Təhsil Nazirliyi Abşeronda qalmaqallı direktoru araşdırır

14:02 17-07-2021 513

Təhsil Nazirliyi Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədovanın fəaliyyətini təftiş edir.

MillətinSəsi.info-nun xəbərinə görə, direktorun məktəbdə işləyən müəlliməyə qarşı təhqiramiz sözləri və audio yazının yayılması Nazirliyi hərəkətə keçirib.

Roza Məmmədovanın məktəbdə qanunsuz hallara yol verdiyi də bildirilir. Onun aqibəti araşdırmaların yekununda bilinəcək. Onun işçilərə münasibətdə qaba olduğu deyilir. Ona görə kollektiv direktordan narazıdır. Onun səs yazısında işçisinə pozğun söylədiyi məlum olub. Hazırda nazirlik araşdırma aparır.

Qeyd edək ki, bir neçə gün öncə mediada yayılan məlumatlara görə, Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova özbaşınalıqda və rüşvətxorluqda ittiham olunur.

Sözügedən məktəbin direktor müavinləri müraciətlərində bildiriblər ki, Roza Məmmədovanın qanunsuz əməllərindən və məktəb daxilində yaratdığı intriqalardan təngə gəliblər. Artıq onunla birgə çalışmaq mümkünsüz hal alıb.

Şikayətçilər baş verənlərlə bağlı bu ilin iyunun 25-də Təhsil Nazirliyinə rəsmi müraciət etsələr də, nə onların məktubuna cavab gəlib, nə də direktorla bağlı ölçü götürülüb. 

Qadın müavinlərin iddiasına görə psixoloji durumunda problem olan Roza Məmmədoava işçilərlə davranışını qarğış və təhqir üzərində qurub.



Tez-tez aşağılandıqlarından gileylənən müavinlər məktəbdə “at oynadan” direktorun barəsində tədbir görülməsi tələbi ilə çıxış ediblər:

“Məktəbdə qanunsuzluq baş alıb gedir. Yeni təyin olunan müəllimlərdən pul istənilir, hər işçidən 5 manat qəzet pulu alınır, analıq məzuniyyətinə çıxmış müəllimin yerinə yeni gələn qeyri-qanuni daimi işə təsdiqlənir. Hansı ki, iyunun 15-də əmri verilib və sentyabrdan işə gələcək. Əslində o müəllimlə işmiz yoxdur. Məktəbimin bütün müəllimləri etikalı və yaxşı insanlardır. Sadəcə Roza müəllimənin haqsız əməllərindən və çirkin davranışlarından yorulmuşuq. Onunla işləyə bilmirik. Bütün “zavuç “lar onun əlindən yığılıb. Qadın müavinlərə kişi müəllimləri yanında nalayiq və əxlaqsız sözlər deyir. Bizi incidən budur. Hamımızın ailəsi var, xəbərləri olsa, vəziyyət daha betər olar. Təsəvvür edin, qadınının əxlaqsız olduğunu eşidən ər nə etməz? Tələbimiz odur ki, direktorun bu əməllərinin qarşısı alınsın”.

2 ildir Roza Məmmədova ilə çalışdığını deyən müavinlərdən biri direktorun haqsızlıqlarına daha göz yuma bilmədiyini qeyd edib:

“Dəfələrlə haqqın tərəfində olmuşam. Roza müəllimə isə hər kəsin yanında məni aşağılayaraq “başa düşmürəm meşədə ayının tərəfindəsən, ya meşənin” deyərək qəsdən müəllimlərlə aramızda intriqa yaradır. İki müəllimi qanunsuz işə götürüb və onlardan rüşvət alıb. Amma yanımızda “Qurani -Kərim”i götürüb and içir ki, heç kimdən guya 1 qəpik belə pul almayıb. Bu adama həqiqəti sübut etmək də müşkül məsələdir. Direktorla höcətləşmirəm, onunla qalmaqaldan uzaq qalmağa çalışıram. Amma əsəblərim daha dözmür. Sağlamlığımla bağlı əziyyət çəkirəm. Haqqımda kişi müəllimlərin yanında mənfi rəy formalaşdırıb. Məni pozğun kimi qələmə verib. Bir sözlə psixozla işləyirik. Elə bilirəm yeni direktor gəlsə, bundan yaxşı olacaq”. 



Roza Məmmədovanın Abşeronda 5 məktəb dəyişdiyini vurğulayan xanım müavin onun rüşvət səbəbindən işindən çıxarıldığını bildirib:

“3 ildir ki, bizim məktəbə göndərilib. Hərc-mərclik, dedi-qodu, təhqir və hər şey eşidirik. Vakant olmadığı halda müəllim gətirir. Dərs saatlarımızı əlimizdən alır. Bu insan məktəbdə sağlam emosiya ilə mühit yarada bilmir. Ancaq öz cibini və xeyrini güdür. Bütün müəllimləri və işçiləri təzyiq altında saxlayır. Təhsil Naziriyinə də Roza müəllimənin özbaşınalıqlarından şikayətlənmişik. Amma məktubumuza cavab gəlməyib. Sadəcə nazirlikdən direktorun özünə zəng olunub və şikayətimizlə bağlı ona xəbər verilib.

Nazirliyin Daxili nəzarət şöbəsi məktəbdə iki gün yoxlama aparıb və kifayət qədər nöqsanlar aşkarlayıb. 32 nəfər texniki işçi siyahısı ortaya çıxıb. Halbuki məktəbdə 12 texniki işçi işləyir. Qalan 20 nəfər işə gəlməyən, ölü canlardır. Təhsil Nazirliyi bu qanunsuz faktı da aktlaşdırıb. Amma direktorun bu hərəkətləri ilə bağlı nəticə yoxdur”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, Roza Məmmədovanın adı əvvəllər də qalmaqallarda çəkilib. O, bundan əvvəl Xırdalan şəhər 8 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.