da ekranda əks oluna bilir”.

Problemə münasibət bildirən Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz Taksi şirkətlər üçün mütləq şəkildə istifadə etmələri üçün vahid proqram olmadığını deyib.

“Xüsusi proqram təminatları var. Bu naviqasiya və xəritə proqramları həm xarici şirkətlər, həm də yerli mütəxəssislər tərəfindən tərtib olunur. Taksi şirkətlər üçün mütləq şəkildə istifadə etmələri üçün vahid proqram yoxdur. Hər şirkət hansı proqram vasitəsilə çalışacağını özü müəyyən edir. Artıq hər şirkət özü bu proqram təminatının istismarı və necə istifadə olunmasına nəzarət etməlidir. Orada hansı adların olması isə artıq taksi və mobil tətbiqi hazırlayan şirkət arasında bağlanan müqavilə əsasənda tənzimlənə bilər. Burada daha çox məsuliyyət xəritəni hazırlayan şirkətin üzərindədir”.

Mütəxəssis həmçinin bildirib ki, bu dəyişikliklər ancaq proqramı sifariş edən taksi və xəritəni hazırlayan şirkət tərəfindən edilə bilər. 

“Əgər proqram tərtibatçısı orada hər hansı bir dəyişiklik etmək üçün imkan qoyubsa və bu hüququ sifariş verən şirkətə veribsə, onda orada hər hansı bir əlavələr etmək mümkündür. Məsələn Google Xəritənin də bəzi tədbiqlərində də bu var. Orada elə xəritələr var ki, vətəndaş xəritəyə daxil olub, istənilən dəyişikliklər edə bilər. Lakin elə xəritələr var ki, bu mümkün deyil, dəyişikliklər ancaq şirkət tərəfindən edilir. Bundan başqa Google xəritəsinin redaktəyə icazə verilən versiyasında bir nöqtəni nə qədər çox insan eyni adla işarə etsə, bir müddətdən sonra o ünvan xəritədə o adla görünə bilir. Bir sözlə bu cür xoşagəlməz adların yaşanmaması üçün proqram tətbiqinə şirkət ciddi şəkildə nəzarət etməlidir”.

Məsələyə münasibət öyrənmək üçün “"BOLT SERVICES AZ" şirkəti ilə əlaqə qurmaq cəhdlərimiz uğursuz oldu. Xidmətin resursunda göstərilən əlaqə telefonu zənglərimizə cavab vermədi.

Araşdırmamız isə davam edir. Hüquq-mühafizə orqanlarının, mütəxəssilərin və şirkətin fikirlərinə redaksiyamız açıqdır.

Mənbə Bizim.Media