Azərbaycan Dərman zavodlarının taleyi necə oldu?

14:00 17-07-2021 90

Pandemiya şəraiti dərman istehsalının nə qədər vacib bir sahə olduğunu bir daha ortaya qoydu. Azərbaycanda isə təəssüf ki, bu inkişaf etməyən sahələrdən biri olaraq qalmaqdadır.

Ölkədə istehlak olunan dərman pereparatlarının təxminən 95 faizi idxal olunur və bunun üçün küllü miqdarda vəsait xarici ölkələrə “axır”. Təkcə Dövlət Gömrük Komitəsinin statistikasına baxsaq, mənzərə aydın olar.  

Belə ki, 2021-ci ilin yanvar-may aylarında xarici ölkələrdən Azərbaycana 9912 ton əzcazçılıq məhsulu gətirilb. Bunun üçün isə 199 milyon dollardan çox vəsait ödənilib.

Dərman istehsalının genişləndirilməsinin daha vacib tərəfi isə əhalinin sağlamlığı ilə bağlıdır. Qeyd edək ki, Azərbaycana daha çox dərman ixrac edən ölkələr Rusiya, Türkiyə və Hindistandır. Azərbaycana Avropa ölkələri və ABŞ-dan da dərman pereparatları idxal olunur, amma bunlar əsasən ölkədə yüksək qiymətlərlə satılır.

Amma hətta yüksək qiymətlərlə Avropadan gətirilən dərmanların belə Azərbaycanda effekt vermədiyi, istehsalçı ölkələrdə onların daha təsirli olduğu deyilir. Ekspertlərin sözlərinə görə, bunun səbəbi odur ki, xarici ölkələrdə hər bir ölkənin alıcılıq qabiliyyətinə uyğun dərmanlar istehsal olunur. Yəni eyni adda olan, Avropada istehlak olunan dərmanla Azərbaycanda istifadə olunan dərmanda doz fərqi olur. 

Azərbaycanda isə dərman istehsalına start verilməsi istiqamətində dəfələrlə addımlar atılıb.

1998-ci ildə Səhiyyə Nazirliyi Türkiyə əczaçılıq sənayesi şirkətlərinin iştirakı ilə "AzərFarm LTD"-ni  təsis edilib. Şirkət əsasən digər ölkələrdən idxal olunmuş yarımfabrikat məhsulların ikinci istehsalını həyata keçirir. 

Təqribən 3 il əvvəl isə ölkəmizdə əzcazçılıq məhsullarının istehsalının genişlənəcəyinə ümidlər daha da artdı. Bu istiqamətdə Rusiya və İranla müqavilələr bağlandı, istehsal kompleksləri istifadəyə verildi. Təəssüf ki, bu addımlar da ölkəmizdə dərman istehsalına ciddi töhvə verə bilmədi. 

Bir faktı da qeyd edək ki, bir neçə il öncə mediada yayılan məlumatlarda qeyd edilirdi ki,  “Azərfarm” LTD əczaçılıq şirkəti özünə məxsus dərmanların səhv salınması və satışa çıxarılması ciddi araşdırmalara səbəb olmuşdu. 

Belə ki, şirkət buraxdığı dərmanların bir neçəsinin etiketini yanlış vurub. O zaman firmada yoxlamalar gedib və məsul şəxslər barəsində cinayət işi başlanmayıb. Mediada yayılan xəbərlərdə bildirilir ki, firma öz səhvini düzəltməyə çalışıb.

Ölkənin ən məşhur dərman firması “Peregidrol” 30 faizlik və “Kalsium xlorid” dərmanlarının etiketində yanlışlığa yol verib. Həmin vaxt mediada gedən məlumatlara görə, anbardan səhv etiketlə satış üçün apteklərə paylanılan bütün eyni adlı dərmanlar geri çağırılıb. O zaman bir çox aptekdə sözügedən dərmanların satışı dayandırılıb. 

Qeyd edək ki, bir sıra ekspertlər hesab edir ki, Azərbaycanda dərman istehsalı ilə bağlı addımların uğursuzluğa düçar olması onun tərəfdaş seçimi ilə bağlıdır.

Belə ki, nə İran, nə də Rusiya dünyada məşhur dərman istehsalçıları kimi tanınmır. Bu istiqmətdə hətta Hindistan şirkətləri ilə belə əməkdaşlığa başlanılmasının daha uğurlu ola biləcəyi qeyd edilir.

Azərbaycan Tibb Universitetinin Formokologiya fakültəsinin dosenti Aydın Əliyev Bizim.Media-ya açıqlamasında ölkəmizdə dərman istehsalına başlanılmasını vacib hesab etdiyini bildirib: 

“Bu yalnız ölkədə səhiyyənin inkişafına deyil, həm də elmin inkişafına təkan verə bilər. Dərman istehsalında təkcə formkoloqlar deyil, bioloqlar, riyaziyyatçılar, kimya, fiziologiya, fizika məşğul olanlar da iştirak edirlər. Sovet dönəmində indiki Bakıxanov qəsəbəsində böyük dərman zavodu var idi. İndi də dərman istehsalı müəssisələrinin yaradılması və inkişafı vacibdir. Bizdə problem ondadır ki, elmlə, istehsalın birliyi yoxdur. Alimlər başqa yerdə “oturur”-lar, istehsalla məşğul olanlar başqa yerdə. Nazirliklər əlaqəsiz fəaliyyət göstərirlər”.

Aydın Əliyev Azərbaycanda elmi tədqiqat formokologiya institutunun açılması təklifi ilə çıxış edir.

Formokoloq alim deyir ki, Azərbaycanda dərman istehsalının başlanması həm də keyfiyyətsiz dərmanlardan istifadəyə son qoyacaq:  “Biz özümüz öz əhalimizə keyfiyyətsiz dərman verə bilmərik. Bu həm də dərman idxalı monopoliyasının qarşısını alar”.